“Düşünürəm ki, ermənilərin sülhü pozmaq niyyəti təsadüfən meydana gəlmədi. 26 iyundan öncə baş verən proseslərə də nəzər salmalıyıq”.
Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq xatırladıb ki, erməni lobbisinin aktiv olduğu ölkələrdə - Rusiya, Fransa və ABŞ-da oturaq aksiyalar keçirilməyə başlanmışdı:
“Məlumdur ki, erməni lobbisi Ermənistanın siyasi həyatını müəyyənləşdirir. Bu oturaq aksiyalar Ermənistan və onun arxasında olan, sülhü istəməyən qüvvələr üçün də bir işartı idi. Revanşizmin gücləndirilməsi əlamətləri üzə çıxırdı. Ağdamda mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz yaralandı, ardınca ordumuzun preventiv tədbirləri ilə düşmənin canlı qüvvəsi və mühəndis-istehkam qurğuları məhv edildi”.
Politoloq hesab edir ki, separatçıların bundan sonra daha geniş və məqsədyönlü şəkildə sülhü pozmaq cəhdləri üzə çıxacaq:
“Vaşinqtonda XİN rəhbərləri səviyyəsində keçirilən görüşlər regionda maraqları olan qüvvələrə qarşı bir mesaj kimi qiymətləndirilir. Regionda sülhü istəməyən qüvvələr bunu çox ağrılı qəbul edirlər.
Əsas məsələ bundan ibarətdir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində antiterror əməliyyatı keçirmək hüququnu əlində saxlayır. Bu yaxınlarda Rusiyada baş verən hadisələrə nəzər salsaq, deyə bilərik ki, dövlətə və dövlətçiliyə qarşı bir mövqe ortaya qoyulursa, dövlət strateji qərarlar qəbul edir və antiterror əməliyyatı həyata keçirmək üçün kasadakı son damla da daşır.
Azərbaycan da “Fərrux”, “Sarıbaba”, “Qisas” əməliyyatı ilə nümayiş etdirdi ki, Rusiya sülhməramlıları bölgədə olsa da, antiterror əməliyyatı həyata keçirmək hüququnu əlində saxlayır, heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə qarşı çıxa bilməz. Ona görə də nə qədər çox sülhü pozacaqlarsa, bu, qarşı tərəf üçün daha fəlakətli nəticələrə gətirib çıxaracaq. Azərbaycan sülh prosesinə diplomatik masadakı mövqeyinin gücləndirilməsi məqsədilə yanaşmaqla yanaşı, həm də təhlükəsizlik və hərbi sahəyə də öz diqqətini ayırır. Bu cür təxribatlara bundan sonra da hazırlıqlı olmaq lazımdır”.
İlyas Hüseynovun sözlərinə görə, baş verən təxribatları aradan qaldırmaq üçün Rusiya sülhməramlılarının əlində çoxlu imkanlar var idi:
“Əsas məsələ bundan ibarətdir ki, üçtərəfli bəyanatın 4-cü maddəsi hələ də implementasiya olunmayıb. Orada göstərilir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisini tərk etməlidir. Lakin Birinci Qarabağ, İkinci Qarabağ müharibəsindən sonra qalmış mühəndis-istehkam qurğuları hələ də bu ərazidədir və daha da təkmilləşdirilir. Onlara müxtəlif təlimlər, seminarlar keçirilir. Məlumdur ki, sülhməramlılar separatçı ünsürlərdən Qarabağda dayaqlarının daha da gücləndirilməsi üçün istifadə edir. Eyni zamanda onların rotasiyası zamanı kolonların Rusiya sülhməramlıları tərəfindən müşayiət olunması faktları da çoxsaylıdır.
Bu halda belə çıxır ki, Rusiya sülhməramlıları həm üçtərəfli bəyanatın təhlükəsizliyə dair fundamental maddəsinin icra edilməsində maraqlı deyil, həm də sülhə qarşı olan separatçıların arxasında dayanır. Belə olan halda Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün addımlar ata bilər”.
Politoloq vurğulayıb ki, Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına, bərpasına milyardlarla pul xərcləyir:
“Milyonlarla vəsait ərazilərin minalardan təmizlənməsinə ayrılır. Milyonlarla vəsait keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasına xərclənir.
Bu gün genişmiqyaslı fəaliyyət icra etdiyimiz bir dövrdə biz icazə verə bilmərik ki, terrorçular, başıpozuq insanlar, təhlükəsizliyə təhdid törədən müxtəlif şəxslər Qarabağda qalsınlar və üçtərəfli bəyanatın maddələri icra olunmasın. Rusiya prezidenti və Rusiya dövləti bu üçtərəfli bəyanatın bir tərəfidir. Əgər öhdəliklər yerinə yetirilmirsə, Azərbaycan birtərəfli qaydada öz maraqlarını təmin edə bilər”.
Aytən Novruz
Musavat.com