Ukraynadakı müharibə ilə bağlı internetdə sızdırılan ABŞ Müdafiə Nazirliyinə məxsus onlarla gizli sənəd arasında Rusiyanın muzdlu əsgər qrupu "Vaqner"in Türkiyədən silah və təchizat almağa cəhd etdiyinə dair iddialar da var.
Washington Post qəzetində yayılan xəbərə görə, sızdırılan sənədlərdə ABŞ-ın "Wagner"in daxili planları barədə məlumatlara çatımlılığı və Wagner qrupunun Türkiyədən silah almağa çalışdığı göstərilib.
Qəzetin yazdığına görə, sızdırılan onlarla məlumat arasında yer alan bir hesabatda "Wagner-in adı bir hərf dəyişdirilərək “Vagner” şəklində yazılır və “Vagner-in Mali və Ukraynadakı hərbi əməliyyatlar üçün Türkiyədən silah və təchizat almaq məqsədi ilə Türkiyədəki təmasları ilə görüşüb” iddiaları əks olunur.
Hesabatda, həmçinin bildirilir ki, Malinin müvəqqəti Prezidenti Assimi Goïta “Vagner-in adından Malinin Türkiyədən silah alacağını təsdiqləyir”.
“Sızan məlumat ABŞ-ın öz düşmənlərini və müttəfiqlərini gizli dinlədiyini ifşa edir” başlıqlı məqalədə Washington Post yazır ki, “hesabata görə, Türkiyə hökumətinin Wagner-in əlaqə yaratma cəhdləri haqqında məlumatlı olub- olmadığı, eləcə də qrupun müraciətinə reaksiyası məlum deyil”.
“Lakin NATO müttəfiqinin Ukraynaya qarşı müharibədə Rusiyaya yardım edə biləcəyi, - xüsusilə də Türkiyənin İsveçin hərbi alyansa üzvlüyünü əngəllədiyi bir vaxtda - ortaya çıxarsa, bu, Türkiyə-ABŞ münasibətlərinə zərər verə bilər”, - Washington Post yazıb.
Qəzet Türkiyənin hökumət dairələrinin bir rəsmisinin bununla bağlı fikir bildirməkdən imtina etdiyini, Malinin Washington-dakı səfirliyinin isə sorğuya cavab vermədiyini bildirib.
Sızdırılan kəşfiyyat sənədlərindəki digər məlumatlar kimi, Türkiyənin də daxil olduğu müzakirələrlə bağlı hesabatın elektronik cihazlar və dinləmə vasitələri ilə qeydə alındığı iddia edilir.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) sızan məlumatlarla bağlı araşdırmalara başlayıb.
ABŞ Müdafiə Nazirliyinin Ukraynadakı müharibəyə aid onlarla gizli məlumatı bir müddətdir internetdə yayılır. Bir neçə xəritə, qrafika və fotoların yer aldığı sənədlərdə nələr var?
Müəyyən hadisələrin xronoloji ardıcıllığının, eləcə də çox sayda başa düşülməyən hərbi qısaltmalarla verilmiş məlumatların əks olunduğu və bəzilərinin üzərində “tam məxfi” yazılan bu sənədlər Ukraynadakı müharibənin detallarını özündə ehtiva edir.
Yayılan sənədlərdə hər iki tərəfin verdiyi itkilər, hərbi sahədəki çatışmazlıqları və Ukraynanın yaz aylarında əks hücuma başlayacağı zaman onlar arasında güc balansının necə olacağı barədə məlumatlar var.
Bir yemək stolunun üzərinə qoyularaq şəkli çəkilən bu sənədlər nə dərəcədə realdır? Bizə və Kremlə daha əvvəl bilmədiyimiz nələri deyir?
Hər şeydən əvvəl burada Rusiyanın 14 ay əvvəl Ukraynaya qarşı başlatdığı tammiqyaslı işğaldan bugünədək ABŞ-ın sızdırılan ən böyük gizli sənədi ilə üz-üzəyik. Sənədlərin bəziləri altı həftə əvvələ aid olsa da, oradakı qeydlər olduqca vacibdir.
Sənədlərin real olmasının Pentaqon rəsmiləri tərəfindən təsdiqləndiyi bildirilir.
Sənədlərin birindəki məlumatın digər versiyalarda kobud şəkildə dəyişdirildiyi görünür, lakin 100-ə yaxın sənəddən ibarət məlumatlarda bu, çox kiçik nüans kimi görünə bilər.
BBC bu sənədlərin 20-dən çoxunu görüb. Burada növbəti həftələrdə Rusiyaya qarşı başlaya biləcək əks-hücumlar üçün Ukraynada yaradılacaq 12 yeni briqadanın təlimatlandırılması və təchizatla təminatına dair detallar yer alıb.
Sənədlərdə bu briqadaların nə zaman hazır olacağı qeyd olunub və Ukraynanın Qərb müttəfiqləri tərəfindən verilən bütün tankların, zirehli texnikaların və topçu birliklərin siyahısı göstərilib.
“Hərbi avadanlıqların çatdırılma vaxtıının təlimlərə və döyüş hazırlığına təsir edəcəyi” də sənədlərdə qeyd olunub.
Xəritələrin birində yaz aylarında Ukraynadakı “palçıqlı və donmuş ərazilərin” yerləri göstərilib.
Sənədlər arasında Ukraynanın hava hücumundan müdafiəsini məhdudlaşdıran qışdan sonra Kiyevin havadan müdafiə qabiliyyətinin azaldığına dair ciddi analitik yazılar da mövcuddur.
Sənədlərdə qeyd olunan bəzi məlumatlar artıq hər kəsə bəlli idi. Lakin burada diqqət çəkən məqam bütün bu məlumatların hamısının birlikdə və daha detallı olmasıdır.
Buna nümunə olaraq, müharibə zamanı verilən itkilərin sayına diqqət yetirək. ABŞ-ın 190 minlə 223 min arasında rusiyalı hərbçinin öldüyünü və ya yaralandığını bildirməsi elə də təəccüb doğuran məlumat deyil.
Ukraynanın itkiləri ilə bağlı verilən 125 000-130 000 arası rəqəm də ötən həftələrdə mətbuatın verdiyi rəqəmlərlə üst-üstə düşür.
Sənədlərdə dəyişiklik edilərək Ukraynanın ən çox itki verən tərəf kimi göstərilməyə çalışılması da diqqət çəkir.
Rusiyayönlü bir Telegram kanalında yayılan məlumatlarda “atışma zamanı ölən” Ukrayna əsgərlərinin sayını (16 min-17.5 min) götürüb Rusiyanın itkisi kimi veriblər və bu rəqəmləri tərs çevirərək (61 min-71.5 min) Ukraynanın itkisi kimi şərh ediblər.
Bütün bunlar bizi bu sənədlərin kim tərəfindən və niyə sızdırılması sualına gətirib çıxarır.
Sənədlərin mesajlaşma platforması olan “Discord”dan 4Chan və Telegram-a necə ötürüldüyü data analiz üzrə ixtisaslaşan "Bellingcat" tərəfindən izah edilib.
Araşdırmanı aparan Aric Toler bildirib ki, sənədi sızdıran ilk mənbəni müəyyən etmək hələlik mümkün olmayıb, lakin sənədlərin martın əvvəllərində video oyunu oynayan şəxslər arasında məşhur olan mesajlaşma platforması “Discord”da ortaya çıxdığı məlumdur.
Martın 4-də Minecraft kompyuter oyununu oynayanların tez-tez istifadə etdikləri Discord platformasında Ukraynadakı müharibə ilə bağlı yaranan mübahisədən sonra bir istifadəçi 10 sənədi göndərməmişdən əvvəl “budur, bəzi sızdırılmış sənədlər” deyə yazıb.
Bu cür məlumat sızmalarına tez-tez rast gəlinməsə də, əvvəllər də buna bənzər hadisələr olub.
İngiltərədə 2019-cu ildə baş tutan ümumi seçkilərdən əvvəl ABŞ və İngiltərə arasındakı ticarət münasibətləri ilə bağlı sənədlər Reddit, 4Cham və digər saytlarda ortaya çıxmışdı.
O zaman Reddit redaktə edilməyən sənədlərin mənbəyinin Rusiya olduğunu bildirmişdi.
Ötən il baş verən digər bir hadisədə isə War Thunder adlı onlayn oyunun oyunçuları ilk baxışdan öz aralarında qalib gəlmə məqsədi kimi görünən bəzi həssas hərbi məlumatları yayımlamışdılar.
Son sızdırılan məlumatlar isə daha həssas və potensial zərər vermə gücündədir.
Ukrayna “əməliyyat təhlükəsizliyinə” xüsusi diqqət yetirir və belə həssas məqamda bu cür xəbərlərin çıxmasından məmnun deyil.
Ukraynanın yaz hücumları Zelenski hökuməti üçün müharibədə balansı dəyişdirmək və daha sonra sülh müzakirələri üçün şərtləri müəyyənləşdirmək baxımından dönüş nöqtəsi ola bilər.
Rəsmi Kiyev sənədlərin sızdırılmasını Rusiyanın mümkün dezinformasiya kampaniyası kimi görür.
Digər hərbi bloqçular isə tam əksini, yəni bütün bunların rusiyalı komandirləri çaşdırmağa yönəlik Qərb konspirasiyası olduğunu deyirlər.
Burada diqqət çəkən əsas məqam isə odur ki, yayılan məlumatlarda Ukraynanın əks-hücumunun istiqaməti və ya əsas gücü barədə heç bir məlumat yoxdur.
Kreml artıq Ukraynanın hazırlıqlarının miqyası barədə kifayət qədər yaxşı təsəvvürə malik olmalıdır (baxmayaraq ki, Moskvanın kəşfiyyat uğursuzluqları müharibə boyu çox idi), lakin Kiyevin öz gücünü artırması üçün kampaniyanın necə cərəyan edəcəyi ilə bağlı düşmənini qeyri-müəyyən vəziyyətdə qoyması lazımdır.
BBC.com