Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) növbəti yay sessiyası öz işinə başlayıb. Sessiya çərçivəsində Rusiyanın Ukraynaya təcavüzü, miqrasiya, Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlarla bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Sessiyada Milli Məclisin deputatları - AŞ PA-da nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai iştirak edirlər.
“Azərbaycan nümayəndə heyətinin Laçın dəhlizi məsələsinin AŞ PA-nın yay sessiyasının gündəliyinə salınmasının qarşısını almaq üçün göstərdiyi səylər uğurlu alınmayıb”.
Bu barədə sevincək məlumatı Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vladimir Vardanyan məlumat verib.
“AŞ PA səs çoxluğu ilə bu məsələni cari sessiyanın gündəliyinə daxil edib”, - deyə erməni deputat bildirib. Məlumata görə, bu müzakirə iyunun 22-də olacaq. İyunun 19-da isə Cenevrədə BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyası keçirilib. Erməni mənbələrinin məlumatına görə, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folkner Türk dünyada insan haqlarının mövcud vəziyyəti ilə bağlı hesabat təqdim edib. Türk Cənubi Qafqaz regionuna toxunaraq deyib: “Mənim ofisim illərdir Cənubi Qafqaz regionunda de-fakto hakimiyyətin faktiki nəzarəti altında olan ərazilərə çıxış əldə etməyə çalışır. BMT-nin insan hüquqları mexanizminin müntəzəm monitorinqi və əlaqəsi olmaması səbəbindən insanlar daha həssas olurlar. Giriş bizə insan hüquqlarının qiymətləndirilməsini aparmağa və insanların ehtiyaclarına cavab verməyə imkan verəcək və etimad yaratmağa kömək edəcək. Mən Ermənistan və Azərbaycanı insan hüquqlarına əsaslanan sülh səylərini aktivləşdirməyə çağırıram. Mən həmçinin Laçın dəhlizi boyunca sərbəst və təhlükəsiz hərəkətin vacibliyini və mülki əhaliyə hər hansı humanitar təsirin qarşısının alınmasının vacibliyini vurğulayıram”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı bu məsələdə Azərbaycan tərəfin görməli olduğu işləri sadaladı: “BMT-nin İnsan Hüquqları Şurasının iclasında deyilən fikirlər həqiqətdən uzaqdır. Bu, tam aydın şəkildə görünür. Ümumiyyətlə, bu cür yanlış fikirlərin arxasında erməni, xristian təəssübkeşliyi, həmçinin beynəlxalq qurumları idarə edən ayrı-ayrı dövlətlərin maraqları dayanır. Bunu özümüz üçün tam aydınlaşdırmalı və uyğun taktiki və strateji gedişlər etməliyik. Şuranın rəhbəri Laçın dəhlizi ilə ermənilərin sərbəst hərəkət etməsinin vacibliyini qeyd edir. Bu cür açıqlama və sənədlərlə bağlı əsaslandırılmış mövqe ortaya qoymalı, BMT rəhbərliyi qarşısında bu şuranın qərəzli mövqeyi ilə bağlı məsələ qaldırmalıyıq. Hazırladığımız sənədə baxılmasına nail olmalıyıq. Bu sənəddə ilk olaraq faktlarla göstərilməlidir ki, Laçın dəhlizi bağlı deyil. Sonra isə sual qoyulmalıdır ki, nə üçün 30 ildir Naxçıvanla Azərbaycanın digər əraziləri arasında hərəkət edə bilməyən azərbaycanlıların hüququndan danışmır, müzakirə etmirsiniz? Bu sənəd BMT-yə üzv ölkələrə özəl olaraq da göndərilməli və münasibət bildirmələri xahiş olunmalıdır. Eyni məzmunlu iş partiyalar və QHT-lər tərəfindən də görülməlidir, amma təbii ki, faktlar əsasında və beynəlxalq normalara riayət edilməsi şərti ilə. Mahiyyət ondan ibarətdir ki, biz qərəzli sənəd və açıqlama ilə çıxış edən qurumları peşman etməliyik ki, bir də o cür davranmaqdan çəkinsinlər”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli belə bir məsələnin sessiyada müzakirəyə çıxarılmasını ölkəmizə qarşı hörmətsizlik hesab edir: “Avropa Birliyi Şurası, Parlamenti və bu qitənin digər təşkilatları Azərbaycan və Türkiyəyə sözün əsl mənasında düşmən kəsiliblər. Ələxüsus da 44 günlük müharibədən bu günlərimizə qədər əksər Avropa ölkələri anti-Azərbaycan mövqeyi göstərirlər. Burada təbii ki, Ermənistanın xeyrinə xristian təəssübkeşliyi, türkfobiya, islamafobiyada yer alır, amma burada XİN və Diaspora Komitəmizin də günahı var. Bu qədər pullar xərclənir, Avropadan qonaqlar gəlir. Bütün bunlara rəğmən, məsələn, Fransa Senatında bir deputat tapılmır ki, xeyrimizə səs versin. Dövlət tərəfindən səfirliklər, konsulluqlar, yerli diaspora komitələrinə bu qədər pullar xərclənir, amma nəticə yox ki, yox. AŞ PA-nın yay sessiyasında Laçın dəhlizinin müzakirəyə çıxarılması və BMT-nin Laçın dəhlizi ilə bağlı açıqlama verilməsi Azərbaycan ərazi bütövlüyünə hörmətsizlikdir. Nə yaxşı ki, nə AŞ PA, nə də BMT-nin mövqeyi heç nəyi həll etmir. BMT formal təşkilata çevrilib və islahatlara getməlidir. AŞ PA da eynən dişsiz bir qurumdur və BMT kimi Azərbaycana real mənfi təsir gücündə deyil. Bütün bunlara rəğmən Azərbaycan beynəlxalq strukturlar və xarici ölkələrlə, xüsusən də, Qərb dövlətləri ilə daha ciddi işləməlidir”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu isə qeyd etdi ki, Ermənistan əvvəllər olduğu kimi, Azərbaycan əleyhinə kampaniyasını davam etdirməkdədir: “Ermənistan təxribatçı siyasətindən geri durmaq fikrində deyil. Çalışır ki, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə hansısa qətnamələr, sənədlər qəbul olunsun, çıxışlar edilsin. Ən münasib məkanlardan biri kimi də Avropa Şurası Parlament Assambleyasını görürlər. Laçın məsələsini yenə də qaldırırlar. Halbuki bu məsələ artıq həll olunub. Sərhəd-keçid məntəqəsi də fəaliyyət göstərir. Sadəcə, təxribatlar törədiləndə müvəqqəti olaraq sərhəd-buraxılış məntəqəsi fəaliyyətini dayandırır. İndi də təhlükə yaranıb. Amma normalda işləyir. Ermənilər həmin sərhəd-keçid məntəqəsindən istifadə edirlər. Xəstələrini də keçirə bilirlər. Burada heç bir problem yoxdur. Amma saxta xəbərlərlə Ermənistan bu məsələni Avropa Şurası Parlament Assambleyasında qaldırmağa çalışır. Bununla çalışır ki, AŞ PA-da Azərbaycan əleyhinə növbəti qətnamənin qəbuluna nail olsun. Amma nə olursa-olsun, hətta ölkəmiz əleyhinə hansısa bir sənəd qəbul edilsə belə, bu, bizim siyasətimizə təsir etməyəcək. Ona qalsa, beynəlxalq məhkəmədən guya Laçın dəhlizinin açıq olması ilə bağlı bunlar bir qərar qoparıblar. Lakin bu da bizim mövqeyimizə təsir etmir. Çünki obyektiv olaraq hər bir ölkənin sərhədi olduğu kimi Azərbaycan da öz sərhədini müəyyənləşdirir. Ona görə də AŞ PA-da istənilən qərar Azərbaycanın siyasətinə təsir etməyəcək. Bizim Qarabağ siyasətimiz dəyişməyəcək. Ona qalsa, illər öncə AŞ PA-da Ermənistanı tənqid edən sənəd qəbul olundu. Qarabağın işğaldan azad olunması, Sərsəng Su Anbarının azad olunması ilə bağlı sənəd qəbul edildi. Hansı biri yerinə yetirildi? Ermənistan hər birini qulaqardına vurdu. Ermənistan ən mühüm təşkilat olan Birləşmiş Millət Təşkilatının dörd qətnaməsini 28 il yerinə yetirmədi. Heç kim də ona heç bir söz demədi. Belə olan halda Azərbaycan öz haqlı siyasətini kiminsə sözü ilə dinləməli, yaxud da kiminsə qətnaməsini yerinə yetirməlidir? Əlbəttə, beynəlxalq təşkilatlarda öz sözümüzü deməli, mübarizəmizi aparmalıyıq. Azərbaycan əleyhinə qəbul edilən hər hansı bir qətnamə o demək deyil ki, biz o qətnaməni yerinə yetirməliyik”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”