Nemtsov: “Rusiya addım-addım Çinin xammal əyalətinə çevrilməkdədir”
Rusiya Çinin Şərqi Sibirdəki Vankor yatağında səhmdar olmaqla bağlı planlarını dəstəkləyəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin hökumət başçısı Can Qaoli ilə «Sibirin gücü» qaz kəmərinin təməlqoyma mərasimində görüşü zamanı bəyan edib. Bu qaz kəməri vasitəsilə Rusiya qazı Çinə nəql olunacaq. Qazın nəqlinə 2019-cı ildə başlanılacaq.
Putin Qaolinin diqqətinə çatdırıb ki, Rusiya Çinlə Şərqi Sibirdə enerji sahəsində daha sıx əməkdaşlıq etməyə hazırdır: «Rosneft»in rəhbəri İqor Seçin mənə dedi ki, o, sizə bizim ən böyük neft şirkətlərimizdən birində səhmdar olmağı təklif edib. Rusiya dövləti bu cür layihələri dəstəkləyəcək. Biz Çinin Rusiyanın enerji layihələrində iştirakını alqışlayırıq».
Putin qeyd edib ki, Çinin səhmdar olacağı «Vankor» şirkəti Rusiyanın ən böyük və perspektivli şirkətlərindəndir. «Biz xarici tərəfdaşların bu cür layihələrə buraxılmasına ehtiyatla yanaşırıq. Amma Çindən olan dostlarımız üçün heç bir istisna yoxdur», deyə Putin vurğulayıb.
Qaoli isə öz növbəsində bildirib ki, Çinin Rusiya ilə əməkdaşlığı strateji mahiyyət daşıyır və uzun müddətli, dayanıqlı və stabildir.
Vankor yatağı Rusiyanın Krasnoyarsk vilayətində yerləşir. Yataq 1988-ci ildə kəşf edilib və dünya üzrə quruda kəşf edilən ən böyük yataqlardan biri sayılır.
İlkin hesablamalara görə, Vankor yatağındakı neft ehtiyatı 500 milyon bareldir. Təbii qazın miqdarı isə 180 milyard kubmetrdir.
Rusiya ilə Çin arasında bağlanan bu müqaviləyə Rusiyanın müxalifət lideri Boris Nemtsov öz facebook səhifəsində münasibət bildirib. Onun fikrincə, Putinin siyasəti Rusiyanı tədricən Çinin xammal mənbəyinə çevirir:
«Rusiya addım-addım Çinin xammal əyalətinə çevrilməkdədir. Putin bəyan edib ki, Çin Şərqi Sibirdəki ən böyük Vankor yatağının işlənməsi üzrə yaradılan şirkətin səhmdarına çevrilir. Yataq gün ərzində 25 milyon barel neft verə bilər. Borc içində batan «Rosneft» hasilatdakı payının bir hissəsini Çinə verməyə məcburdur. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar üzündən «Rosneft» borclarını ödəyə bilmir və ölkənin strateji resurslarını qonşusuna satır. Belə getsə, tezliklə Uzaq Şərq və Sibir tam formada Çinə veriləcək. Amma nə olsun, Krım ki bizimdir», - deyə Nemtsov istehza ilə qeyd edib.