Qarabağda erməniləri Azərbaycan Ordusuna atəş açmağa Rusiya cəsarətləndirib

28-06-2023, 19:34   


Cənubi Qafqazda sülhə və sabitliyə əngəl törədən, zərbə vuran kənar güclərin ünvanı artıq heç kimdə elə bir ciddi şübhə doğurmur. Belə ki, regional sülh prosesini məhz Rusiya və Fransanın ortaq şəkildə sabotaj etdiyi inkaredilməz reallıqdır. Üstəlik, artıq Kreml və rəsmi Paris də Cənubi Qafqazda sülh prosesinə qarşı fəaliyyət göstərdiklərini inandırıcı şəkildə təkzib edə bilmirlər. Və hazırda regionda baş verən istənilən hərbi-siyasi təxribatın arxasından məhz bu iki dövlət çıxır.  

Məsələ ondadır ki, Fransa Cənubi Qafqazda gərginliyi yüksəltmək üçün Ermənistanı hərbi cəhətdən gücləndirməyə çalışır. Rəsmi Paris rəsmi Dehli üzərindən Hindistan-Fransa ortaq istehsalı olan silahların Ermənistana ötürülməsinə start verib. Və bu, Fransanın Azərbaycana qarşı düşmənçilik etməsi anlamına gəlir.

Eyni zamanda, Fransa Hindistan vətəndaşlarının Ermənistandakı terror düşərgələrində təlim keçmələrini də maliyyələşdirir. Yaxın gələcəkdə həmin hindli terrorçulardan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılır. Və nəhayət, Fransanın "Vaqner"in Ermənistanda yerləşdirilməsi ilə bağlı anlaşmasının ifşa edilməsi rəsmi Parisin regionu "barıt çəlləyi"nə çevirmək niyyətini biruzə verir.

Rusiyaya gəldikdəsə, Kreml hazırda Ermənistan ordusuna və erməni separatçı-terrorçulara nəzarəti hələ də öz əlində saxlaya bilir. Bu baxımdan, Kreml Rusiya kəşfiyyatının agentlərindən ibarət Ermənistan generaliteti və erməni terrorçular üzərindən silahlı təxribatlar törətmək mexanizmlərini qoruyur. Baş nazir Nikol Paşinyanın Ermənistan ordusuna güvənmədiyinə dolayısı eyham vurması da, erməni təxribatlarında Rusiyanın rolunun olduğunu təsdiqləyir.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşünə paralel olaraq, yenə erməni təxribatı baş verdi. Üstəlik, bu dəfə silahlı təxribatlar məhz Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycan ərazisində törədildi. Və bu erməni təxribatı bəzi önəmli məqamların üzərindən "sirr pərdəsi"ni götürməyə imkan verir.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə rus sülhməramlıların himayəsi altında özlərini təhlükəsizlikdə hiss edən erməni separatçı-terrorçular Azərbaycan ordusunun mövqelərinə atəş açıblar. Azərbaycan ordusunun cavab reaksiyası ilə 5 nəfər erməni terrorçu zərərsizləşdirilib. İndi bu hadisə Həm Rusiyanı, həm də Ermənistanı müəyyən mənada, çətin vəziyyətə salıb.

Məlum olub ki, zərərsizləşdirilmiş 5 erməni terrorçudan iki nəfəri məhz Ermənistan ordusunun hərbçiləridir. İndi rus sülhməramlılar həmin iki erməni terrorçunun cənazəsini Laçın postundan keçməklə, Ermənistana aparılması üçün rəsmi Bakıdan icazə almağa çalışırlar. Halbuki, bu önəmli məqam həm Rusiyanın, həm də Ermənistanın dəqiq cavab verməyə borclu olduqları bəzi suallara da yol açmaqdadır.

Birincisi, Kreml hər imkanda Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün üçtərəfli anlaşmaların əsas hüquqi baza olduğunu vurğulayır. Halbuki, həmin üçtərəfli anlaşmaların tələblərinə görə, Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazisindən tamamilə çıxarılmalı idi. Ancaq indi real faktlar mövcuddur ki, Rusiya sülhməramlıları Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etməyib. Deməli, Rusiya üçtərəfli anlaşmaların tələblərini yerinə yetirməyib və həmin sənədlər hüquqi qüvvəsini itirib.

İkincisi, rəsmi İrəvan da israrla bəyan edir ki, Azərbaycan ərazisində Ermənistan ordusu mövcud deyil. Ancaq Azərbaycan ordusunun zərərsizləşdirdiyi iki hərbçi və onların Ermənistana aparılması üçün müraciət bunun əksini sübut edir. Deməli, rəsmi İrəvan da üçtərəfli anlaşmaları kobud şəkildə pozmaqda davam edir. Və Ermənistan ordusunun Xankəndi və ətraf bölgədə olan tör-töküntüləri Azərbaycan ordusu üçün legitim hədəfdir, rəsmi İrəvan öz hərbi terror dəstələrini dərhal tam tərkibdə bölgədən çıxartmalıdır.

Nəhayət, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni təxribatının kimə sərfəli olması da maraqlı məqamdır. Belə ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda sülh sazişinin detallarını müzakirə edirlər. ABŞ rəsmiləri ikitərəfli təmaslar sayəsində sülh sazişinin imzalanma ehtimalının yüksək olduğunu vurğulayırlar. Yəni, Ağ Ev əmindir ki, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması yaxın vaxtlarda baş tuta bilər.

Halbuki, bu, Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Çünki sülh sazişi imzalanarsa, Rusiyanın əvvəlcə Azərbaycan ərazisindən, ardınca Ermənistandan, son nəticədə isə Cənubi Qafqazdan çıxması qaçınılmaz olacaq. Üstəlik, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Rusiyanın deyil, məhz ABŞ-ın vasitəçiliyi ilə imzalaması regionun bütün qapılarının Kremlin üzünə tam bağlanması anlamı daşıyır.

Ona görə də, Xankəndi və ətraf bölgədə erməni təxribatının məhz Rusiyanın sifarişi ilə törədildiyi qətiyyən şübhə doğurmur. Kremlin bu erməni təxribatında əsas hədəfinin Vaşinqton görüşünü pozmaq olduğu açıq-aşkar nəzərə çarpır. Rusiyanın tam himayəsi altında olan erməni separatçı-terrorçuların rəhbəri Arayik Arutyunyanın törətdikləri son silahlı təxribatın ardınca Paşinyan hakimiyyətinə etdiyi müraciət də bəzi məqamlara aydınlıq gətirir: "Azərbaycanla sülh danışıqlarını dərhal dayandırın”.

Göründüyü kimi, hər şey açıq şəkildə ortadadır. Erməni separatçı-terrorçuların son silahlı təxribatının səbəbləri və hədəfləri Araik Arutyunyanın Paşinyan hakimiyyətinə müraciətində yer alan cəmisi bir cümlədə ifşa olunur. Belə məlum olur ki, erməni təxribatının əsas hədəfi məhz Vaşinqton görüşüdür.

Yəni, bu görüşü pozaraq, sülh prosesini əngəlləməyə çalışırlar. Bu cəhdlərin arxasından isə Rusiyanın isterik sifarişi nəzərə çarpır. Çünki Vaşinqton görüşündə uğurlu nəticə Kremlin maraqlarına ziddir. Həmin görüşü poza biləcək istənilən silahlı təxribat isə Rusiyaya sərfəlidir.

Ona görə də, Rusiya hələ də himayə etdiyi erməni separatçı-terrorçuları Azərbaycan ordusuna qarşı silahlı təxribatlara cəsarətləndirib. Bu isə o deməkdir ki, Kreml erməni separatçı-terrorçuların vasitəsilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə atəş açıb. Azərbaycan ordusu isə həm Rusiyanın, həm də erməni separatçı-terrorçuların gözlədiyindən daha sərt və ağır cavab reaksiyası ilə onları çətin vəziyyətə salıb./Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.