“Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrini şərh edərkən çox maraqlı bir mənzərə yaranır. Belə ki, indiyə qədər olan anket sorğularının göstərdiyi nəticələrdən fərqli bir mənzərənin ortaya çıxdığını gördük - istər “Cümhur İttifaqı” baxımından, istər “Millət İttifaqı”, istərsə də “Ata İttifaqı” baxımından”.
Bunu Musavat.com-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.
“İstər parlament, istərsə də prezident seçkilərinin nəticələrini şərh etdiyimiz zaman birmənalı şəkildə deyə bilərik ki, ilk gündən seçki yarışında iştirak edən qüvvələrin hər biri tərəfindən öz cinahına cəlb edilməsi üçün bütün səylər göstərilməsinə rəğmən, birinci tura damğasını vuran siyasi qanad hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, məhz milliyyətçilər oldu. Bunu biz “Cümhur İttifaqı”nda olan MHP-nin, “Millət İttifaqı”ndakı İYİ Partinin, eyni zamanda Sinan Oğanın timsalında (“Ata İttifaqı”) 5,17% səs toplamasında gördük. Bu səbəbdən ikinci turda milliyyətçi elektorat uğrunda mübarizənin getdiyinin şahidi olmaqdayıq. Təsadüfi deyil ki, mətbəxdən canlı yayım verən Kamal Kılıçdaroğlu seçkidən sonrakı növbəti canlı yayımını artıq Mustafa Kamal Atatürkün qüvayi-milliyyə paltarındakı portreti qarşısında etdi. Əslində bu, milliyyətçi elektorata mesaj idi. Eyni halı “Cümhur İttifaqı”nda da müşahidə edirik. Qərarsız qalmış milliyyətçilərə yönəlik kifayət qədər ciddi mesajlar verilməkdədir. Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisinin Ümumi Yığıncağına sədrlik edəcəyi ilə bağlı rəsmi açıqlamanın olması da bu qəbildən hesab oluna bilər. Bütün bu məqamlar onu göstərir ki, tərəflər ciddi nəticə ortaya qoymuş milliyyətçilərin səsi uğrunda mübarizəyə başlamaqdadırlar”, - ekspert bildirib.
Vüqar Zifəroğlu vurğulayıb ki, bu mənada Sinan Oğanın da mövqeyi olduqca maraqlı görünür:
“Əslində Oğanın yığdığı 5,2% səs müəyyən mənada Türkiyə siyasi dairələrində və ictimaiyyətində ciddi nüfuza malik olan Məhərrəm İncənin namizədliyini geri çəkməsi ilə də artdı. Amma bu artımı maksimum 1,5% civarında qiymətləndirə bilərik. Bu mənada növbəti mərhələdə Sinan Oğan, yəni ona səs verən elektorat uğrunda da bir mübarizənin getdiyini görmək olar. Çünki Oğan verdiyi mesajlarla təkcə milliyyətçi kəsimin deyil, eyni zamanda sağ və sol mərkəzçi kəsimin də simpatiyasını qazana bildi. İncənin elektoratından buna görə ona səs verənlər oldu. Bu anlamda Sinan Oğanın düzgün seçim etməsi vacibdir. Nəzərə almaq lazımdır ki, Oğan Türkiyənin gələcəyində önəmli rol oynaya biləcək siyasətçilərdəndir. Bu mənada onun bu gün atdığı addım sabahını da aydınlaşdıracaq.
Əgər Sinan Oğan seçimi ilə bağlı aydın, əsaslandırılmış mövqe ortaya qoymasa, bu, onun hətta Türkiyənin milliyyətçi cameəsində belə, özünə yer tutmasına əngəl ola bilər. Oğana səs vermiş 5,2%-in bölgüsü bu mənada maraqlıdır. Məsələn, Oğan Kılıçdaroğlunu dəstəkləsə belə, 1-1,5% civarında olan səsinin ona gedəcəyini proqnozlaşdırmaq mümkündür. Halbuki bu zaman yerdə qalan səslərin 2 faizi Cümhur İttifaqına yönələ, qalan 1,5 faiz isə seçkiyə getməyə bilər (İncənin elektoratı). Əgər Oğan “Cümhur İttifaqı”nı dəstəkləyərsə, o zaman 5,2% elektoratın təqribən 3 faizinin rahatlıqla İttifaqa gedəcəyini proqnozlaşdırmaq mümkündür”.
Ekspert bildirib ki, əgər Sinan Oğan milliyyətçi dairədə nüfuz əldə etmək və mövqe möhkəmlətmək niyyətindədirsə, 3-cü varianta da gedə bilər:
“Bu variant hər iki ittifaqa uğurlar arzulaması, amma heç birini dəstəkləməməsini bəyan etməsidir, seçimini seçicilərinin öhdəsinə buraxmasıdır. Belə olacağı təqdirdə də, Sinan Oğanın 5,2% səsinin 3 faizinin, bəlkə də daha artığının məhz “Cümhur İttifaqı”nın namizədinin xeyrinə gedəcəyini təsəvvür etmək mümkündür. Burada 5,2% səsdən təqribən 0,5-1% ümumiyyətlə seçkiyə getməyəcək elektoratı müəyyənləşdirə bilərik. Yerdə qalan 4 faizə yaxın səs bölünəcək - 2,5-3, 1,5-1% arasında. Mübarizə həmin 4% uğrunda gedir. Bu da kifayət qədər böyük bir rəqəmdir. Nəzərə alaq ki, 2 milyon 800 min nəfərdən danışırıq. Nəzərə alaq ki, birinci turun taleyini həll etmək üçün 0,5% səs çatmadı”.
Ekspert qeyd edib ki, Türkiyədə seçki prosesi hər zaman fərqli bir mənzərədə ortaya çıxır:
“Seçkidən öncə Ərdoğanı, Türkiyə iqtidarını hədəf alan, düşmən obrazı yaradan Qərb mediası belə, birinci turdan sonra o ritorikanı dəyişdi. “Diktator ikinci tura qalmaz” kimi bəyanatlar verildi. Seçkinin nəticələrinin bu mənzərəsi artıq indidən Türkiyə iqtidarının və Türkiyə adına demokratiyanın önəmli bir qələbəsidir. Bu prosesdə əlbəttə ki, hər faizin önəmi var. Biz hazırda bu faizlər uğrunda ciddi rəqabətin getdiyinin şahidi olmaqdayıq”.
Vüqar Zifəroğlunun fikrincə, “Millət İttifaqı” indiyədək bir-birini hər şeydə ittiham edən, bir-birini düşmən obrazında görən qüvvələrdən ibarət bir ittifaqdır:
“Bu ittifaqın qarşısına qoyduğu məqsəd nə olur-olsun hakimiyyətə gəlməkdir”.
Ekspert AKP-nin böhran vəziyyətlərini uğurlu idarəçilik təcrübəsindən də danışıb:
“Çox böyük bir zəlzələ oldu. Bu zəlzələnin yaralarını tez bir zamanda sarmaq təbii ki, mümkün deyil. Bunu dünyanın heç bir ölkəsi edə bilməz. Türkiyədə qısa zaman ərzində maksimum dərəcədə çalışmaqla nəticələr ortaya qoyuldu. Mövcud iqtidar bunun öhdəsindən layiqincə gələ bildi. Çünki kriz yönəltmə təcrübələri var. İnsanlar bunu qiymətləndirdi. Onun nəticəsidir ki, “Cümhur İttifaqı” seçkidə zəlzələ bölgəsindən bu qədər səs yığdı. Doğrudur, müəyyən sosial narazılıqlar ola bilər, amma böhran vəziyyəti ilə bağlı Türkiyə insanı AKP-yə etibar edir. Bu etibar sandıqda da öz sözünü dedi. AKP zəlzələ bölgəsindən böyük səs faizi ilə çıxdı. Lakin qarşı ittifaqın tərəfdarlarının zəlzələ bölgəsindən olan seçicilərə qarşı çox çirkin bir kampaniya başlatması “Millət İttifaqı”nın əleyhinə işləyəcək çox ciddi faktordur.
İkinci turda “Cümhur İttifaqı”nın “Millət İttifaqı”ndan daha az səs yığacağını proqnozlaşdırmağımız üçün ciddi bir əsas yoxdur. Birinci turun kampaniyası zamanı da bəlli idi ki, verilən vədlər, mesajların icra mexanizmi yoxdur, bir çox hallarda isə reallığı əks etdirmir. Məsələn, Kılıçdaroğlunun ölkəyə 300 milyard “isti pul” gətirəcəyini bildirməsi kimi. Lakin pulun mənbəyi göstərilmir. 90-cı illərin əvvəllərində, sonlarında Türkiyədə iqtisadi böhranların baş vermə səbəbi məhz ölkə iqtisadiyyatına Qərb tərəfindən axıdılmış qeyri-şəffaf kapital idi. Türk seçicisi indi də eyni vəziyyətin yaranmasını istəməz. Eyni zamanda “Millət İttifaqı”na açıq dəstək verən bölücü terror təşkilatının siyasi uzantılarının açıqlamaları da narahatlıq doğurmaqdadır. Söhbət cümhuriyyətçilik, türkçülük prinsiplərindən imtinadan gedir.
Seçici bu məqamların hamısını çox ciddi şəkildə bilir, izləyir. Türkiyə seçicisi kifayət qədər təcrübəli, prosesləri ayırd etməyi bacaran bir seçicidir. Məhz bu məqamlar onu deməyə əsas verir ki, ikinci turda “Cümhur İttifaqı”nın namizədi birmənalı şəkildə qalib gələcək. Hətta bir sıra ekspertlər Ərdoğanın 55-60 faiz aralığında səs toplayacağı ehtimalını kifayət qədər real hesab edirlər”.
Aytən Novruz
Musavat.com