ABŞ dövlət katibi Antony Blinken bazar ertəsi Sudanda ABŞ diplomatik karvanının atəşə tutulduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.
“Bu, düşüncəsiz, məsuliyyətsiz və əlbəttə ki, təhlükəli hərəkət idi”, - o, Yaponiyada G7 danışıqlarından sonra jurnalistlərə bildirib.
Sudanda günlərdir ki, rəqib qüvvələr arasında ölümcül döyüşlər gedir.
Bundan əvvəl Aİ-nin Sudandakı səfiri Aidan O'Haranın paytaxt Xartumdakı evində hücuma məruz qaldığı bildirilirdi.
İrlandiyanın xarici işlər naziri Micheál Martin cənab O'Haranın "ciddi zərər çəkmədiyini" təsdiqləyib.
O, hücumu "diplomatların müdafiəsi ilə bağlı öhdəliklərin kobud şəkildə pozulması" kimi qiymətləndirib.
Cənab Martin səfiri "ən çətin şəraitdə Aİ-yə xidmət edən görkəmli İrlandiya və Avropa diplomatı" kimi xarakterizə edib.
"Biz ona xidmətinə görə təşəkkür edirik və Sudanda zorakılığın təcili dayandırılmasına, tərəfləri dialoqun bərpasına çağırırıq", - Micheál Martin bildirib.
Bundan əvvəl Aİ-nin xarici siyasət rəhbəri Josep Borrell Tvitter hesabında diplomatik binaların və işçilərin təhlükəsizliyinin Sudan hakimiyyətinin “əsas məsuliyyəti” olduğunu bildirib.
Avropa İttifaqının sözçüsü Nabila Massrali AFP xəbər agentliyinə bildirib ki, hücumdan sonra Aİ nümayəndə heyəti Xartumdan təxliyə olunmayıb. O əlavə edib ki, işçilərin təhlükəsizliyi prioritet olub və təhlükəsizlik tədbirləri qiymətləndirilib.
Sudanda ordu ilə özünü Çevik Dəstək Qüvvələri adlandıran hərbi qrup arasında üç gündür gedən döyüşlər gecəboyu da davam edib.
BMT-nin məlumatına görə, Sudanda üç gündür davam edən döyüşlərdə 185 nəfər ölüb, 1800-dən çox insan yaralanıb. Şəhər hava hücumları, mərmilər və ağır atıcı silahlardan atəşə məruz qalıb.
Hər iki tərəf paytaxt Xartumda mülki əhalinin partlayışlardan qaçıb sığınacaqlara üz tutduğu əsas əraziləri nəzarətə götürdüyünü iddia edir.
Sudanda baş verən sonuncu ölümcül zorakılıq hallarının kökündə ölkədə iki yüksək çinli hərbçi arasında gedən güc uğrunda mübarizə dayanır: onlardan biri Sudanın lideri general Abdel Fattah al-Burhan, digəri isə onun müavini general Mohamed Hamdan Dagalo-dur.
O, bəzilərinin "soyqırım" adlandırdığı, Darfurda gedən müharibə zamanı ordunu at belində idarə edərkən populyarlıq qazanıb.
Beş il əvvəl ölkəyə 30 il rəhbərlik etmiş diktator Omar al-Bəşirin devrilməsi ilə nəticələnən inqilabdan sonra Sudanda ölkənin gələcəyi ilə bağlı böyük nikbinlik var idi.
Lakin indi ölkə yenidən əvvəlki dövrə qayıdır, BBC Dünya xidmətinin Afrika redaktoru Mary Harper yazır.
Uzun müddət dəmir yumruqla idarə olunan Sudanda sivil hakimiyyət qurmaq hər zaman çətin olub, o bildirir.
Keçid mərhələsinə zərbə vuran və müxalifətin etirazlarında onlarla insanın ölümünə səbəb olan 2021-ci il çevrilişindən sonra, görünür, ordunun güzəştlər etmək fikri yoxdur.
İndi isə artıq döyüşlər hərbçilərin öz aralarında gedir və bu savaşda iki tərəfin arasında qalan mülki əhalinın yeni Sudanla bağlı xəyalları alt-üst oldu.
BBC.com