“Qubad İbadoğlunun həbsi və Azərbaycanda siyasi məhbusların vəziyyəti” oktyabrın 11-də Strasburqda Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən “paralel tədbir”in mövzusu olub.
Dinləmələri Azərbaycan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir sıra assambleya üzvləri ilə birgə təşkilatçılığı ilə keçirilib.
Qubad İbadoğlunun işi barədə məlumat verən İbad Bayramov, atasına qarşı ittihamların uydurma olduğunu, istintaq prosesinə cəlb edilən şahidlərin saxta məlumatlar verdiyini deyib. İbad Bayramov həmçinin atasının səhhətinin sürətlə pisləşdiyini, onun həbsxanada zəruri tibbi yardımı ala bilmədiyini, beynəlxalq təşkilatlar və xarici ölkələrin Azərbaycandakı nümayəndələrinin İbadoğlu ilə görüşünə imkan verilmədiyini qeyd edib.
“Saxta ittihamlarla həbs edilən təkcə Qubad İbadoğlu deyil. Azərbaycanda hazırda 200-dən çox siyasi məhbus var. Bu rəqəmlər davamlı olaraq artır və ölkədə bununla bağlı monitorinq aparacaq müstəqil təşkilat yoxdur. Çünki bu təşkilatlar ya ölkəni tərk edib, ya da onların fəaliyyəti qadağan edilib. Hazırda geniş spektri əhatə edən insanlar siyasi baxışlarına görə həbsdədir”, İbad Bayramov vurğulayıb.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, Qubad İbadoğlunun həbsi onun siyasi fəaliyyəti, korrupsiyaya dair araşdırmaları və siyasi hakimiyyətə tənqidi mövqe tutmasından irəli gəlir.
Avropa Stabillik Təşəbbüsü beyin mərkəzinin direktoru Gerald Knaus çıxışı zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı hesabatdan 10 il keçməsinə baxmayaraq, Azərbaycanda siyasi məhbus problemi, siyasi motivli həbslərin davam etdiyini deyib.
“Avropa Şurasının nizamnaməsi ölkələrin səmimi və effektiv şəkildə əməkdaşlıq etməli olduğunu deyir. Ancaq hələ də siyasi məhbusların uydurma ittihamlarla həbs edildiyini, tənqidi səslərin boğulduğunu görürük. “Media haqqında” yeni qanunla bu məsələlərin Azərbaycanda müzakirəsi daha da çətinləşib. “Siyasi partiyalar” haqqında yeni qanun isə siyasi partiyaların fəaliyyətini mümkünsüz edib. Buna baxmayaraq, çalmalı olan həyacan siqnalı hələ də çalmır”, Gerald Knaus deyib.
AŞPA deputatları Piter Omçiqt, Ceremi Korbin və digər çıxışçılar Avropa Şurası orqanlarını Azərbaycanda siyasi məhbus problemi və ümumilikdə insan hüquqlarının vəziyyəti ilə bağlı daha effektiv addımlar atmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə Qubad İbadoğluna lazımi tibbi yardımı təmin etməyə, onun dərhal azad edilməsi üçün zəruri addımları atmağa çağırılıb.
Bundan əlavə, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı AŞPA-nın yenidən məruzəçi təyin etməsi ilə bağlı zərurətin olduğu vurğulanıb.
Strasburq/12.10.23/Turan: