Ermənistan yenidən sərhəddə təxribatlar törətməyə başlayıb. Səbəbi isə bəllidir.
Öncə məlumatı olmayanlar üçün bir daha xatırladaq ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.
Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.
Məlumatda qeyd olunub ki, əməliyyat şəraiti nəzarətdə saxlanılır.
Görünür, Paşinyan mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının geniştərkibli iclasında gülünc vəziyyətə düşməyinin, müxalifətinin hədəfinə çevrilməyinin əvəzini bu cür təxribatlarla çıxmaq istəyir. Əslində, 44 günlük müharibədən sonra Ermənistanın bu cür təxribatları dəfələrlə olub.
Ermənistan diplomatik sahədəki məğlubiyyətinin əvəzini adətən Azərbaycanla sərhəddə, Azərbaycana qarşı müxtəlif hərbi əməliyyatlar keçirməklə ört-basdır etmək istəyib, istəyir. İndi də Paşinyan Moskvadakı görüşlərdə rəzil duruma düşməyini bu cür təxribatlarla kompensasiya etmək istəyir.
Paşinyan Moskvadakı görüşdə “söz savaşı”na başlamağa cəhd etsə də, özünü gülünc vəziyyətə saldı. Hətta ağzına gələni danışdı, özünü itirdi, arqumentləri kifayət qədər əsassız oldu.
Bunu Ermənistan mətbuatı, müxalifəti də hiss etdi və Paşinyan bu gün kəskin tənqid olundu.
Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Nikol Paşinyana Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını bildirməsi və hökumət başçısının bunu susqunluqla qarşılaması Ermənistan müxalifətini kəskin hiddətləndirdi.
Nəticədə Ermənistan çıxış yolunu sərhəddə təxribat törətməkdə gördü.
Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edildi. Sözsüz ki, diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər.
Yəni məsələ kifayət qədər ciddidir...
Onu da qeyd edək ki, Ermənistan hər dəfə sülh danışıqlarının qızğın çağında bu cür təxribatlara əl atır. Paşinyan sülh müqaviləsi ilə bağlı yola yaxın danışsa da, baş verən təxribatlar erməni hiyləgərliyindən xəbər verir.
Moldovanın paytaxtı Kişinyovda Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanması, yaxud bir həftə sonra Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin Moskvada kommunikasiya və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı görüşü ərəfəsində baş verən bu təxribat Ermənistanın sülh müqaviləsinə, Azərbaycanla münasibətlərin normallaşmasına yanaşmasının göstəricisidir. Ermənistan yenə də təxribat etməklə danışıqlardan yayınır.
Bütün bunlar göstərir ki, erməni xisləti dəyişməyib. Onlar heç də regionda sülhün tərəfdarı deyillər. Yenə də terrora, təxribata əl atmaqla bir növ status-kvonun qalmasına çalışırlar.
Lakin Azərbaycan və onun lideri öz qətiyyəti ilə Ermənistanı geri çəkilməyə məcbur edib və etməkdədir.
Ermənistanın təxribatlarına rəğmən Azərbaycan bölgədə sülhün təmin olunmasında, əzəli torpaqlarının bərpasında, orada əmin-amanlığın təmin olunmasında geri addım atmayacaq.
Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Biz, öz qanuni sərhədlərimizin, torpağımızın bərpası üçün çalışırıq.
Musavat.com