Ceyhun Bayramov: “Azərbaycana bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”
Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində Tehrandan müraciət daxil olub.
Bu barədə iyunun 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işinin davam etdiyini də vurğulayıb:
“Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycana bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.
2023-cü ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov öldürülüb:
“Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb”.
Yanvarın 30-da Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Martın 28-də saat 21:51-də isə Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında güllələnib.
Deputat sağ çiyinindən və sağ ayağından yaralanıb.
Elə həmin gün Baş Prokurorluq deputata siyahlı hücumla bağlı cinayət işi açıb.
Bir gün sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumla bağlı cinayət işi açıb.
Bildirilib ki, qurumun İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bu gün hüquq-mühafizə orqanları Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar altı nəfərin Qaradağ rayonu ərazisində saxlanılması haqda məlumat yayılıb.
Saxlanılan şəxslərin hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri, onların yaşadıqları evlərdə axtarış keçirildiyi bildirilir.