Paşinyan üçtərəfli anlaşmanı qüvvədən salır: Rəsmi Bakı Laçın dəhlizini qapatmalı olacaq

10-11-2022, 17:42   


Ermənistan yekun sülh sazişini imzalamaqdan uzun müddət yayına bilməz, çünki bu halda, yeni savaş qaçılmaz xarakter daşıyacaq... Rəsmi Bakının Rusiya sülhməramlı qüvvələrini tezliklə Azərbaycan ərazisindən çıxartmaq qərarı verdiyi artıq qətiyyən şübhə doğurmur...

Cənubi Qafqaz regionunda “nə hərb, nə sülh” vəziyyəti yeni mərhələyə keçid ərəfəsindədir. Yaxın aylarda regionda sülh prosesinin ön plana keçəcəyi, yoxsa, yenidən müharibənin başlayacağı böyük ölçüdə dəqiqləşəcək. Və Azərbaycan demək olar ki, bu variantların hər ikisinə hazırdır.

Təbii ki, ən sərfəli variant sülh prosesinin ön planda olmasıdır. Çünki bu halda, onilliklər boyu davam etmiş bir regional problem birdəfəlik nizamlanacaq. Cənubi Qafqaz sülh və sabitlik şəraitində yeni inkişaf mərhələsinə keçmək şansı qazanacaq. Və bu halda, region dövlətlərinin hər birisi üçün yeni dövr başlamış olacaq.

Ancaq Cənubi Qafqazda sülh və sabitlik dövrünün başlamasına qarşı ciddi müqavimət də mövcuddur. Xüsusilə də, Rusiya regiona nəzarət mexanizmlərini itirmək təhlükəsindən yayınmaq üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini israrla əngəlləməyə çalışır. Eyni zamanda, Fransanın da səhnəarxası dəstəyi ilə Kreml regionda geopolitik gərginliyi maksimum həddə çatdıra biləcək təxribatçı manevrlər edir.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Digər tərəfdən, 44 günlük savaşda biabırçı məğlubiyyətə uğramış Ermənistan da sülh prosesinin mümkün qədər uzadılmasında maraqlıdır. Rəsmi İrəvan ümid edir ki, əgər, sülh sazişinin imzalanması ləngiyərsə, hansısa mərhələdə Ermənistanın maraqlarına uyğun situasiya yarana bilər. Və bu səbəbdən də, Rusiyanın təxribatçı manevrlərinə uyan Ermənistanın davranışları ucbatından Cənubi Qafqazda savaş təhlükəsi aktual olaraq, qalmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı sülh variantını dəstəkləsə də, Azərbaycan savaş təhlükəsindən qətiyyən çəkinmir. Prezident İlham Əliyev son açıqlamasında birmənalı şəkildə vurğuladı ki, Azərbaycan ordusu hazırda 44 günlük savaşda qalib gəldiyi 2020-ci ildə olduğundan daha güclüdür. Yəni, savaşın başlayacağı təqdirdə, cəmisi iki il əvvəl darmadağın edilsə də, yenidən bərpa olunmayan Ermənistan bu dəfə daha güclü Azərbaycan ordusu ilə üz-üzə qalmalı olacaq.

Azərbaycan Prezidenti onu da vurğulayıb ki, Ermənistan heç kimə ümid bəsləməməlidir. Ermənistana heç bir dövlət və ya beynəlxalq qurum dəstək verə bilməyəcək. Çünki, Cənubi Qafqazda Azərbaycanın hərbi-siyasi iradəsi hegemondur. Bu regionda hansı geopolitik proseslərin cərəyan edəcəyini məhz rəsmi Bakı müəyyən edir.

Prezident İlham Əliyev bu mövzuda Ermənistanla yanaşı, Rusiyaya da sərt mesaj göndərib. Azərbaycan lideri bildirib ki, rus sülhməramlı qüvvələri bölgədə müvəqqətidir və onların regiondan çıxarılacağı vaxt 10 noyabr üçtərəfli anlaşmasında göstərilib. Yəni, Ermənistana məsləhət görülür ki, Rusiyaya çox da ümid bəsləməsin, Azərbaycan regionun gələcək taleyi ilə bağlı yeni və prinsipial qərar verdiyi təqdirdə, Kreml buna müqavimət göstərə bilməyəcək.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Maraqlıdır ki, Azərbaycan liderinin son açıqlamaları Ermənistan cəmiyyətində və siyasi dairələrində ciddi narahatlıq doğurub, hətta panik durumun yaşandığı da müşahidə edilir. Hətta Ermənistan baş naziri Nikol Paşinyan tez-tələsik rəsmi Bakının sərt mesajlarından bəzilərinə reaksiya vermək məcburiyyətində qalıb. Erməni baş nazir iddia edib ki, rəsmi Bakının geopolitik iddiaları regionda vəziyyəti gərginləşdirir.

Eyni zamanda, baş nazir Nikol Paşinyan rus sülhməramlılar barəsində də anormal iddia irəli sürüb. O, bildirib ki, guya üçtərəfli anlaşmada Rusiya sülhməramlı qüvvələrinin bölgədə qeyri-müəyyən müddətə yerləşdirilib. Belə anlaşılır ki, erməni baş nazir indiyə qədər imzaladığı bütün rəsmi sənədləri ya oxumayıb, ya da Ermənistana sərfəli məzmunda şərh etməyə çalışır.

Məsələ ondadır ki, 10 noyabr anlaşmasında Rusiya sülhməramlı qüvvələrin bölgəyə cəmisi 5 illik müddətə yerləşdirildiyi qeyd olunub. Ardıncasa, əlavə olunur ki, əgər, tərəflərdən hər hansı birisi bu vaxtın bitiminə 6 ay qalmış Rusiya sülhməramlı qüvvələrin çıxarılmasını tələb etməzsə, müddət daha beş il müddətinə uzadıla bilər. İndi Ermənistanda da artıq anlayırlar ki, rəsmi Bakı müddətin bitiminə 6 ay qalmış Kremldən Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcək. Və ona görə də, rəsmi İrəvan ciddi şəkildə narahatdır.

Daha bir önəmli məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinin açıqlamsı ilə bağlı öhdəliyinin olduğunu bildirib. Baş nazir Nikol Paşinyan isə heç bir sənədlə belə bir öhdəlik götürmədiyinə hər kəsi inandırmağa çalışır. Üstəlik də bildirir ki, Ermənistan öz suverenliyinə ziddi şəkildə dəhliz verməyəcək. Erməni baş nazir əgər, rəsmi Bakı bununla razılaşarsa, bir neçə ərazidə nəzarət-buraxılış məntəqəsi yaratmağa hazır olduğunu da vurğulayır.

fdc52c86d90390737395d6884c1746a1.jpg (99 KB)

Təbii ki, rəsmi Bakı Paşinyan hakimiyyətinin bu “kaprizlər”inə uzun müddət səbr etmək niyyətində deyil. Çünki, erməni baş nazirin dediyinin əksinə olaraq, 10 noyabr üçtərəfli anlaşmasında Rusiya sərhəd qoşunlarının nəzarəti altında açıqlacaq dəhliz çox aydın şəkildə təsvir olunub. Və erməni baş nazir həmin sənədi imzalamaqla, Ermənistanın üzərinə öhdəlik götürüb.

Maraqlıdır ki, erməni baş nazir rəsmi Bakını Laçın dəhlizini qapatmaq üçün zəmin hazırladığını da iddia edib. Halbuki, rəsmi Bakı qətiyyən belə bir zəmin hazırlamır. Əksinə, Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaları icra etməməklə, həmin sənədləri Ermənistana uyğun “saxta məzmun”da yozmaqla, rəsmi Bakını Laçın dəhlizini bağlamaq məcburiyyətində qoyur.

Paşinyan hakimiyyəti elə bilir ki, suverenlik yalnız Ermənistana aid məsələdir. Rəsmi İrəvan unudur ki, Azərbaycanın da suveren hüquqları və maraqları var. Rəsmi İrəvan suverenlik bəhanəsi ilə Azərbaycana Ermənistan ərazisindən öhdəlik götürdüyü dəhlizi vermək istəmir. Deməli, rəsmi Bakı da Azərbaycanın suverenliyini ön plana keçirərək, Laçın dəhlizində nəzarət-buraxılış məntəqələri qurmaq hüququna malikdir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizindən fərqli olaraq, Laçın dəhlizi Azərbaycan ərazisindən məhz Azərbaycan ərazisinə gedən marşrutdur.

Bütün bunları nəzərə aldıqda, Ermənistanı məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi ilə birləşdirən Laçın dəhlizinin olması siyasi-hüquqi baxımdan, tamamilə absurddur. Əgər, rəsmi İrəvan Zəngəzur dəhlizinin açıqlamsından imtina edərsə, Laçın dəhlizi də ən qısa zaman ərzində qapadılmalıdır. Yəqin ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamazsa, rəsmi Bakı Laçın dəhlizini bağlamalı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar