Bütün ittihamlar «bumeranq» effekti verir
Avropa Parlamentinin məlum qətnaməsi və ABŞ prezidenti Barak Obamanın Azərbaycanla bağlı tənqidi çıxışı hakimiyyət üşün “soyuq duş” effekti verdi. Görünür, bu soyuğun təsirindən “sətəlcəm” olublar və buna görə də əleyhlərinə işləyəcək itihamlara kökləniblər.
Yəqin oxucular da təsdiqləyər ki, hakimiyyət bir qayda olaraq daxildəki və xaricdəki tənqidçilərini “ermənipərəst” likdə ittiham edir. Ancaq ittihamlar bununla da tükənmir. Qərbin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi, ikili standartlardan çıxış etməsi, Azərbaycanın müstəqil siyasətinə əngəllər törətməsi kimi “arqumentlər” də səsləndirilir. Ən maraqlı və hakimiyyətin əleyhinə işləyəcək arqumentlərdən biri də siyasi məhbuslarla bağlıdır. Məsələn, Leyla Yunusun həbsi əksər beynəlxlaq təşkilatların qınağına səbəb oldu, müxtəlif ölkələr etiraz bəyanatı verdi və Avropa Parlamenti qətnaməsinə bu xanımın adını da saldı.
Azərbaycan hakimiyyəti isə, dünyanın bu həbslərə münasibətini “istintaq prosesinə mane olmaq”, “məhkəmələrə təsir etmək” kimi qiymətləndirdi. Yəni hakimiyyət sözçüləri bildirir ki, proseslər başa çatmadan Leyla Yuunusu, Intiqam Əliyevi və digər “siyasi məhbus”ların günahsızlığını iddia etmək yanlışdır.
Əgər doğurdan da belədirsə, hakimiyyət özü niyə haqsız olduğu vəziyyətdə belə bir addım atır? Istintaq prosesi yekunlaşmadan Leyla Yunusu “erməni agenti” adlandırmaq, vergidən yayındığını iddia etmək, mənimsəmədə suçlamaq nə qədər etik və hüquqidir?
Leyla Yunus və digərləri həbs olunduğu gündən hakimiyyətin “Yeni Azərbaycan”, “Azərbaycan”, “Səs” qəzetləri, onlarla saytları qeyri-etik məqalələr dərc edir, təhqiri, böhtanı yan-yana düzürlər. Bu da azmış kimi millət vəkilləri, komitə sədrləri telekanallara yığılıb, ağızlarına və ağıllarına gələni danışırlar. Bu da kifayət etmir və həbsxanada Leyla Yunusa işəgəncə verilir, şərəf və ləyaqətini alçaltmağa çalışırlar.
Necə olur ki, beynəlxalq aləmin 30 illik hüquq müdafiəçisinə dəstək bəyanatı qanunsuz, hakimiyyət komandasının təhqirləri, böhtanları qanuni olur?
Digər tərəfdən, Azərbaycanda məhkəmələrin hansı vəziyyətdə olduğu, hakimlərin hansı şərtlər altında qərar çıxardığı məlum faktdır. Hakimiyyətin “qara piar”ından sonra hansı hakim cəsarət edib Leyla Yunusla və ya digər siyasi məhbuslarla bağlı ədalətli qərar çıxara bilər? Dayanmadan aparılan şər-böhtan kampaniyası, hakimlər üçün siyasi mesajdır. Belə bir şəraitdə yalnız “qurd ürəyi” yemiş hakim ədalətli qərar çıxara bilər ki, belələrini də hakimiyyət vəkillikdən kənarlaşdırıb.
Indi siz deyin. Istintaqın gedişinə əngəl törədən, məhkəmələrə təsir göstərən, hüququ tapdaq edən kimdir?
Göründüyü kimi, hakimiyyətin bütün ittihamlarıtək, bu tipli ittihanmları da əsassızdır və bumeranq effekti verir. Bir ölkədə ki, adamlar həbs olunacağını əvvəlcədən bilir, bir ölkədə ki, şərlənmək adi hala çevrilib, o ölkədə qanunun aliliyindən, istintaqın ədalətli aparılmasından danışmaq, sadəcə lətifədir.
Ancaq hakimiyyətin yaratdığı bu lətifə gülməyə deyil, ciddi nəticələr çıxarmağa vadar edir. Ona görə də beynəlxalq aləm ciddi mövqe sərgiləyir və kimin haqlı olduğunu da dəqiq bilir.
Akif