Ərdoğan yeni Qafqaz masası qurur: Türkiyə hərəkətə keçdi, rus sülhməramlılar çıxarılacaq

16-09-2023, 19:42   


Rusiya ilə qarşılıqlı münasibətlərində müəyyən problemlərin olduğu artıq şübhə doğurmayan Türkiyənin dördtərəfli görüş təklifi Kremli ciddi tərəddüdlər qarşısında buraxmış kimi görünür... Rəsmi Ankara Cənubi Qafqaz siyasətini konkretləşdirib, atılan son addımlar Türkiyənin tədricən Rusiyanı regiondan yola salaraq, onu əvəzləmək hədəfinə sahib olduğunu göstərir...

Cənubi Qafqazda regional sülh prosesi növbəti mərhələyə keçmək üzrədir. Belə ki, regionda sülhü və sabitliyi pozmağa çalışan beynəlxalq güclər hədəflərindən uzaq qalmış kimi görünürlər. Bu vəziyyətdə isə Cənubi Qafqazın gələcək inkişaf istiqamətlərinə ümidverici görüntülər qata biləcək proseslərin önü açılmış olur. Və bu baxımdan, yaxın vaxtlarda daha fərqli geopolitik ssenarilərin daha aktual ola biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda sülh prosesini pozmağa can atan əsasən, iki dövlət var. Bu iki dövlətin sülh danışıqlarının gələcək taleyi ilə bağlı mövqeyi üst-üstə düşsə də, onların geopolitik maraqları kəskin şəkildə toqquşur. Ona görə də, Rusiya və Fransanın Cənubi Qafqazda rəqib-müttəfiq modeli üzrə gizli əməkdaşlıq etməsi o qədər də, gözlənilməz xarakter daşımır. Və bu baxımdan, Rusiya-Fransa cütlüyünün Azərbaycan-Türkiyə İttifaqına qarşı ortaq müqavimətindən danışmaq üçün kifayət qədər ciddi əsaslar mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı ermənipərəst Fransanı regional sülh prosesindən kənarda tutmağa üstünlük verir. Prezident İlham Əliyev Fransanın Cənubi Qafqaz hədəflərinin bloklanmasında xüsusi prinsipiallıq nümayiş etdirir. Rəsmi Parisin indiyə qədər regional sülh prosesini bir neçə dəfə pozması da Azərbaycan liderinin tamamilə doğru qərar qəbul etdiyini növbəti dəfə təsdiqləyir. Hər halda, Fransanın Cənubi Qafqazda sülh prosesinin əsas düşmənləri sırasında xüsusi çəkiyə malik olduğu inkaredilməz reallıqdır.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Eyni zamanda, Rusiya da regional sülh prosesini açıq-aşkar təhdid edir. Rusiya regionda qalmaq üçün Azərbaycan və Ermənistan arasında daimi hərbi-siyasi qarşıdurmada birbaşa maraqlıdır. Hətta son vaxtlar Kreml bu mövqeyini gizlətməkdə belə, çətinlik çəkir. Və bu baxımdan, hesab etmək olar ki, hazırda Azərbaycanın Qarabağ üzərində beynəlxalq hüquq normaları ilə təsbit olunmuş suverenliyinin təmin edilməsi qarşısında Rusiya əsas əngəl rolunu oynayır.

Təbii ki, belə vəziyyətdə Cənubi Qafqazda Azərbaycanın Fransa-Rusiya cütlüyü qarşısında təklənmə təhlükəsi yaranmış kimi görünür. Düzdür, hazırda rəsmi Bakı həm Fransaya, həm də Rusiya qarşı müqavimət göstərmək imkanları verən geopolitik resurslara sahibdir. Ancaq regional sülh prosesinin sürətləndirilməsi və Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başladılması üçün Azərbaycanın əlavə dəstəyə ehtiyacı olmamış da deyil.

Belə vəziyyətdə Azərbaycan-Türkiyə müttəfiqliyi barədə Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti maksimum səviyyədə artmış kimi görünür. Hətta son vaxtlar Azərbaycan-Türkiyə İttifaqının Cənubi Qafqaz üzərində ortaq geopolitik iradə faktorları yaratmaq niyyəti də müşahidə olunur. Belə ki, Azərbaycan və Türkiyə vahid hava məkanı layihəsinin reallaşdırılmasına başladıqlarını artıq birmənalı şəkildə bəyan ediblər.

Təbii ki, bu, Cənubi Qafqazda geopolitik maraqları olan bütün beynəlxalq güclərə açıq xəbərdarlıq mesajı xarakteri daşıyır. Eyni zamanda, Türkiyə bu regiona yönəlik siyasətini də artıq konkretləşdirməyə başlayıb. Rəsmi Ankaranın Ermənistanın beynəlxalq himayədarlarına güvənib, hərbi gərginliyin artırılmasına cəhd göstərən Paşinyan hakimiyyətinə son sərt xəbərdarlığından sonra vəziyyət tədricən dəyişmək üzrədir. Və Cənubi Qafqazda Türkiyənin geopolitik iradəsi daha qabarıq şəkildə təsir gücü qazanmaqdadır.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Məsələ ondadır ki, rəsmi Ankara Cənubi Qafqazdakı geopolitik proseslərdə birbaşa iştirak etmək qərarı verdiyini artıq qətiyyən gizlətmir. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi yeni müzakirə formatı Cənubi Qafqazda maraqları olan beynəlxalq gücləri çıxılmaz vəziyyətə salıb. Bu yeni formatın reallığa çevrilməsi Cənubi Qafqazın gələcək geopolitik perspektivlərini konkretləşdirmiş olacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın yeni müzakirə formatı Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan liderləri arasında dördtərəfli görüşün keçirilməsini nəzərdə tutur. Rəsmi Ankara bu təklifi artıq qarşı tərəflərin hər birisinə çatdırıb və israrla cavab gözləyir. Halbuki, Azərbaycan istisna olmaqla, Rusiya və Ermənistan hələlik reaksiya verməkdə tərəddüd edirlər.

Məsələ ondadır ki, rəsmi İrəvan Fransanın razılığı olmadan belə bir yeni formata qatılmaqdan çəkinir. Paşinyan hakimiyyəti müzakirə masasında Türkiyəni deyil, məhz Fransanı görmək istəyir. Halbuki, bundan sonra Fransanın Qafqaz masasına oturması o qədər də asan məsələ təsiri bağışlamır. Çünki rəsmi Bakı Fransanı onsuz da regional proseslərdən bloklayıb. İndi Türkiyənin dövrəyə girdiyi bir məqamda Cənubi Qafqazın qapıları ümumiyyətlə, Fransanın üzünə qapanmış olur.

Digər tərəfdən, rəsmi İrəvanın Türkiyənin təklifinə uzun müddət müqavimət göstərə biləcəyi də inandırıcı deyil. Hər halda, Ermənistan Türkiyənin regional təsirini artıq birbaşa hiss etməyə başlayıb. Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə ilə inadlaşmaq isə Ermənistana baha başa gələ bilər. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması üçün Türkiyə yeganə "pəncərə" rolunu oynamaq imkanındadır. Rəsmi İrəvan bu "pəncərə"nin qapanmasına səbəb verərsə, Ermənistan Rusiyanın hegemonluğu altından heç vaxt çıxa bilməz.

2f56a7d9af433314345d68d126d3107e.jpg (163 KB)

Nəhayət, hazırda rəsmi İrəvan və Kreml arasında münasibətlərin korlanması, qarşıdurma mühitinin dərinləşməsi də Ermənistanı Türkiyə qarşısında çarəsiz duruma salır. Paşinyan hakimiyyəti rəsmi Ankara ilə siyasi təmasları intensivləşdirmək məcburiyyətində qalıb. Hər halda, rəsmi İrəvan ABŞ və Qərbin Cənubi Qafqazdan Rusiyanın sıxışdırılması prosesində Türkiyə faktoruna böyük önəm verdiyini də anlamamış deyil. Və Türkiyənin Cənubi Qafqaza yerləşməsinin Qərbə tamamilə sərfəli olduğu inkaredilməz reallıqdır.

Təbii ki, Türkiyənin təklifinə reaksiya verərkən, Kremldə bütün bunları nəzərə almalı olacaq. Rusiya ABŞ və Qərbin Cənubi Qafqaza nüfuz etməsini qətiyyən istəmir. Ancaq Türkiyənin bu regionda hegemon geopolitik iradə sahibinə çevrilməsi də Kremlin planları sırasına daxil deyil. Çünki bu, yaxın gələcəkdə regionda Rusiyanın NATO üzvü olan Türkiyə ilə əvəzlənməsinə yol aça bilər.

Bütün bunları nəzərə aldıqda, Rusiya ilə qarşılıqlı münasibətlərində müəyyən problemlərin olduğu artıq şübhə doğurmayan Türkiyənin dördtərəfli görüş təklifi Kremli ciddi tərəddüdlər qarşısında buraxmış kimi görünür. Çünki rəsmi Ankara Rusiya üçün çox taleyüklü bir mərhələdə dövrəyə girmək niyyətinə düşüb. Hər halda, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılacağı vaxta o qədər də çox qalmayıb.

Rusiya bu problemi həll etməyə çalışa da, Türkiyənin geopolitik iradəsi qarşısında buna nail olmaq qətiyyən asan məsələ deyil. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğan NATO toplantısından sonra Rusiya qoşunlarının 2025-ci ildə Azərbaycanın Qarabağ regionundan çıxarılacağını açıq mətnlə bəyan etmişdi. Və bu, Türkiyənin tədricən Rusiyanı Cənubi Qafqazdan yola salmaq planına sahib olduğunu göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar