Ayxan Salmanov: “Bu ”Moskviç"i ideal vəziyyətə salmaq üçün üzərində 4-5 il çalışdıq"
Sovet əfsanələrindən olan “Zaporojest”, “Moskviç”, “Çayka”, “Pobeda” avtomobilləri təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada məşhur idi. Hazırda da bütün MDB ölkələri kimi Azərbaycanda da köhnə sovet əfsanəsi olan avtomobillər gözə dəyir. Artıq bu “qocalmış” avtomobillər hansısa rəhbər şəxsi deyil, toy mərasimlərinə tələsən bəy və gəlinləri daşıyır. Son vaxtlar avtomobil həvəskarları bu qoca sovet maşınlarını alıb, onu yenidən işlək vəziyyətə salıb sürməklə özlərini xöşbəxt hiss edirlər.
Xüsusən də Azərbaycanda bu cür köhnə avtomobil həvəskarlarına tez-tez rast gəlinir. Biz də təsadüf nəticəsində 1977-ci il istehsalı olan “Moskviç 2140" modelinə rast gəldik. Bu cür qocaman maşınların artıq az sayda qaldığını nəzərə alaraq maşının sahibini tapıb, onunla maşının tarixçəsi, haradan aldığı barədə söhbət etmək qərarına gəldik. İstəyimizə müvəffəq olduq. Bu avtomobilin sahibləri Aleksandr Serqeyeviç Volkov və Ayxan Salmanov adında iki gənc dostdur. Onların 1977-ci il istehsalı olan ”Moskviç"i klassik avtomobillərdən çox fərqlənirdi. Dostlar yaşıl rəngdə olan, salonu fərqli dizaynda quraşdırılmış bu sovet əfsanəsini bu hala gətirmək üçün 5 ilə yaxın vaxt sərf etdiklərini və maşının bütün hissələrini müasir standartlara cavab verən formada yığdıqlarını dedilər: “Bu maşın 1977-ci ilin dekabrında istehsal olunub. Maşının markası ”Moskviç 2140"dır. Maşın dostumun idi. Onun babası uzun illər bu maşını sürüb. Biz maşını alanda demək olar ki, heç nəyə yaramırdı və tam tullantı vəziyyətində idi. Dostumdan maşını atmamağı və bizə satmasını xahiş etdim. O da razılaşdı və biz 200 dollara bu maşını aldıq. Maşını ideal vəziyyətə salmaq üçün isə 4-5 il üzərində çalışdıq".
A.Volkov deyir ki, onlar “Moskviç”dən əvvəl də bir neçə 1950-1970-ci illərə aid sovet maşınlarını bu cür təmir edib, işlək hala gətirib satıblar: “Biz bu ”Moskviç"i alanda bunun sadəcə olaraq üstü və təkərləri vardı, başqa heç nəyi yox idi. Biz bu maşının karobkasını “QAZ 24"ün karobkası ilə əvəz etdik. Həmçinin təkərləri də dəyişdik. Salonu yığıb 1982-ci ilin dekoru etdik. Rol da 1982-ci ilə aiddir. Çalışmışıq ki, maşının qədimliyini saxlayaq”.
Bu qoca “Moskviç”in salonunun dizaynı doğrudan da insanı keçmişə aparır. Maşının üzərində Almaniya nömrəsi var. Bu nömrənin haradan əldə etdiklərini soruşduqda A.Salmanov maşın nömrələri kolleksiyası yığdığını və onda müxtəlif ölkələrə məxsus maşın nömrələri olduğunu bildirdi: “Məndə almaniyanın, Texasın, Rusiyanın, Ukraynanın maşın nömrələri var. Keçmişə aid müxtəlif ölkələrə məxsus maşın nömrələri yığıram və bunun həvəskarıyam. Biz indi bu maşını Almaniya nömrəsi ilə satmışıq. Həmçinin əlimizdə hazırda 1989-cu il istehsalı olan beş motorlu ”Mercedes Benz S 500 long" markalı avtomobil var. 1989-cu il istehsalı olan beş motorlu avtomobil Azərbaycanda bir dənədir, o da bizdədir. Bu maşının da karobkasını yenidən yığmışam və şəhərdə rahat şəkildə sürürəm. Bu maşını satmaq fikrimiz yoxdur".
A.Volkov “Moskviç”i köhnə avtomobillərin kolleksiyasını yığan bir şəxsə 1200 dollara satdıqlarını dedi: “Maşının satılması üçün saytlara xüsusi elan verməmişdik. Sadəcə olaraq, maşının üzərinə telefon nömrəsi qeyd edib ”Satılır" yazmışdıq. Avtomobil kolleksiyaçısı da buradan keçərkən görüb və almaq qərarına gəlib".
“Moskviç”in üzərində illərlə işləyib, əziyyət çəkdikdən sonra onu satmağın onlar üçün çətin olub-olmadığını soruşduqda isə A.Salmanov bu maşınları istəməsələr də satmaq məcburiyyətində olduqlarını bildirdi: “Bu maşınlar olduqca qocadır. Bizim maşın saxlamaq üçün qarajımız və ya qapalı şəraitimiz yoxdur. Çöldə də qalanda yağış, qar pis vəziyyətə salır, çürüdür. Əlimizdə belə məhv olub getməkdənsə, onu saxlayacaq şəraiti olan adama satmaq daha məqsədəuyğundur”.
Günel MANAFLI