“Xəzərin şimalında Rusiyanın hərbi təlimlərə başlaması hər iki respublikaya təhdid ola bilər”.
Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Rusiyanın Xəzər dənizinin şimalında hərbi təlimlərə başlamasını şərh edərkən dedi.
Onun sözlərinə görə, bu, Azərbaycana təhdid ola bilər: “Putin ölkəsinin iqtisadi vəziyyətini düzəltsin, yollar çəksin. Dünya ölkələri tərəfindən təcrid olunan ölkəsini qorusun. Amma bunun əvəzində silah oynadır. Bu dəqiqə Azərbaycan-Rusiya münasibətlərində inkişaf, amma Qazaxıstan-Rusiya əlaqələrində gərginlik hiss olunur. Ona görə də Xəzər dənizinin şimalında Rusiyanın hərbi təlimlərə başlaması NATO zivəsinin davam etdiyi bir zamanda hər iki respublikaya təhdid ola bilər”.
Rusiyanın üzük qaşı kimi ABŞ və Qərb tərəfindən mühasirəyə alındığını bildirən politoloq Rusiyanın bir addım da atarsa, fəlakətlə üzləşəcəyini qeyd edib: “Artıq qərarlar hamısı göz qabağındadır. Sanksiyalar şiddətlənib, NATO şərqi Avropada və Baltikyanı ölkələrdə bazalarını yerləşdirir. Rusiyanın demək olar ki, bütün sərhədlərində ABŞ qoşunları var. Əgər Rusiya bundan sonra yenə də azğınlıq edərsə, o zaman NATO daha sərt tədbirləri gözdən keçirəcək. Sadaladığım ərazilərdə canlı qüvvələr yerləşdirilməsindən əlavə NATO başqa tədbirlərə də əl ata bilər”.