İranın Saqqız şəhərində Məhsa Əmininin ölümü ilə bağlı keçirilən etirazlarda yenidən dəhşət yaşanıb.
Musavat.com xəbər verir ki, şəhərdəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.
Valideynlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaranıb. Ən azı 47 tələbənin xəstəxanaya yerləşdirildiyi, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilib. Sosial şəbəkələrdə yayılan görüntülərə görə məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb.
Şagirdlərin zəhərlənməsinə səbəb olan hücuma etiraz edən şəhər sakinləri məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamneyi əleyhinə şüarlar səsləndiriblər.
Məktəbə gələn təhlükəsizlik qüvvələri ilə toplaşan insanlar arasında qarşıdurma yaranıb.
Postlarda məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz imkanları ilə uşaqları xəstəxanalara apardıqları görülüb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Musavat.com