Beynəlxalq hərbi ekspertlər Rusiya ordusunun Baxmut, Avdeyevka və Marinka şəhərlərinə intensiv hücumlarını şərh edərkən bildirirlər ki, on minlərlə canlı qüvvə və böyük sayda texnika itkisi ilə bu cür kiçik şəhərlərin zəbt edilməsinə göstərilən cəhd operativ-taktiki cəhətdən özünü doğrultmayan əməliyyatlardır. Amma həmin ekspertlər bir şeyi unudurlar ki, Rusiya üçün canlı qüvvə itkisi mühim əhəmiyyət daşımır.
Hazırda Rusiya televiziya kanallarında on milyondan artıq insanın ehtiyatda olması barəsində ağızdolusu danışırlar və bununla da əhalinin qalan hissəsini də döyüş meydanına atacaqlarının anonsunu verirlər. Vladimir Putin hakimiyyətinin indi bunu həyata keçirməməsinin yeganə səbəbi orduya səfərbər edəcəyi insanları lazımı silah, sursat, qida və geyimlə təchiz edə bilməyəcəyi ilə bağlıdır. Ona görə də Putin səfərbərliyə müəyyən mərhələlərlə getməyi düşünür.
Ukraynadakı döyüşlərdə Rusiya ordusu nəyi bacarırsa, onu da edir. Ancaq müharibədən öncə hamı tərəfindən təriflənən rus ordusu gözlənilənin əksini nümayiş etdirir. ABŞ ordusunun Baş Qərargah rəisi, ordu generalı Mark Milli də Rusiya ordusunun ağır döyüşlər nəticəsində nəzərəçarpacaq uğur göstərmədiyini qeyd edib. Amerikalı general deyib ki, Rusiya strateji və operativ planda uğursuzluğa məruz qalıb və indi isə taktiki planda məğlubiyyətə uğrayır.
Bildiyimiz kimi, Rusiya ordusu artıq 5 aydan çoxdur Baxmut şəhərini ələ keçirmək uğrunda amansız döyüşlər aparır. Müxtəlif dəyərləndirmələrə görə, onların bu istiqamətdəki canlı qüvvə itkisinin sayı 30 mini ötüb. Baxmut şəhərinin alınmasına “Vaqner” özəl hərbi kamapaniyası və Rusiyanın ən yüksək hazırlıqlı hərbi dəstələri cəlb olunub. Maraqlı sual yaranır: həqiqətənmi, bu şəhər xüsusi strateji əhəmiyyət daşıyır? Əgər xəritəyə baxsaq, Baxmutun elə də əlahiddə mövqe tutduğunu görmərik, həm də şəhərin özü də böyük deyil, burada 70 min insan yaşayıb. Donetsk vilayətində bu cür yaşayış məskənlərinin sayı çoxdur və Ukrayna ordusunun nəzarətində olan Konstantinovka, Kramatorsk və Slavyansk şəhərləri Baxmutdan daha böyükdürlər.
Deməli, rusların Baxmutun alınmasına belə xüsusi önəm vermələri əslində daha böyük planın tərkib hissəsi ola bilər. Rusiya ordusu ağır və sarsıdıcı məğlubiyyətə uğramayana qədər Ukraynadan əl çəkən deyil. Blitskriq alınmadığına görə onlar uzunmüddətli üzücü müharibə strategiasını seçiblər.
Əvvəla, ruslar Ukrayna ordusunu ağır doyüşlərə cəlb etməklə onu taqətdən salmaq fikrindədirlər. Daha doğrusu, Rusiya Ukraynanı hərbi, iqtisadi, demoqrafik və eləcə də psixoloji cəhətdən yormaq niyyətindədir.
İkincisi, ruslar böyük itkilər hesabına olsa da, Ukrayna ordusunu Donetsk vilayətindən sıxışdırıb çıxarmağı planlaşdırır.
Kreml rəhbəri düşünür ki, hər necə olsa da, insan resursu baxımından Ukraynadan üç dəfədən artıq üstün durumdadılar. Moskva və Sankt-Peterburqu çıxmaq şərti ilə Rusiyanın yerdə qalan hissəsinin canlı itkilərlə bağlı kütələvi etiraz edəcəkləri gözlənilmir. Epizodik narazılıqlar hesaba alınmır. Yəni, ruslar bundan sonra da qurban verməkdən çəkinməyəcəklər. Tarixdən də yaxşı bəllidir ki, Rusiya iştirak etdiyi bütün müharibələrdə kəmiyyət üstünlüyünə arxalanıb və onlar üçün canlı qüvvə itkisi böyük problem sayılmayıb. İkinci Dünya Müharibəsində sovet ordusu əsgərlərin əksəriyyətindən “top yemi” kimi istifadə edirdi. Ona görə də Rusiya Ukrayna ordusunu Baxmut şəhəri uğrunda döyüşə cəlb etməklə onun canlı resursunu tükəndirmək, taqətdən salmaq məqsədi güdür. Rusiya komandanlığı yaxşı bilir ki, Ukrayna güclü əks hücum əməliyyatına hazırlaşdığından, istər canlı qüvvəsini və istərsə də hərbi texnikasını qorumağa çalışır, lüzumsuz döyüşlərə girişməkdən yayınır. Amma ruslar istəyirlər ki, Ukrayna ordusu öz imkanlarını əks hücuma səfərbər etmək əvəzinə gətirib şəhər döyüşlərində istifadə etsin. Elə buna görə də Yevgeni Priqojinin dustaqlardan ibarət dəstələrini döyüş meydanına tullayırlar ki, Ukrayna komandanlığı Qərbdən gələn zirehli texnikanı, artilleriya qurğularını və mərmiləri yerbəyer edib tam hazır vəziyyətə gətirənə kimi, Baxmutu ələ keçirib Donetsk vilayətinin digər şəhərlərinə hücuma başlasınlar.
Əlbəttə, Ukrayna Prezidenti Volodimir Zelenski və Baş Qərargah rəisi Valeri Zalujnı Baxmutun qorunması ilə əlaqədar dilemma qarşısında qalmışdılar. Onlar ya döyüşdən yayınaraq bir qədər içərilərə çəkilməli, ya da şəhəri sonunadək müdafiə etmək qərarını verməliydilər. Əgər Ukrayna müəyyən döyüşlərdən sonra bir qədər geri addım atsaydı, bu, onlara canlı qüvvənin saxlanmasına imkan versəydi də, mənəvi-psixoloji üstünlüyünə zərbə vurmuş olardı. Həm də ruslar onsuz da dayanmayacaq, Konstantiovka və Kramatorsk şəhərlərinə hücuma keçəcəkdilər. Operativ vəziyyəti dəyərləndirən Ukrayna komandanlığı şəhərə ehtiyat qüvvə gətirməklə rusların planlarına qarşı yeni taktiki gediş etdi. Ukrayna tərəfi heç şübhəsiz ki, rusların planlarının nədən ibarət olduğunu anlayır. Rusiya təbii sərvətlər sarıdan zənginliyindən, hərbi sənayesinin mövcudluğundan, döyüşdüyü tərəflə müqayisədə daha çox canlı qüvvəyə malik olmasından maksimum yararlanmaq strategiyası tutub.
Ruslar qarşılarına məqsəd qoyublar ki, Donetsk vilayətinə aid olan bütün şəhərləri tutandan sonra cəbhə xətti boyunca dərin və eşalonlaşdırılmış müdafiə istehkamları qursunlar. Bundan sonra Ukraynaya sülh təklif etməyə başlaya bilərlər. Əlbəttə, bunlar təxmini proqnozdur, çünki Kreml müvafiq vəziyyətə və şəraitə uyğun hərəkət edəcək. Amma Rusiyanın arzuladığı planın baş tutması elə də asan deyil, əksinə, Ukrayna ordusu hücum əməliyyatı nəticəsində rus qoşunlarını ciddi şəkildə əzərsə, onda Kreml elitası arasında parçalanma və açıq etiraz baş qaldıra bilər.
- Ukraynanın strateji planı
Ukrayna ordusu üçün ən məqbul strategiya rus ordusunu darmadağın etməkdir, yoxsa kiçik mövqe döyüşləri və hansısa taktiki uğurlar ümumi vəziyyəti kökündən dəyişməyəcək. Bəli, ərazilərin işğaldan azad edilməsi vacibdir, lakin bunun böyük itki hesabına başa gəlməsi qətiyyən rasional deyil. Rusların bir qədər geri çəkilməsi ukraynalılar üçün əsaslı üstünlük verməyə də bilər. Onlar Xerson və Xarkov ətrafından geri çəkilməyiblərmi? Düzdür, bu zaman Rusiya ordusu döyüş meydanında xeyli sayda texnika qoyub qaçmışdı, amma etiraf etmək lazımdır ki, bu onlar üçün sarsıdıcı nakaut olmamışdı.
Ukraynanın əks hücumu ilə bağlı ABŞ Baş Qərargah rəisi Mark Millinin də fikirlərini diqqətə almaq lazmıdır. O, söyləyib ki, Ukrayna gözlənilən əks hücum əməliyyatı zamanı bütün torpaqlarını işğaldan tam azad etməyə də bilər, çünki bu çox mürəkkəb tapşırıqdır. Yəni onun dediklərindən belə başa düşmək olar ki, ukraynalılar rusları müəyyən ərazilərdən sıxışdırıb çıxarsalar da, onlar geri çəkilib yeni mövqelərdə qərarlaşacaqlar.
Deməli, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna həlledici və məhvedici zərbə vurmaq üçün çox tədbirli olmalı və bütün detalları yaxşı hesablamalıdır. Bir ildən çox davam edən müharibə göstərir ki, Ukrayna hərbi komandanlığı zirehli texnika, artilleriya sistemləri və canlı qüvvə baxımından özündən dəfələrlə üstün olan Rusiya qoşunları qarşısında məharətlə döyüşüb, soyuqqanlı, səbrli davranıb və ən çətin vəziyyətlərdə düzgün qərarlar verməyi bacarıb.
Vaqif NƏSİBOV
azpolitika.info