İranın bu bölgəsi alovlandı: hələlik, bayrağı yandırdı...

12-04-2023, 09:32   




İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı hər gün xəbərlər eşidirik. Dövlət buna hələ də ağlabatan açıqlama verməyib. Bu isə haqlı olaraq insanların etirazına səbəb olur. Belə davam edərsə, İran yenidən etiraz alovuna bürünəcək.

Bu sözləri Axar.az-a Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani İranın Kürdüstan əyalətində başlayan etirazlarla bağlı danışarkən deyib.

“İranın bir çox şəhərlərində və Güney Azərbaycanda məktəbli qızların zəhərlənməsinin arxasında hakimiyyətin dayandığını iddia edənlər çoxdur. Bu kimyəvi zəhəri adi insanlar rahatlıqla əldə edə bilməz. Odur ki, valideynlər hakimiyyətdən şübhələnir. Kürdüstan vilayətinin Saqqız şəhərində də eyni ilə belə hadisə baş verib. Etiraz edən insanlar İran bayrağını yandırıb, hakimiyyətə öz narazılıqlarını bildirir”.

Kürdüstanı İranın həssas bölgələrindən adlandıran Kamrani hesab edir ki, ölkədə baş verən hadisələrə ilk reaksiyanı onlar verir:

“İranın indiki durumu həm iqtisadi, həm təhlükəsizlik baxımından çox gərgin və qarışıqdır. Millət də bunu hiss edir. Kürdüstan və Bəlucistan vilayətlərində isə vəziyyət daha acınacaqlıdır. Çünki sünni olduqları üçün hər zaman basqı və ayrı-seçkiliklə qarşılaşıblar. Odur ki, ilk olaraq onlar ayağa qalxır və etiraz edirlər. Bu, həm də onların yaxşı təşkilatlanmasından irəli gəlir. Məhsa Əmininin ölümü ilə başlayan etirazlarda da Kürdüstan daha çox fəal idi”.

O, etirazların 1-2 aya yenidən başlayacağını bildirib:

“İranın daxili və xarici siyasəti iflasa uğrayıb, insanlar bu vəziyyətə barışmaz mövqe tutublar. Odur ki, yeni etiraz dalğası gəlir. Hələlik, lokal xarakterlidir. Daha çox Kürdüstan kimi əyalətlərdə görünür. Lakin böyük mənada etirazların olacağı qaçılmazdır. Həm millətin narazılığı çoxalıb, həm hakimiyyətin yanlış siyasəti artıb. İran Rusiya və Çinin müstəmləkəsinə çevrilib. Hakimiyyət dəyişməyənə kimi etirazlar dayanmayacaq”.

Elyar Kamrani Güney Azərbaycanda da etirazların davamlı olduğunu, iç səslərini hayqırmaq üçün bütün fürsətləri dəyərləndirdiklərini qeyd edib:

“Traktor”-“İsfahan” oyununda da biz bunun şahidi olduq. Yüz minlərlə azərbaycanlı həm İranın siyasətinə qarşı milli şüarlar səsləndirdi, həm də Azərbaycanın haqq səsini bir daha bəyan etdilər. Təəssüf ki, buna Azərbaycan Respublikasının və Türkiyənin medialarından başqa reaksiya verən olmadı”.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.