Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Üçtərəfli bəyanat üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin danışıqları 6 noyabr 2020-ci ildə başlayıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibədə baş vermiş hərbi əməliyyatların şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, bəyanatı lakin bir şərtlə imzalamağa razılaşıb ki, orada Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə və Şuşa ilə bağlı müddəalar olmayacaq. Bundan əlavə, Ermənistan Hadrutun müqabilində Ağdam rayonunu geri qaytarmağı təklif edib.
Paşinyan Rusiya Prezidentinin vasitəçiliyi ilə danışıqları davam etdirdiyini qeyd edib və 8-9 noyabr tarixlərində onlar arasında 20-yə yaxın, müharibə davam etdiyi müddət ərzində isə 60-a yaxın telefon danışığı olduğunu əlavə edib: “Qısa müddət ərzində məlum oldu ki, Azərbaycan tərəfi Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etmir, buna görə də tərəflər Ağdam və Şuşa haqqında heç bir maddə yer almayan mətnlə bağlı razılığa gəliblər. Bəyanatın mətnində hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi yer alıb.
Mən əslində noyabrın 8-dən 9-na keçən gecə o sənədi imzaladım. Sonradan məlum oldu ki, Azərbaycan bu sənədi imzalamır və daim yeni tələblər irəli sürür. Rusiya Prezidenti deyəndə ki, Azərbaycan Tavuş vilayətindəki anklavların qaytarılması ilə bağlı bəndin bəyanata əlavə olunmasını təklif edir, mən bundan imtina etdim və belə bir sənədin imzalanmasını istisna etdiyimi rəsmən bəyan etdim”.
Ermənistan hökumətinin başçısı vurğulayıb ki, bir müddət sonra məlum oldu ki, bu bəndin oraya daxil edilməməsi ilə bağlı razılıq əldə olunub.
Paşinyanın sözlərinə görə, gecə yarısına yaxın (noyabrın 9-dan 10-a keçən gecə-red.) hərbi əməliyyatların intensivliyi artıb, həmçinin Xankəndi səmasında çoxlu sayda pilotsuz uçuş aparatlarının olması barədə xəbərlər yayılıb. Paşinyan əlavə edib ki, mürəkkəb və uzun sürən müzakirələrdən sonra məlum sənədi imzalayıb: “Sənədin son versiyası 9 noyabr səhəri təklif olunan variantdan pis olsa da, Meğri vasitəsilə Azərbaycana dəhliz verilməsi və ya Tavuş vilayətindəki sovet anklavlarının təhvil verilməsini təklif edən variantdan daha yaxşı oldu”.
Qeyd edək ki, hazırda Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclası Baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilir. İclasa bir sıra yüksək rütbəli hərbi və siyasi xadimlər də dəvət edilib.//APA