Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Musavat.com-un xəbərinə görə, cinayət dosyesi hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Elçin Qəmbərov 2022-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, "Mərkəz" vəkil bürosunun rəhbəri olub. Elçin Qəmbərova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. E.Qəmbərovun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb.
İş üzrə şahid qismində "Mərkəz" vəkil bürosunun vəkili Arzu Cavadov istintaqa deyib ki, 2021-ci il aprel ayının ortalarında iş yerində, yəni "Mərkəz" vəkil bürosunda olan zaman büronun həmin vaxt müdiri olan Elçin Qəmbərovla söhbət edərkən Baş Prokurorluq tərəfindən həbs edilən Mövlam Şıxəliyevin vəkili olduğunu bildirib. Söhbət əsnasında Elçin Qəmbərov vurğulayıb ki, yuxarı dövlət orqanlarının vəzifəli şəxsləri ilə tanışlığı var və Mövlam Şıxəliyevin həbsdən azad edilməsi üçün köməklik göstərə bilər. Lakin bunun müqabilində Elçin Qəmbərov ona özü üçün xidmət haqqı olaraq 320 min ABŞ dolları verilməli olduğunu bildirib. Bundan sonra o, Elçin Qəmbərovun dediklərini Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə çatdırıb. Sonuncu bir müddət fikirləşəndən sonra Elçin Qəmbərovun tanınmış vəkil olduğunu bildiyi üçün onun sözlərinə inandığını söyləyib və təklifi qəbul edib. Bir neçə gün sonra o və Elgün Şıxəliyev Elçin Qəmbərovun "Mərkəz" vəkil bürosunda olan otağına gedib və E.Şıxəliyev 320 min dolları Elçin Qəmbərova onun iştirakı ilə verib.
Pulun verilməsindən sonra həm o, həm də Elgün Şıxəliyev Elçin Qəmbərova zəng edib və işin gedişatı barəsində soruşub, lakin E.Qəmbərov hər dəfə tezliklə məsələni həll edəcəyini və vəzifəli şəxslərlə danışdığını deyib. Bir neçə ay sonra istintaq yekunlaşanda Elçin Qəmbərovun hər hansı köməklik göstərmədiyini görüb Elgün Şıxəliyev pulun qaytarılmasını tələb edib, E.Qəmbərov isə onu çağıraraq "Mərkəz" vəkil bürosunda olan otağında ona 320 min dollar verib, o isə həmin pulu Elgün Şıxəliyevə qaytarıb. 2021-ci ilin sentyabr ayında Mövlam Şıxəliyevin təqsirləndirildiyi cinayət işi məhkəmə baxışına göndərildikdən sonra Elçin Qəmbərov ona deyib ki, Elgün Şıxəliyevlə görüşmək istəyir. O həmin sözü çatdırdıqdan sonra Elgün Şıxəliyev və Elçin Qəmbərov öz aralarında danışaraq qərara gəlib ki, E.Qəmbərov öz imkanları vasitəsilə qətimkan tədbirini dəyişdirəcək və sonda bəraət hökmünün qəbul olunmasına nail olacaq. Bunun müqabilində Elçin Qəmbərov onlardan 300 min ABŞ dolları istəyib.
İstənilən pul yenə də onun iştirakı ilə Elgün Şıxəliyev tərəfindən "Mərkəz" vəkil bürosunun inzibati binasında Elçin Qəmbərova verilib. Lakin ondan sonra uzun müddət Elçin Qəmbərovdan hər hansı xəbər olmayıb. Ona zəng edəndə məsələnin tezliklə həll olunacağını deyib, lakin irəliləyiş olmayıb.
Təqsirləndirilən şəxs Elçin Qəmbərov özünü müdafiə üçün hər hansı dəlil gətirməyib. İttihamda Elçin Qəmbərovu səciyyələndirən hallar kimi onun evli, ali təhsilli, Vəkillər Kollegiyasının üzvü olması ilə bərabər, əvvəllər barəsində dələduzluq və saxta sənədlərdən istifadə etməsinə görə cinayət təqibinin aparılması, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsi qeyd olunur.
E.Məmmədəliyev
Musavat.com