Son günlər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə Pentaqonun Ukrayna və Rusiyanın müdafiə qabiliyyətinə dair məxfi sənədlərinin internetə sızması beynəlxalq aləmdə böyük rezonans doğurub.
“AzPolitika.info” ABŞ KİV-lərinə istinadla xəbər verir ki, paylaşılan gizli sənədlərlə bağlı bir sıra yeni təfərrüatlar üzə çıxıb.
Sözügedən sənədləri nəzərdən keçirən “CNN”-nin məlumatına görə, gizli məlumatlar ötən ay “Discord” sosial media platformasında onlayn formada paylaşılıb. Daha sonra “Telegram” və Twitter” qruplarında sürətlə yayılan məlumatların kim tərəfindən paylaşıldığı hələ də məlum deyil. Paylaşılan 53 sənədin fevral-mart aylarında hazırlandığı bildirilir.
ABŞ müttəfiqlərinə qarşı casusluq fəaliyyəti ilə məşğul olur, Zelenskini izləyir
Yayılan sənədlərdə ABŞ-ın Cənubi Koreya, İsrail və Ukrayna da daxil olmaqla, əsas müttəfiqlərinə qarşı casusluq etdiyi qeyd olunur. Həmçinin ABŞ-ın Rusiya Müdafiə Nazirliyinə və Rusiyanın muzdlu təşkilatı “Vaqner” qrupuna böyük ölçüdə nüfuz etdiyi vurğulanır.
Məxfi məlumatlarda ABŞ-ın Ukrayna Prezidenti Volodimir Zelenskini yaxından izlədiyi, bütün danışıqlarını dinlədiyi bildirilir.
ABŞ kəşfiyyatının hesabatında deyilir ki, Zelenski fevralın sonlarında pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Rostov vilayətindəki yaşayış məntəqələrinə hücum etməyi təklif edib.
ABŞ Ukraynaya uzaqmənzilli raket verməyib
Məxfi sənədlərdə bildirilir ki, ABŞ Ukraynanın Rusiya şəhərlərinə hücum edəcəyindən qorxduğu üçün Kiyevə uzaqmənzilli raket sistemləri vermək istəməyib.
Yayılan məxfi sənədlərdə həmçinin Çinin Ukraynadakı müharibə ilə bağlı mövqeyinin də müzakirə olunduğu bildirilir. Bu günə qədər ABŞ və Avropa İttifaqı ölkələrində Çinin Kremlə öldürücü silahlar ötürməsilə bağlı məlumat yoxdur.
Rusiyanın 43 min hərbçisi həlak olub, “Vaqner” Türkiyədən silah istəyib
Sənədlərdə həmçinin hər iki tərəfin itkiləri ilə bağlı məlumat yer alır. Müharibədə Rusiyanın 43 min, Ukraynanın isə 17 min 500 hərbçisinin həlak olduğu vurğulanır.
Sənədlərdə Rusiyanın Ukraynada vuruşan aparıcı qüvvəsi olan “Vaqner PMC”-nin nümayəndələrinin Türkiyədən hərbi əməliyyatlarda istifadə etmək üçün silahların alınması ilə bağlı danışıqlar apardıqları bildirilir. ABŞ nəşrlərinin yazdığına görə, tərəflərin razılığa gəlib-gəlmədiyi məlum deyil.
Mediaya sızan sənədlərin içərisində İranın nüvə proqramı və Şimali Koreyanın raket sınaqları ilə bağlı sənədlər də var.
“AzPolitika.info”