Sumqayıt şəhər Baş Polis İdarəsində avqustun 13-də iki aylıq körpəsi oğurlanmış Aysel Səfərova ilə körpəni oğurladığını ehtimal olunan qadının üzləşdirilməsi keçirilir.
APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu səhər Aysel Səfərova 2 aylıq körpəsi ilə Sumqayıt şəhər Baş Polis İdarəsinə dəvət olunub. İdarədə körpənin oğurlanmasının təfərrüatları aydınlaşdırılır. APA TV körpənin və onu oğurlayan qadının fotolarını eksklüziv olaraq təqdim edir.
Qeyd edək ki, avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə dünən Binəqədi ərazisində tapılıb. Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu ogurlayan qadın saxlanılıb.
Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib. O, övladı olmadığını, körpəni övladlığa götürmək üçün qaçırdığını deyib.
Avqustun 13-də Sumqayıt şəhərində Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.
Aysel Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb.