Ermənistan mediası Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində baş vermiş silahlı təxribatdan sonra Rusiya sülhməramlı qüvvələrinin Laçın-Xankəndi yolundan keçməsində və təminatında ciddi maneə yarandığını iddia edir.
Cebhe.info-nun məlumatına görə, “Hraparak” qəzeti belə yazıb.
“Məsələ burasındadır ki, müharibədən sonra Qarabağa olan bir neçə min rus əsgərinin ərzaq təminatı belə həll olunur: ərzaq və dizel yanacağı, eləcə də digər zəruri mallar Gümrüdəki 102-ci hərbi bazadan verilir. Qarabağda isə yalnız bu malları qəbul edir və saxlayırlar”.
Adıçəkilən qəzetin yazdığına görə, Laçın dəhlizi bağlı olduğundan, sülhməramlılar Gümrüdən gələn bu təminat vasitələrini Qarabağa daşıya bilmirlər. Bunun əvəzində Azərbaycan sülhməramlılara ərzaq və yanacaq verməyə hazırdır.
“Yerli mənbələrimizin məlumatına görə, Rusiya sülhməramlıları dəhlizdən keçmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparsa da, hələlik müsbət cavab almayıb. Azərbaycanlılar humanist jest edərək Rusiya tərəfinin yemək və yanacağı ilə məşğul olmağı təklif edir.
Lakin ruslar hələ təslim olmayıblar və ya mənbəmizin dediyi kimi, yuxarıdan göstəriş almayıblar. Məsələ burasındadır ki, problem ərzaq və ya yanacaq deyil, daha çox siyasidir. Çünki 9 noyabr üçtərəfli Bəyanatda Laçın dəhlizinə nəzarət Rusiya tərəfinə verilib. Azərbaycandan tədarüklərə razılıq vermək isə bu ölkə ilə inteqrasiya yolunda daha bir addım demək olacaq”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin gündəlik infortmasiya bülletenlərində Azərbaycanın sülhməramlı kontingentə ərzaq, yanacaq və digər humanitar təminat vasitələrinin gətirlməsini qadağan etdiyinə dair heç bir məlumat yoxdur.
Müşfiq Abdulla
Cebhe.info