RUSİYANI GÖZLƏYƏN FƏLAKƏT... - Üç ssenaridən hansı baş verəcək?

21-08-2022, 11:57   




Sanksiyalar və beynəlxalq təcrid Rusiyanı ağır iqtisadi uçuruma doğru sürükləməkdədir.

Ukraynaya qarşı başlatdığı müharibəyə görə problemlər yaşayan Rusiya iqtisadiyyatı böhranlı vəziyyətdədir. İdxal çöküb, ÜDM-in təxminən beşdə ikisini təşkil edən şirkətlər isə ölkəni tərk edib gedib. Beynəlxalq hesabatlara görə, Qərbin görünməmiş sanksiyalarının yaratdığı vəziyyət Rusiya iqtisadiyyatını çökdürür. Rusiya rəsmiləri bu ilin sonuna kimi iqtisadiyyatın 9 faiz azalacağını etiraf edirlər. Maraqlıdır ki, Kreml rəhbərliyinin maliyyə artımı, rusların rifahının yaxşılaşması kimi bəyanatları Rusiya İqtisadiyyat Nazirliyinin proqnozları ilə üst-üstə düşmür.

Analitiklər hesab edir ki, Rusiyanın müharibədən sonrakı iqtisadi ziyanı çoxlarının düşündüyündən də qat-qat çoxdur. Kreml isə işğaldan sonra iqtisadiyyatla bağlı yaydığı rəsmi məlumatların sayını azaldıb və nəticələri ört-basdır etməyə çalışır. İşğaldan sonra rəsmi iqtisadi hesabatlar getdikcə daha diqqətlə tərtib olunur. Siyasilər əlverişsiz rəqəmləri hesabatlardan çıxarır və yalnız əlverişli olanları açıqlayırlar.

Xatırladaq ki, müharibə başlayandan sonra 1000-dən çox şirkət Rusiyadan çıxıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 600 milyard dollardan çox, yəni ÜDM-nin təxminən 40 faizi həcmində azalıb. Hazırda Rusiya rublunun məzənnəsi möhkəm görünsə də, bu, iqtisadiyyat üçün müsbət nəticələrə səbəb ola bilmir. Rusiya neft və qaz satışından xarici valyuta ala bilir, amma bu pulları effektli şəkildə xərcləmək mümkün deyil. Çünki sanksiyalar üzündən Rusiya idxal-ixrac əməliyyatlarını yalnız məhdud həcmdə apara bilir.

Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Rusiya iqtisadiyyatını nələr gözləyir?

Artıq Rusiya mediasında da müharibənin və sanksiyaların vurduğu ziyandan geniş bəhs edilir. Məsələn, “Rosbalt” yazır ki, qısa müddətdə dərman və qida təminatında ciddi çatışmazlıq müşahidə olunacaq. Çünki ölkə xaricdən gələn dərmanlardan asılıdır. Qida məhsullarının isə 60 faizdən çox hissəsi xaricdən alınır. Rusiyada işsizlik dalğası ola bilər. Çünki ölkədə elə bir sənaye sahəsi yoxdur ki, xarici şirkətlərlə bağlı olmasın.

Bu arada Rusiya hakimiyyətinə yaxın analitiklərin hazırladıqları hesabat da şok effekti doğurub. Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin (CMASF) hesabatında 2022-2030-cu illər üçün dünya və Rusiya iqtisadiyyatında yaşanacaq ssenarilər təqdim edilib. Mərkəz əməkdaşlarının uzaq perspektivlə bağlı proqnozları daha maraqlıdır. Cari onillikdə CMASF Rusiya üçün üç ssenarini proqnoz edir. 

Birinci ssenari Avtarkiya”dır. Onun baş vermə ehtimalı 10-15 faiz götürülür. Bura texnoloji səviyyənin tənəzzülü, istehsal olunan məhsulların istehlak və istismar xüsusiyyətlərinin azalması və əhalinin həyat səviyyəsinin aşağı düşməsi daxildir. 

İkinci ssenari “İnstitusional ətalət”dir. Onun baş vermə ehtimalı isə 45 faizdir. Məlumdur ki, Rusiyada iqtisadi və xarici siyasət sahəsində qeyri-sabitlik səviyyəsi o qədər yüksəkdir ki, hər hansı bir ardıcıl “inkişaf siyasəti” həyata keçirmək, demək olar ki, mümkün deyil. Yalnız makroiqtisadi və maliyyə (ticarət balansı, məzənnə, inflyasiya) sabitliyini qorumaq, büdcə öhdəliklərinin davamlı maliyyələşdirilməsini təmin etmək olar. 

Üçüncü variant - “İnkişaf üçün mübarizə”dir. Bu varianta görə, böhrandan əvvəlki standartlar artıq 2026-cı ildə bərpa olunacaq, 2030-cu ildə isə ÜDM və istehlak 2021-ci ilin səviyyəsini 10-14 faiz ötəcək.

İlk rübdə iqtisadiyyat geriləyib

Reallıq isə budur ki, Ukraynaya hərbi təcavüz Rusiya iqtisadiyyatını dörd il geri salıb və tarixdə ən uzun tənəzzüllərindən birinə səbəb olub. ÜDM bir il ərzində ilk dəfə illik 4,7 faiz azalıb. Müharibə səbəbiylə beynəlxalq sanksiyalar ticarəti pozub və avtomobil sənayesini iflic vəziyyətinə salıb, istehlak xərcləri isə aşağı düşüb.

İqtisadiyyatda tənəzzül hələ şiddətli olmasa da, Mərkəzi Bank tənəzzülün qarşıdakı rüblərdə daha da dərinləşəcəyini proqnozlaşdırır və gələn ilin ikinci yarısına qədər bərpa gözləmir. Rusiyaya qarşı ən pis sanksiya texnologiyalara çıxışın məhdudlaşdırılması ola bilər. Bu, Rusiya iqtisadiyyatının bir az da daralmasına gətirib çıxaracaq.

Putinin hakimiyyəti zəifləyəcək

Qərbdə hesab edirlər ki, qarşıdakı illərdə Rusiyada Vladimir Putinin hakimiyyəti zəifləyəcək. Norveçin Fridof Nansen İnstitutunun direktoru, Rusiya üzrə ekspert İver Neuman bu fikirdədir. 

O hesab edir ki, Putinin ölkə iqtisadiyyatında islahatlar aparmaqdan imtinası, qonşu ölkənin ərazisini işğal etməsi onun rejiminin “sonunun başlanğıcı” ola bilər. Ancaq ekspert bunun vaxtını proqnozlaşdırmağın çətin olduğunu da sözlərinə əlavə edib.

“Putin 22 il öncə hakimiyyətə gələndən iqtisadiyyatda çox az şey baş verib. Putin kimi təlim görmüş marksistin maddi faktorların vacibliyini anlamaması məni heyrətləndirir”, – deyə Neuman bildirib. 

O əlavə edib ki, “Putin Qərbin iqtisadiyyatı olacaq, bizimsə “iradəmiz, əzmimiz. Dəyanət göstərəcəyik” deyib. Ancaq belə alınmayacaq. Buna görə düşünürəm ki, bu, Putin rejiminin sonunun başlanğıcıdır”.

Putindən sonra nə olacaq?

Təhlilçilər Rusiyada Putindən sonra nə olacağını proqnozlaşdırmaqda da çətinlik çəkirlər. Neuman hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnının da “tipik Rusiya lideri obrazına tam uyğun gəlmədiyini” düşünür. 

Navalnının Antikorrupsya Fondu Rusiyada qadağan olunub, özü isə siyasi motivli hesab edilən ittihamlarla həbsdədir. Norveçli təhlilçi deyir ki, korrupsiyaya qarşı mübarizəsinə baxmayaraq, Navalnı da bəzilərinin inandığı kimi, Qərbə dost olmaya bilər.

“Navalnı həbsdədir, onun hərəkətləri maraqlıdır. Ancaq o da tam qərbyönlü deyil, siyasi fəaliyyətə millətçi kimi başlayıb. Navalnının Pyotra daha çox oxşadığını düşünürəm”, – deyə Neumann vurğulayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar