Ən sərsəm, ən bahalı, ən maraqlı boşanmaları barədə bilinməyənlər...
Nikah, toy mərasimi kimi boşanma da səs-küy doğuran hadisədir. Biri sevinc, digəri kədərlə müşayiət olunsa da... Və maraqlıdır ki, dünyada evliliklərin sayı da boşanmalara adekvatdır. Artıq adi boşanma ilə heç kimi təəccübləndirmək mümkün deyil. Dünyada hər gün bir-birindən fərqli, səs-küylü boşanma hadisələri qeydə alınır.
İsveçrə boşanmaya görə lider sayılır
Öncə statistik müqayisə. 2002-ci ildə boşanma ilə nəticələnən yeni nikahların sayına görə birinci yerdə İsveçrə qərarlaşmışdı. Sonrakı yerlərdə Belarus və Finlandiya, 12-ci pillədə Rusiya, Azərbaycan 38, Ermənistan 41, Türkiyə 42, 46-cı pillədə isə Hindistan dayanmışdı. 2010-cu ildə boşanmaların sayına görə siyahıya Rusiya, Belarusiya və və Ukrayna rəhbərlik edib. İlk onluqda ölkəmizin adı qeyd olunmayıb. Ötən il dünyada boşanmalar daha çox 45-49 yaş arasında olan cütlüklər arasında qeydə alınıb. Sonrakı pillədə 50-54, 55-59 yaş hədlərində olan cütlüklər qərarlaşıb. 40 yaşdan aşağı olanlar arasında isə bu faktlar daha az qeydə alınıb. 2013-cü ildə açıqlanan hesabata görə, boşanan kişilərin say üstünlüyünə görə Dominikan Respublikası siyahıya liderlik edir. Daha sonrakı yerdə Latviya və Çexiya qərarlaşır. Boşanan qadınların say üstünlüyünə görə Latviya, Litva və Çexiya ön pillədədi. Boşanma faktlarının say üstünlüyünə görə şəhər və kənd tipli ərazilərdə də mövcud durum fərqlidi. Bir çox dünya ölkələrində, məsələn, Kuba, Kipr, Meksika, Hollandiya, İsveçrədə kənd yerləri ilə müqayisədə şəhərdə yaşayan cütlüklər arasında boşanma faktları daha çox qeydə alınıb.
Biri tutuquşuya görə boşanır, o biri vasvasılığına görə
Dediyimiz kimi, dünya səs-küylü boşanma hadisələrinə dəfələrlə şahidlik edib. Nəticədə isə xeyli qabarıq siyahı formalaşıb. Öncə ilginc, hətta deyərdik, gülməli boşanma olaylarının siyahısına diqqət yetirək.
Hindistanın Bombey şəhərində bir nəfər həyat yoldaşından daha çox sevgi-məhəbbət istədiyi, amma bu istəyinə cavab ala bilmədiyi üçün boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. O, ərizəsində arvadı tərəfindən məcbur edildiyi üçün dərmanlar qəbul etdiyini, amma bu dərmanlar üzündən də xəstəxanaya düşdüyünü deyib. Arvadının istəklərini yerinə yetirməyi rədd etdiyi zamanlarda isə yoldaşının təhdidi ilə qarşılaşdığını söyləyib. İddia boşanma ilə nəticələnib. Ancaq bu bilinən ən qəribə boşanma hekayəsi deyil.
İtaliyada anasından ayrıla bilməyən kürəkən, bal ayına gedəndə anasını da apardığı üçün evliliyi 3 həftə çəkib.
Almaniyada bir qadın həyat yoldaşının təmizlik xəstəliyi üzündən boşanmağa qərar verib. Yaxşı bəs niyə? Yoldaşının son qərarı “çirkli” olduğu üçün divarı uçurub, yeni divar tikmək istəyi olub. 15 ilin tamamında evlilik başa çatıb.
30 yaşında olduğu halda yoldaşına 24 yaşı olduğunu söyləyən qadının yalanı 10 il sonra açılıb. Bu yalan isə boşanma ilə nəticələnib.
2001-ci ildə evindəki quşlar sayəsində bir qadın həyat yoldaşının onu aldatdığını öyrənib və boşanmağa qərar verib.
99 yaşı olan ər 96 yaşlı yoldaşının 60 illik eşq məktublarını tapdığı üçün boşanma ərizəsi ilə məhkəməyə üz tutub. Bu ayrılıqla dünyanın “boşanan ən yaşlı cütü” adı ilə Ginnesin Rekordlar Kitabına düşüblər.
Fransız bir qadın həyat yoldaşını 20 ildir onunla yaşamadığı üçün məhkəməyə verib. Hakim “romantik zərər” verdiyi üçün ərə 14 min dollar dəyərində təzminat cəzası verib və onları boşayıb.
Onlar boşanır, milyonlar havada uçuşur...
Amerikanın CelebrityCafe portalı məşhurlar arasında ən bahalı boşanmaların reytinqini müəyyənləşdirib. Reytinqə Maykl Cordan ilə xanımı Xuanitanın boşanması başçılıq edir.
17 il birgə yaşadıqdan sonra 2006-cı ildə ayrılmış cütlüyün boşanması Cordana 168 milyon dollara başa gəlib. O, eks-xanımına məhz bu qədər pul ödəyib.
İkinci yerdə müğənni Nil Daymond və prodüseri Mörfinin boşanmasıdır. Mörfi bundan 150 milyon dollar qazanıb.
İlk üçlüyü məşhur rejissor Stiven Spilberqlə aktrisa Emi İrvinqin boşanması qapayır. Boşanma Spilberqə 100 milyon dolllara başa gəlib.
Sərvəti “Forbes” tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 mlrd avro (4,5 mlrd dollar) ödəməli olacaq.
Bu qərarı Cenevrə məhkəməsi verib. Ərlə arvad evlənəndə nikah müqaviləsi bağlamayıblar. Buna görə də, İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış sərvət sayılır, uyğun olaraq boşanma zamanı yarı bölünür. Amma vəkil bildirir ki, Cenevrə məhkəməsinin qərarından şikayət etmək mümkündür.
Ərlə-arvad birlikdə 24 il yaşayıblar, altı ildir ki, əmlakı bölməklə məşğuldurlar. Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.
Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder həm də Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət başqa bir sərvətə də malikdir. Onların boşanması çağdaş tarixin ən bahalı boşanması sayılır.(musavat)