20 dəqiqəlik üçtərəfli görüş: Putin nəyə tələsirdi, nə baş verdi?

26-05-2023, 12:23   




Ötən gün Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Prezident İlham Əliyevin qonaq qismində iştirakı xüsusi önəm daşıyırdı:

- İlk dəfə idi ki, Prezident Əliyev bu tədbirə qonaq kimi qatılırdı;

- İlham Əliyevin bu tədbirə dəvəti qəbul etməsi qarşı tərəfdə böyük təsir doğurmuşdu;

- İclasdan öncə təşkil edilən səhər yeməyi ətrafında görüşə İlham Əliyevin gəlişi xüsusi qarşılanma ilə müşayiət olundu: Putinin “danışan dili” Lukaşenko İlham Əliyevi qucaqladı, Putin isə Əliyevlə yanaşı oturdu. Bu, İlham Əliyevə xüsusi münasibətin göstəricisi idi;

- İlham Əliyev Aİİ iclas zalına öndə, Putinlə bərabər girdi – üzv ölkələrin liderləri daha geridə salona daxil oldular...

Diqqəti çəkən Rusiya liderinin konkretliyi idi: o, əvvəlcədən aparılmış görüşlər əsasında razılaşdırılmış məqamlar üzərində nəticə əldə etməyə çalışırdı.

Səbirsiz göründüyü diqqət çəkirdi: Putin heç bir geniş müzakirənin, debatların, azacıq da olsa, mübahisələrin olmasına qətiyyən hazır olmadığını nümayiş etdirdi. Amma konkret mesaj və ismarışlarını verdi:

- Ermənistan baş nazirinə Aİİ-nin bu ölkə üçün nə qədər önəmli olduğunu xatırlatdı: Ermənistandakı builki artımın qədərini soruşmaqla, Paşinyanın dilindən rəqəmin (12 faiz artım) bir daha səslənməsini təmin etdi və bunun çox yüksək rəqəm olduğuna xüsusi vurğu etdi;

- Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdığını, qısa müddətdə bu qədər böyük artım olmasını Paşinyana və dünyaya xatırlatdı;

- Aİİ-nin əsas benefisiarının Ermənistan olduğunu altını cızaraq dedi...

Bütün bunlar Ermənistanın təkcə hərbi deyil, iqtisadi baxımdan da Rusiyadan asılı olduğunu hər kəsə elan etmək idi.

Qeyd edək ki, Ermənistan Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində doğrudan da xüsusi rol oynayır və bundan milyardlar qazanır.

İclasın gedişində Azərbaycanla Ermənistan arasında sülh sazişinin müzakirə olunmayacağı ilk andan hiss olundu. Putin əsas hədəfinin kommunikasiyaların açılması olduğunu dərhal bildirdi və üçtərəfli görüşün əsas məqsədinin də bu olacağına işarə etdi.

Paşinyanın geniş toplantıda Azərbaycan Prezidentinin nitqinə “şərh” verməyə çalışması gözlənilməz reaksiya doğurdu: Aİİ liderləri də bunu istehza və narahatlıqla izlədilər.

- Putin onun dəhlizlərlə bağlı “iradını” “texniki” məsələ adlandırdı və məsələnin müzakirəsində maraqlı olmadığını göstərdi;

- Azərbaycan Prezidentinin sözünü dəstəklədi, əsas məsələnin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması olduğunu vurğulayaraq, digər məsələlərin asanlıqla həll edilə biləcəyini izah etməyə qalxdı;

- Məsələyə Qazaxıstan Prezidenti Tokayevin reaksiyasına imkan verməməklə, ümumiyyətlə, Paşinyanın açdığı müzakirəni yersiz və əsəbverici saydığını nümayiş etdirdi və s.

Paşinyan növbəti dəfə özünü arzulanmaz vəziyyətə saldı və bu da mesaj idi:

- Putinə bir daha bəlli oldu ki, Paşinyan hər vəchlə prosesi ləngitməyə və Moskvada hər hansı sənədlə bağlı razılıq verməyə meyilli deyil;

- “Bunu daha geniş müzakirə etmək fürsətimiz olacaq” deyə, müzakirəni üçtərəfli görüşə saxladı.

Putinin bu işarəsindən sonra hamı üçtərəfli görüşün qızğın müzakirə atmosferində və nəticəli keçəcəyini gözləyirdi.

Üçtərəfli görüş kifayət qədər gec başladı. Ancaq gözlənilənin əksinə olaraq, təxminən 20 dəqiqəyə başa çatdı.

Bu isə onu deməyə əsas verir ki:

- Üçtərəfli görüşdə konkret məsələ - kommunikasiyaların açılması müzakirəyə çıxarılıb;

- Moskva görüşündə başqa heç bir problem qaldırılmayıb – belə görünür ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı məsələlərin müzakirəsi və sülh bağlanmasını Moskva Qərb platformasına güzəştə getməyə hazırdır, əvəzində bölgədə hərbi və iqtisadi varlığını əhəmiyyətli şəkildə qorumaq istəyir.

Putin görüş başlamadan öncə artıq mövqeyini ortaya qoydu: bəzi xırda, ancaq mühüm məsələlərin razılaşdırılması üçün baş nazir müavinləri səviyyəsində bir həftə ərzində görüş keçirilməsi razılaşdırılır; dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməklə kommunikasiyaların açılması müəyyən edilir; suverenlik qorunmaqla kommunikasiyaların açılması zamanı tərəflərin bir-birinin ərazisindən daşımalar və nəqliyyatın keçidində güzəştlər tətbiq edəcəyi barədə ortaq məxrəcə gəlinir.

Vacib məqam:

Prezident İlham Əliyevin Aİİ iclasına qonaq qismində dəvət edilməsi və ilk dəfə bu iclasda iştirakı, həmçinin, Azərbaycanın Aİİ ölkələri ilə - Ermənistan istisna olmaqla – yüksək iqtisadi əlaqələri və təcrübəsi olmasının vurğulanması təsadüf deyildi.

Ehtimal ki, Ermənistanla kommunikasiyaların açılmasında Aİİ formatından – xüsusilə yüklərin daşınmasında güzəştli keçid, formal yoxlanış, güzəştli gömrük və s. – istifadə edilməsi prioritet ola bilər.

Putin Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin tam açılması və hazırda sanksiyalar altında olan Rusiyanın iqtisadi imkanlarının genişlənməsinə tələsir. Təsadüfi deyil ki, Aİİ toplantısı başlamazdan öncə Putin Rusiyanın İranla birgə dəmiryol layihəsinə Azərbaycanın da qoşulacağına çox böyük ümidlər etdiyini bildirmişdi.

Putin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin açılmasını bir an tez təmin etmək istəyir: bu, həm Ermənistanı iqtisadi mühasirəyə almaq, həm də Rusiyanın iqtisadi imkanlarını genişləndirmək üçün vacibdir.

Azərbaycanın nəqliyyat habına çevrilməsi baxımından bu, Bakının da maraqlarına uyğundur.


axar.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.