Ukrayna müharibəsi: Rusiyanın müharibə bloqçuları kimlərdir və onlar niyə məşhurdur?

6-04-2023, 17:19   


Rusiya, Ukrayna, müharibə, münaqişə

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Məqalə barədə məlumat
  • Müəllif,

Bazar günü Sankt Peterburqdakı partlayışda ölən Vladlen Tatarski Rusiyanın “müharibə müxbirlərindən” biri olub. Bəs bu bloqçular kimlərdir və onlar niyə məşhurdurlar?

Bloqçular Ukraynadakı müharibəni dəstəkləyən, tez-tez cəbhə bölgələrindən məlumat verən və nəzarət edilməyən insanlardır. Onlar Ukrayna və Qərb əleyhinə radikal görüşlərə malikdirlər.

Rus dilində “voyenkori” kimi tanınan bu müxbirlər, adətən, peşəkar hərbi biliyə sahib olduqlarını və Rusiya qoşunlarına giriş izni olduqlarını iddia edirlər.


Onların hökumətə yaxınlıq imkanları da fərqlidir. Bir hissəsi Kremlin nəzarətində olan media qurumlarında işləyir, bir qrupu isə hər hansı media ilə əlaqəsi olmadan sosial media üzərindən bloqlar yazır.

Bu müxbirlərin rusiyalı oxucular arasında tanınmalarına əsas səbəb isə insanlara rəsmi məlumatlardan daha çox informasiya ötürmələridir. Bəzən onlar “xüsusi hərbi əməliyyata” kölgə salmadan tənqidi fikirlər də səsləndirirlər.

Bloqçuların 2014-cü ildə Ukraynaya qarşı başlayan işğal müharibəsindən sonra ortaya çıxması Rusiyada müharibələrin işıqlandırılmasında yeni səhifə yaratdı.

Bir çoxları üçün müharibəni dəstəkləmək heç də Moskvadakı rəhbərliyi və ya işğalı həyata keçirən hərbi komandirləri dəstəkləmək mənasına gəlmir.

Buna nümunə olaraq işğal altında olan Makiyivka şəhərində içərisində onlarla rus əsgərinin olduğu bir binanın Ukrayna ordusu tərəfindən bombalanmasından sonra rusiyalı komandirlərə yönəlik kəskin tənqidləri göstərmək olar.

“War Gonzo” kimi tanınan müharibə müxbiri Semyon Peqovun Telegramda 1.2 milyon izləyicisi var.

Telegram Rusiyada istifadəsi qadağan edilməyən çox az sayda sosial media platformalarından biridir.

Ukrayna Makiyivkaya hücum etdikdən sonra, Peqov Rusiyanın müdafiə nazirini “açıq şəkildə məsuliyyətdən yayınmaqda” ittiham edib.

Digər müharibə tərəfdarı olan bloqçu Boris Rojinin Telegram-da 800 min izləyicisi var. Polkovnik Kassad təxəllüsü ilə yazan bloqçu rusiyalı komandirləri “bacarıqsız olmaqda və müharibənin nəticələrini dərk edə bilməməkdə” günahlandırıb.

Wagner özəl hərbi şirkətinə yaxın olan sosial media hesabları Rusiyanın hərbi rəhbərliyini tənqid etməkdə daha fəaldırlar.

Hərbi rəhbərliyə yönəlik bu tənqidlər müharibə müxbirlərini Ukraynadakı “xüsusi hərbi əməliyyatla” bağlı müntəzəm olaraq müsbət xəbərlər verən Kremlin nəzarətindəki təbliğat maşınından fərqləndirir.

Bəzi şərhçilər iddia edirlər ki, tənqidi bloqçuların yazdıqları Rusiya hərbi komandanlığını qorxudur və yüksək rütbəli şəxslər onları susdurmağa çalışırlar.

Kremli dəstəkləyən ənənəvi medianı təmsil edən məşhur müharibə müxbirləri isə yazılarında daha çox rəsmi mövqeni əsas tutmağa çalışırlar.

Onlardan ən məşhurlarından biri, Komsomolskaya Pravda media qurumunda işləyən Aleksandr Kotsdur.

Rusiyalı rəsmilər kimi Kots da bloqçu Vladlen Tatarskinin ölümündə Ukraynanı günahlandırıb.

“Kiyevdəki hər hansı məmurun ayaqları altındakı torpaq yandırılmalıdır. Rusiyaya qarşı müharibə aparan qeyri-insanlar özlərini təhlükəsiz hiss etməməlidirlər”, - Kots yazır.

Bu cür reportyorlar mediada Kremlin fikirlərini təbliğ etməkdə aparıcı rol oynayırlar.

Buna nümunə olaraq Rossiya 1 dövlət televiziya kanalının müharibə müxbiri Yevgeni Poddubnıy tərəfindən Ukrayna müharibəsinə Wagner muzdlularının cəlb edilməsi barədə məlumatların paylaşılmasını göstərmək olar.

Donbasda 2022-ci ilin iyulunda elektrik stansiyasının dağıntıları arasından məlumat verən Poddubnıy gğözlənilmədən həmin ərazinin Wagner qrupu tərəfindən “azad edildiyini” deyib.

Bundan sonra dövlət medialarında Wagner qrupu barədə xəbərlərin yayılmasına başlanıldı. Daha əvvəl isə nəinki bu qrupun müharibəyə cəlb olunması, hətta onların mövcudluğu belə inkar edilirdi.

Kots və Poddubnıy Ukrayna əleyhinə Kremlin təbliğatını dəstəklədiyi üçün Qərbin sanksiyaları ilə üzləşib.

Ruisyada müharibəni dəstəkləyən sosial media hesablarının çoxu anonim fəaliyyət göstərir və tez-tez olduqca dəhşətli görüntülər paylaşırlar.

Bu cür görüntülər paylaşan və Wagner qrupuna yaxınlığı ilə seçilən sosial media hesablarından biri Grey Zone Telegram kanalıdır. Bu kanal 2022-ci ilin noyabrında “satqının” ağır çəkiclə öldürüldüyünü göstərən görüntülər yayıb.

Rusiyanın müharibə müxbirləri tez-tez Ukraynanın müstəqil dövlət kimi dağıdılmasına dair çağırışlar edirlər. Buna nümunə olaraq Yuri Kotyonokun Ukrayna kimliyinin məhv edilməsinə dair çağırışını göstərmək olar.

“Hətta xərçəng xəstəliyi müalicə edilə bilər, lakin ukraynaçılıq - əsla! Bu, şeytana qulluq etmənin bir növüdür və yalnız bir yolla dağıla bilər – yandırmaqla! Hər şeyi yandıran od bu murdarlığı təmizləyəcək”, - Kotyonok bildirib.

Onun Telegram-da 400 mindən çox izləyicisi var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.