ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(Central Intelligence Agency) Əks-kəşfiyyat bölümünün keçmiş rəhbəri Ceyms Olson hesab edir ki, Rusiya ordusunda və xüsusi xidmət orqanlarında Vladimir Putinin öz hərəkətləri ilə ölkəni məhvə sürüklədiyini başa düşən adamlar var. C.Olson əmindir ki, Ukraynaya qarşı müharibənin sona çatması üçün Putin çevrilişlə, ya da fiziki cəhətdən aradan götürülməlidir. Belə düşünülür ki, vətənpərvər rusiyalılar onu öz taxtından sala bilərlər.
Bəs bu proqnoz nə dərəcədə realdır, sui-qəsd mümkündürmü, Putini kimlər ortadan götürə bilər?
“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” saytı bu mövzuyla bağlı Türkiyəyə qaçmış tanınmış rusiyalı juranalist Qleb Pyanıxdan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
- Siz Rusiya Prezidentinin ortadan götürülməsi ilə bağlı fikirləri necə dəyərləndirirsiniz? Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı deyib: ”Mən düşünürəm ki, Putini özününkülər öldürəcək, o, öz əcəli ilə ölməyəcək, yoxsa müharibə hələ çox çəkəcək”. Bu barədə nə deyə bilərsiniz?
- Mən də əminəm ki, onu özləri ortadan götürəcəklər. İstefada olan generallar və ya Mərkəzi Kəşfiyyat İdarəsi bunu deyə bilər. İndi Putinin mühafizəsindən Qleb Karakulov qaçıb və deyir ki, Putinin sağlamlığı möhkəmdir, hamı karantindədir. Bunlar gülməlidir. Bu adamın demək istədiklərindən biri odur ki, rejim çox möhkəmdir, bütün mühafizəçilər Putinin fanatlarıdır, yəni Putin onlar üçün kumirdir və sairə...
Mən Federal Mühafizə Xidmətindəkiləri tanıyıram, Putinin mühafizəsinə tam axmaqları götürmürlər. Ola bilər ki, onların ali savadı olmasın, ancaq yaxşı atəş açmağı bacaran idmançıları seçirlər, axmaqları yox. Fikirləşirsiniz ki, onlar artıq bir ildir nəyin baş verdiyini anlamırlar? Mən başa düşürəm, Putinə yaxınlaşan hər bir mühafizəçini əlavə beş mühafizəçi izləyir və onların telefonları güclü şəkildə dinlənilir. Amma həqiqəti onlardan gizlədə bilməzsən. Federal Mühafizə Xidmətinin istənilən əməkdaşının başlıca işi artıq söz danışmamaqdır, o, hətta baxışları ilə bu müharibənin onun xoşuna gəlmədiyini sezdirməməlidir. Lakin onlardan biri növbə zamanı tapancanı çıxarıb Putini güllələyə bilər. Əlbəttə, bundan sonra həmin adamı öldürəcəklər, amma o, bütün planetin qəhrəmanı olacaq. Belə bir zarafat kimi görünən ehtimalın gerçəkləşməsi mümkündür.
Yəqin bu adamlar çox ciddi müşahidə altındadırlar. Putinə qarşı sui-qəsdi yalnız tək bir adam həyata keçirə bilər, təkbaşına. Bütün generallar, FTX, mühafizəçilər və Patruşev Putinə qarşı sui-qəsd etməyəcək.
- Patruşevin sui-qəsd edəcəyinə inanmırsınız?
- Yox, inanmıram. Patruşev DTK sisteminin adamıdır, onların hamısı qorxaqdırlar. Ola bilər ki, orada cəsur xüsusi təyinatlılar olsun, hansı ki, səksəninci illərdə Əfqanıstana girmişdilər. Səhv etmirəmsə, Aminin (Həfizulla Amin, SSRİ tərəfindən öldürülmüş Əfqanıstan Prezidenti-red.) sarayını DTK xüsusi təyinatlıları tutmuşdular. Lakin onlar sıravi heyətdədirlər. Generallar isə birbaşa kəşfiyyatçıdırlar. Onlara elə ilk kursdan yalan danışmağı, aldatmağı öyrədiblər. Onlar qoxaqdırlar, yalançıdırlar. Ona görə də onlardan kiminsə sui-qəsd təşkil edəcəyinə inanmıram.
- Putin də bu dəstədəndir, belə çıxır ki, o da qorxaqdır?
- Sözsüz. Məgər bu, aydın deyil. Baxın, o, öz bunkerində oturub. Zelenski cəbhələri dolaşır, bu isə bütün ili bunkerdədir.
- Si Cinpin gələndə Putin ondan 10 metr aralıda yox, yaxında əyləşmişdi...
- Bax, budur “cəsarət”! Si Cinpin ilə olar. O, hansısa səfirləri qəbul etdiyi son görüşdə hamıdan çox aralı durdu, suallara cavab vermədi və çalışdı ki, tez aradan çıxsın. Yəni, demək istəyirdilər ki, bəs “bizdə sanitar qaydalara riayət olunur”. Halbuki, bunlar hələ keçən yaydan ləğv edilib. Putin hansısa səfirin onun başına kərpic çırpmasından qorxmur. Səfirlərin hamısı mühafizədən keçirlər, onlar silahsız olurlar, heç bir səfir Putinə təhlükə yaratmır. Bu, sadəcə tənbəllikdir. O, bu işlə məşğul olmaq istəmir.
- Oxşar məsələsinə gəldikdə, deyirlər ki, hətta Putini vursalar da, biz bu barədə dərhal bilməyəcəyik. Məsələn, ola bilər ki, o, artıq ölüdür...
- Qətiyyən belə deyil. Rusiyanın apardığı müharibə yalnız Putinə sərf edir. Bu müharibə heç kimə lazım deyil. Əgər qəflətən Federal Mühafizə Xidməti Putinə bir şey etsə, hər şey dayanacaq, hansısa “Siyasi büro” yığışacaq və deyəcək: ”Döyüşlər dayandırılır, biz bütün dünya ilə danışıqlara gedirik və deyirik ki, Putin səhv edib, biz isə fikirləşdik ki, Rusiya yaşamalıdır, qoşunları çıxarırıq, hər şey qurtarır”. Onlar bunu böyük məmnuniyyətlə və rahatlıqla edərlər. Əlbəttə, buna görə Rusiyanın üzərindən sanksiyaları dərhal götürməyəcəklər, amma müharibə Putinlə bağlı məsələdir. Bir nəfərin günahı ucbatından qan tökülür. Əgər o olmasa, müharibə duracaq. Sabah kütbeyin generalları oradan geri çağıracaqlar, qalanlarına əmr veriləcək ki, atəşi dayandırın və geri qayıdın. Əllərindəki bütün kanallarla ukraynalılarla əlaqəyə girib deyəcəklər ki, biz geri dönürük, atəş açmayın.
- Amma onda sistemin özü tab gətirə bilməz. Onda bu sistem insanları qurban verəcək. Hazırda ölüm hökmündən danışırlar, onu bərpa etməyə hansısa cəhd də göstərilib, axtarışlar başlayacaq...
- Artıq o dövrlər deyil. Siz Stalin rejimi olan dövrlə indini qarşıdırırsınız. O zaman hər şey qorxu və bitmək bilməyən qətllər üzərində dayanmışdı. Paranoik Stalinin maşını o cür işləyirdi. Putinin rejimində isə hər şey pul üzərində qurulub. Bütün generallar dollar multimilyoneridir. Heç kimə döyüşmək lazım deyil, NATO-nun “döyüşkən ağcaqanadları” heç kimi sancmır. Hamı Fransaya Kurşavelə gedib xizəklə sürüşmək istəyir, ona görə də heç kim heç kimin boğazını gəmirməyəcək. Onlar sadəcə, öz hakimiyyətlərini saxlayacaqlar. Ola bilər ki, hansısa birini gəlirli yerdən kənara itələsinlər. Deyirlər ki, Putin olmasa, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları öz aralarında mübarizəyə girişəcəklər və bir-birini öldürməyə başlayacaqlar. Mən buna inanmıram. İndi adamyeyən və qaniçən zamanlar deyil. Onların hamısına pul lazımdır, onların arasında ideya adamı yoxdur. Stalinin ölümündən sonra qalan rəhbərlər nə etdilər?...
- Bağışlayın, Stalinin ölümündən bir neçə ay sonra Beriyanı güllələdilər...
- Beriya islahatçıydı, səmərəliydi. Putinçilər arasında səmərəli olan heç kimi görmürəm. Beriya digərləri üçün təhlükəydi. Amma mən ən başlıca şeyi deməmişəm. Stalin öləndən sonra onun bütün “Siyasi bürosu” yoxsul idi. Onların ən yaxşı halda mənzilləri ola bilərdi və o da ki, dövlətə məxsus idi. Pul yox idi, heç nə yox idi. Onların geriyə çəkiləcək yerləri yox idi, irəlidə isə yalnız hakimiyyət var idi. İndi tamamilə başqa vəziyyətdir. İstənilən generala qarşı çoxsaylı kompromat qoymaq olar, onların böyük miqdarda pulları var. Onlar üçün milyonları, milyardları ilə geriyə çəkilmək daha əlverişlidir. Pul insanı elə də qaniçən etmir. Odur ki, müharibənin səbəbi yalnız Putindir. Yalnız o, bunu istəyib.
- Bu cür diktatura rejimlərinin dəyişməsi məntiqi deyir ki, sonrakı mərhələdə əlinə böyük güc resursu keçirmiş birisi hakimiyyət başına keçir. İndi onların arasında özəl hərbi şirkətləri olanlar var. Belə birisi dəyənəklə gəlib yerdə qalan hamını sakitləşdirə bilər...
- O dəyənəklə hara gələcək? Kremlə, Novo Oqaryovaya? Baş Kəşfiyyat İdarəsi, Federal Təhlükəsizlik Xidməti var, 300 min nəfərlik silahlı “Rosqvardiya” var. O, öz dəyənəyi ilə hara gələcək? Onun dəyənəyi yelləyərək gəlib hakimiyyəti götürə biləcəyi ünvanı söyləyin. Belə bir yer yoxdur. Hamı Təhlükəsizlik Şurasına tabedir. Orada Patruşev oturur. FTX və digər əsas oyunçular oradadırlar. Bütün güc strukturları onların əlindədir, ona görə də oraya hansısa dəyənəklə girə bilməzsən. Priqojinin heç bir şansı yoxdur.
- Bəs digərlərinin şansları necədir? Kimlərsə kiçik silahlı dəstələr yığmağa müvəffəq olub...
- Bu dəstələrı hər ehtimala qarşı yaradıblar. İndi siz Kadırova eyham vurursunuz, Müdafiə Nazirliyinin də özəl ordusu var. Anlayırsınızmı, sistem hələ yıxılmayıb və inersiya ilə gedir. Ehtimal edilən ssenariyə görə, əgər Putin yoxdursa, o zaman FTX “siyasi büronu” yığır və deyir: ”Putin haqsız idi, bağışlayın, ordunu çıxarırıq, amma biz dövləti saxlamalıyıq”. Sonra boşboğaz təbliğatçılar bu “siyasi büro” barəsində difiramblar oxumağa başlayacaqlar. Onların hamısı bu “siyasi büro” ətrafında birləşəcəklər. Mən nikbin olmayan ssenaridən danışıram. İstərdim ki, rejim ümumiyyətlə dağılsın. Amma mən ən çox ehtimal ediləcək ssenarini səsləndirdim.
- Əgər Putin sabah ölüb getsə, kompromis fiqur kim olacaq?
- Mən sizə deyirəm, onlar büronu toplayırlar, hakimiyyətdə gücü olmayan birisini rəhbər təyin edirlər. Medvedev də bir zamanlar prezident olmuşdu, nə olsun ki? “Siyasi büro” olacaq, yəni, kollektiv rəhbərlik qurulacaq. Onlardan kimsə yerdə qalanlara qarşı sui-qəsd təşkil etmək istəsə, alnının ortasından güllələnəcəyi riski ilə üzləşəcək. Mənə elə gəlir ki, sabitlik yaranması üçün öz aralarında razılaşacaqlar. Yəni, iclası açan Patruşev deyəcək: ”Kimin nə qədər pula nəzarət etməsi və onu haraya daşıması vacib deyil, bizim hamımız sabitlikdə maraqlıyıq”.
- Sizin adını çəkdiyiniz Medvedev Solovyov ruhunda mətnlər yazır – “vurarıq, məhv edərik, hamını bombalayarıq, lazımi yeri gedib alarıq və s”. O, haranı “bombalayır”?
- Əlbəttə, Medvedev miskin bir insandır. Onun əlində hakimiyyət vardı, lakin ondan istifadə etməyə risk etmədi. İlahi artıq ona ikinci şansı verməyəcək. Onun danışdıqlarına gəldikdə isə, bəzi ağıllı analitiklər buna belə izah verirlər ki, o, qəsdən təlxək rolu oynayır ki, Putindən sonra toplanacaq “siyasi büro”dakılar daha təklükəsiz adam kimi onu birinci rola seçsinlər. Mənə elə gəlir ki, hamı ona kinayə və ikrah hissi ilə yanaşır. Onu seçməzlər.
Stalindən sonra Nikita Xruşov gəldi. O, sui-qəsdin rəhbəriydi. Marşal Jukovu da bu işə cəlb etmişdilər. Yəni, o, öndə olan adam idi, Medvedev kimi oyuncaq deyildi. Xruşov öz hakimiyyəti uğrunda real savaş nümayiş etdirib ciddi riskə getmişdi. Ancaq Medvedev solğun fiqurdur, onun haqqında belə şeyləri kimlər düşünüb tapır, bunu anlamıram.
“AzPolitika.info”