İstanbul Taksimdə oxşar terror aktı törətməyə hazırlaşan PKK/KCK terror təşkilatının üzvü, “Xveza Lilav” kod adlı Gülda Bebek Konyada keçirilən əməliyyatla yaxalanıb. Terrorçu ilə birlikdə daha 3 nəfər nəzarətə götürülüb. İranda PKK/KCK terror təşkilatının tərkibində xüsusi təyinatlı deyilən qrup kimi fəaliyyət göstərən Gülda Bebek adlı terrorçunun 2022-ci ildə sensasion aksiya keçirmək üçün ölkəyə getdiyi öyrənilib.
FƏALİYYƏT ÜÇÜN TƏLİMAT GÖZLƏYİR
Turkustan.az xəbər verir ki, terrorçunun Konyanın Meram rayonundakı ünvanda gizləndiyi və təşkilatın yuxarı rəhbərliyindən hərəkət üçün göstəriş gözlədiyi müəyyən edilib. Araşdırmalar nəticəsində müəyyən edilən ünvanda əməliyyat keçirilib. Terrorçu fevralın 23-ü axşam saatlarında keçirilən əməliyyat zamanı yaxalanıb.
Ünvanda aparılan axtarış zamanı 9 millimetr tapança və 2 magazin, 31 patron, bomba istehsalında istifadə edilən lehimləmə maşını, ampermetr, mini elektrik mühərriki və motora qoşulmuş elektrik dövrələri, 3 kiçik boru başlığı, 2 kiçik işıq lampa və akkumulyator blokları ələ keçirildi. Terrorçunun ötən ilin noyabrında İstanbul Taksimdə 6 nəfərin həyatını itirdiyi eyni hücumu həyata keçirmək üçün son hazırlıqları gördüyü müəyyən edilib. Tutulan PKK/KCK terror təşkilatı üzvü ilə əlaqədar 3 nəfər də saxlanılıb. Şübhəlilərin istintaqı TEM şöbəsində davam etdirilir.
Eltac Zülfüqaroğlu/Turkustan.az