“RUSİYA ƏN DƏHŞƏTLİ SİLAHI TƏTBİQ EDƏCƏK” – Lukaşenko həm sülhə çağırdı, həm də nüvə silahı ilə hədələdi

31-03-2023, 16:06   



Xeyli müddət idi ki, Belarusda Prezident Aleksandr Lukaşenkonun xalqa və parlamentə müraciəti gözlənilirdi.

“AzPolitika.info” xəbər verir ki, bu gün baş tutan müraciətdə Lukaşenko Ukraynada atəşkəs elan edilməsini təklif edib: “Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etməyə risk edəcəm – orduların yenidən qruplaşdırılması və texnikanın yerdəyişməsinə yol vermədən. Əgər Qərb yenə bu müddəti aldatmaq üçün istifadə etsə, Rusiya bütün hərbi sənaye kompleksinin və ordunun gücünü işə salmağa məcbur olacaq – birləşmiş uranı və zənginləşdirilmiş uranı da”.

Bununla da Lukaşenko Kremlin nüvə təhdidlərinə açıq şəkildə qoşularaq, Qərbə xəbərdarlıq edib və Ukraynanı qeyd-şərtsiz danışıqlar masasına oturmağa çağırıb. O, deyib ki, təhlükə yaranacağı təqdirdə Rusiya nüvə silahına əl atacaq: “Əgər Rusiya rəhbərliyi başa düşsə ki, vəziyyət Rusiyanın parçalanması təhlükəsi yaradır, ən dəhşətli silahı tətbiq edəcək. Buna yol vermək olmaz”. Lukaşenko əlavə edib ki, ukraynalılar səhv edirlər və “nüvə dövlətinə qalib gəlmək olmaz”.



Bununla yanaşı, o, Ukraynanın gözlənilən əks-hücumunun Kremldə ciddi narahatçılıq yaratdığını biruzə verib və deyib ki, bu əks-hücum “fövqəladə dərəcədə təhlükəlidir”. Belarus Prezidenti ukraynalı həmkarı Volodimir Zelenskini də tənqid edib və onun Putinlə danışıqları rəsmən qadağan edən fərmanını “gülməli” adlandırıb. Lukaşenkonun fikrincə, “Ukrayna xalqına sülh lazımdır, lakin bu, Qərbi maraqlandırmır”.

Atəşkəsin və sülhün Ukrayna torpaqlarının işğalı hesabına başa gələcəyini nəzərə almayan Belarus Prezidenti deyib ki, danışıqlar əvvəlcədən hər hansı şərt irəli sürülmədən başlamalıdır. Hansı ki, Ukrayna tərəfi dəfələrlə yalnız Rusiya qoşunları Ukrayna ərazisini tərk edəcəyi halda danışıqlar apara biləcəyini bəyan edib.

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.