Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlu “YouTube” platformasında yayımlanan “BaBaLa TV”də qonaq olub. Siyasətçi 4 saat ara vermədən rəqib düşərgədə təmsil olunan AKP-çi gənclərin suallarını cavablandırıb.
Yenisabah.az xəbər verir ki, K.Kılıçdaroğlu Azərbaycan-Türkiyə münasibətlərinə də toxunub. O “Böyük İpək Yolu” layihəsindən danışaraq Azərbaycana qarşı mövqe sərgiləmədiyini diqqətə çatdırıb.
CHP sədri “prezident seçilərsə, ilk hansı ölkəyə gedəcək” sualına da aydınlıq gətirib:
“Prezident seçiləcəyim təqdirdə, ilk səfərimi KKTC və Azərbaycana edəcəyəm. İstanbul nədirsə, Bakı da bizim üçün odur.
Baxın, məsələ təkcə İrandan keçən yol deyil. Hazırda Zəngəzur dəhlizi deyilən yol da var, lakin bu yolla bağlı problem həll edilməlidir. Bu yolun həlli üçün isə Türkiyə Azərbaycanın yanında olmalıdır”.
Onun sözlərinə görə, İran və Ermənistan bu yolun açılmaması üçün müxtəlif maneələr yaratmağa çalışır:
“Amma bu yol açılarsa, bundan həm Türkiyə, həm İran, həm Ermənistan, həm də Azərbaycan karlı çıxacaq.
İqtidar elə təbliğat aparır ki, guya biz Azərbaycana qarşıyıq. Bunu deyənlər yalan saçırlar, “Millət İttifaqı”nın bütün üzv partiyaları və onların liderləri Azərbaycan mövzusunda iqtidarla eyni fikirdədir. Azərbaycana dəstək siyasətini hər kəs davam etdirəcək və bütün partiyalar bu mövzuda yekdil mövqedədir”.