İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda liderlərin “beşli format”da ilk görüşü reallaşıb. Qeyri-rəsmi (qeyri-formal) xarakter daşıyan görüşün əsas moderatoru, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öncə “üçlü format”da İlham Əliyev və Nikol Paşinyanla bir araya gəlib.
Şarl Mişel Kişinyov danışıqlarından bir gün qabaq öz twitter səhifəsində belə yazmışdı: “Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək, sərhədlərin delimitasiyası işində irəliləmək, eləcə də sərhəd bölgələrində riskləri azaltmaq lazımdır. Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq hazırda həlledici əhəmiyyət kəsb edir. Maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlar lazımdır”.
Liderlərin son Moskva sammitində olduğu kimi, “Beşli format”da da konkret sənəd qəbul edilmədi. Düzdür, cəmi 20 dəqiqəyə bitən Moskva görüşündən fərqli olaraq, Kişinyov müzakirələri saat yarım çəkdi, amma yenə nəticə olmadı.
Bu arada ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib ki, əgər masa arxasında E.Makron varsa, onda sülh müqaviləsini unutmaq lazımdır. “Kişinyovdakı görüşün isə prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”, - deyə sabiq diplomat vurğulayıb.
Fakt budur ki, vasitəçilər çoxalsa da, sülh sazişinin mətnini hələ ki, “gördüm” deyən yoxdur.
Xatırladaq ki, gələn ay - iyulun 21-də Brüsseldə liderlərin daha bir görüşü planlaşdırılır. İyunun ortaları isə ABŞ-da XİN rəhbərləri görüşəcək.
Bu arada Fransa Prezidentinin mövqeyi Bakının kəskin etirazına səbəb olub. “Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”.
Musavat.com-un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişinyov görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib.
O qeyd edib ki, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. “Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir”, - XİN sözçüsü vurğulayıb.
Göründüyü kimi, sülh carçısı qismində çıxış edən Fransa rəhbəri yenə də ənənəsinə sadiq qalaraq, pozuculuq mövqeyi sərgiləyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə beşli format (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) çərçivəsində müzakirə apardılar. Almaniya Kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi. Bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqının liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək. Bu format müharibədən əvvəl Rusiya-Ukrayna gərginliyi ilə bağlı yaradılan Normand formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya) bənzəyir”.
Bu fikirlər “Atlas” Araşdrmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Analitikin sözlərinə görə, “Normand formatı” işə yaramadı və dağıldı: “Azərbaycan-Ermənistan danışıqlarıyla bağlı "beşli format"ın da uğur qazanacağını söyləmək çətindir, sadəcə, Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyir. Moskva, Vaşinqton, Brüssel formatına Fransa və Almaniyanın iştirakı ilə “beşli format” da əlavə olundu".
Elxan Şahinoğlu
E.Şahinoğlu qeyd edib ki, Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Almaniya Kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi: “Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalıb və "beşli format" çərçivəsindəki müzakirələrin faydası olmayıb. Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq".
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirib ki, Moldovanın paytaxtında keçirilən müzakirələr Avropanın gələcək geosiyasi arxitekturasına həsr olunmuşdu: “Görünür, Avropa Siyasi Birliyi artıq ciddi bir təhlükəsizlik institutuna çevrilir və öz başlanğıcını ötən ilin oktyabrında Praqadan götürüb. Moldovada Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik prosesinin tənzimlənməsi ilə bağlı ilk öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qoşuldular. Bununla Mişel mesaj verdi ki, mayın 14-də Brüsseldə olan müzakirələrdən sonra vəziyyət öyrənilir. Digər tərəfdən, Brüsseldən sonra Moskvada Əliyev, Paşinyan və Putin arasında görüş keçirilib. Üçtərəfli görüşdən sonra "Beştərəfli görüş"dən gözləntilər çox böyük idi, Qərb görüşə çox yaxşı hazırlaşmışdı. Lakin əldə olunan əsas nəticələrdən biri 1975-ci ilin xəritəsi əsasında delimitasiya prosesinə razılıqla bağlıdır. Buna qədər Almatı Bəyannaməsi fundamental sənəd hesab olunurdu. 75-ci ilin xəritəsi həm də anklavlar məsələsinə aydınlıq gətirir".
İ.Hüseynov əlavə edib ki, hələ müzakirə ediləcək bir sıra məqamlar qalmaqdadır: “Bununla yanaşı, iyunun 12-də ABŞ-ın vasitəçiliyi ilə XİN rəhbərləri səviyyəsində görüşün davam etdirilməsinə dair razılığın əldə olunması göstərir ki, Cənubi Qafqazda gedən siyasi proseslərdə rəsmi Vaşinqton əsas geopolitik aktordur”.
E.PAŞASOY,
“Yeni Müsavat”