Düzəlmişdi hər işimiz... - Hökumət sabahdan utilizasiya pulu yığır, yüzminləri narazı salır

31-01-2024, 10:09   









Bir el məsəli var - düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. İndi respublikanın hər işi yoluna düşüb, avtomobillərin utilizasiya pulu qalıb. Fevralın 1-dən, yəni sabahdan bu qara xəbər də elan olunacaq. Sanki ölkədə satılan benzinin keyfiyyəti çox yüksəkdir, yollarımız unikal və idealdır, texniki baxış xidməti şəffafdır, təkcə utilizasiya rüsumu qalıb. Axı bu tələb də büdəcəyə yox, kimlərinsə büdcəsinə xeyir verəcək?! Bu tələb o zaman vacib olardı ki, bu sahədə hər şey ideal səviyyədədir. Amma getdikcə cərimə üzərinə cərimə, rüşvət üstünə rüşvət gəlir. Ölkə cərimə batalyonuna çevrilməkdədir. Bu dərəcədə kütləvi narazılıq yaradılması heç bir məqsədə xidmət edə bilməz. Amma tənqidlər, haqlı etirazlar faydasızdır. Bu məsələdə də öz bildiklərini diqtə edəcəklər. Məlum olduğu kimi, fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdən dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi də tələb ediləcək.
Jurnalist Elməddin Muradlı deyib ki, ölkədə istismar edilən avtomobillərə görə istehsal ili 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 20 ildən 30 ilədək olanlarda 30 AZN və 30 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı müəyyənləşib. Bu hələlik ilkin məlumatlardır və rəsmi təsdiq olunmayıb.
Fevralın 1-dən bu proses hansı formada həyata keçiriləcək o da bəlli deyil. Amma bu ödənişlər hansısa bir formada olacaq. Ola bilsin bu fevralda baş verməsin, digər müddətdə olsun. Çünki hələ heç bir hesab nömrəsi ortada yoxdur.
Fakt odur ki, bir fond yaradılıb. Amma yığılan vəsait hara xərclənəcək, açıqlanmır. Bütün hallarda sosial mediada görünən narazılıqlardan bu qənaətə gəlmək olar ki, əhalini növbəti bir problemlə üzbəüz qoyur, vətəndaşları, yüzminlərlə sürücünü protest elektoratına çevirirlər. Bu layihələri, qərarları kim təklif edir, ölkə rəhbərliyinə kimlər təqdim edir, bəlli olmasa da, hər kəsə məlum olan budur ki, onsuz da xeyli xərc-borc, işıq, qaz limiti, yüksək faizli kredit, min bir cərimə-cəza içində olan əhalini bir də utilizasiya rüsumu ilə narazı salmaq yersizdir. Üstəlik, seçki dönəmində...Seçkiyə düz 6 gün qalmış. Təəssüf ki, Azərbaycanda Afrika maaşı ilə Avropa standartlarında yaşamaqdan dəm vururlar. Belə olmur, cənablar...

Azər Talıbov 
Anaxeber.imfo

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar