Moskvanın Bakıya artan reveranslarının ilginc səbəbi; Gürcüstanın tamamən əldən çıxması Rusiyanı öz forpostu ilə yalnız Azərbaycan vasitəsilə quru əlaqəsi yaratmaq zorunda qoyub; işğalçı ölkənin Avrasiya layihələrinə qoşulması ilə bu yöndə Bakıya təzyiqlər pik həddə çata bilər; şimal qonşumuz son həmləyə hazırlaşır?
Qarabağ məsələsi ətrafında Rusiya tərəfdən maraqlı, eyni zamanda ehtiyatlı bir hərəkətlilik müşahidə edilməkdədir. Bu hərəkətlilik özünü əsasən moskvalı politoloqların dilindən problemin həllinə dair səslənən fikirlərin üst-üstə düşməsində göstərməkdədir. Belə rəylərin ortaq rezümesi kimi rusiyalı ekspert Sergey Markovun ötən həftə verdiyi müsahibəni göstərmək olar.
Tanınmış politoloq Azərbaycan, Rusiya və Ermənistan diplomatları arasında Qarabağla bağlı hansısa danışıqların getdiyini, ilkin mərhələdə Azərbaycanın işğal altındakı 7 rayonun boşaldılması müqabilində Ermənistanın iqtisadi və kommunikasiya blokadasının götürülə biləcəyini söyləmişdi. Təqribən eyni vaxtda belə bir versiya da səslənmişdi ki, rayonları almağın qarşılığında Azərbaycan bağlı yolları açacaq və Rusiya öz forpostu ilə Gürcüstana girmədən quru əlaqəsi yarada biləcək. Bəzi təhlilçilərin qənaətincə, Markovun məhz bu planı nəzərdə tutduğu istisna deyil.
Təbii ki, bu plan kağız üzərində olsa belə, bəlli məsələdir ki, danışıqlarda müstəsna olaraq iki tərəf iştirak edir - Bakı və Moskva. Ona görə ki, İrəvan çoxdan Rusiyanın “cibindədir və bu cür müzakirələrdə o, ciddi söz sahibliyindən məhrumdur. Ermənistan rəhbərliyi Kremlin ”bir sözünü iki edə bilməz".
Bəs bu qəbildən söz-söhbətlər nədən dövriyyəyə buraxılıb və ümumiyyətlə, Ermənistanın Azərbaycan hesabına blokadadan məhz indi çıxarılması Moskvanın hansı maraqlarından qaynaqlanır? Suala cavab verməyə çalışaq.
Bir sıra iqtisadçı analitiklər hesab edir ki, işğalçı ölkə Avrasiya layihələrinə qoşulduqdan sonra kommunikasiya baxımından ciddi maneələrlə üzləşəcək. Çünki Rusiya ilə Ermənistan arasında nəinki quru sərhədi, heç düz-əməlli kommunikasiya da yoxdur. Hazırda yalnız Gürcüstan vasitəsilə bir quru yolu mövcuddur ki, onu da etibarlı saymaq qeyri-mümkündür. Səbəb təkcə, coğrafi, iqlim amilləri ilə bağlı deyil, həm də Avropa Birliyi və NATO-ya üz tutan Gürcüstanın siyasi mövqeyi ilə əlaqədardır.
Məsələ ondadır ki, Moskvanın Gürcüstanda özünə loyal yeni hakimiyyət formalaşdırmaq və regionun bu mühüm ölkəsini öz ağuşuna qaytarmaq planları artıq fiasko olub - gürcülər və onların təzə rəhbərliyi Kremlin planlarına heç bir şans saxlamayaraq Avrointeqrasiya kursuna davam qərarı verib. Bunun nəticəsidir ki, rəsmi Tiflis Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmir yolunun Moskvanın şərtləri əsasında açılmasına da razılıq verməyib.
Demək, təcili şəkildə Rusiyadan Ermənistana başqa bir yolun açılması haqda fikirləşmək lazımdır. Belə bir yol isə əlbəttə ki, Azərbaycandan keçir. Siyasi şərhçilər güman edir ki, axır vaxtlar Moskvadan Bakıya ünvanlı reveransların artmasının mühüm bir səbəbi də öncəliklə elə budur. Hərgah, Bakıda buna elə də sevinmirlər. Niyə?
Erməni mənbələri iddia edir ki, Azərbaycan tərəfi hansısa səbəbdən (məsələn, rəsmi İrəvan daxildəki etirazları əsas götürərək son anda azad ediləcək rayonlarla bağlı fikrini dəyişsə) yolu və kommunikasiyaları açmasa, Kreml özü Azərbaycan vasitəsilə “de-blokada”ya girişmək zorunda qala bilər.
Qeyd edilir ki, Gürcüstan variantı Moskva üçün artıq risklidir, ona görə ki, bu ölkə Avropa Birliyinə assosiativ üzv olandan, ABŞ-ın hərbi müttəfiqi statusu qazanandan və NATO-nun son sammitindən sonra alyansın “qızıl siyahısı”ndadır. Üstəlik, məlumatlar var ki, Gürcüstanda alyansın mərkəzi açılacaq. Azərbaycanı isə heç kim ciddi müdafiə etməyə boyun olmayıb, yeganə Türkiyədir ki, onun da başı bu dəqiqə daha çox ayrı problemlərə qarışıb. Hər halda, bu da bir yanaşmadır.
Qərbə gəlincə, son zamanlar, Avropa və ABŞ-dan rəsmi Bakının ünvanına insan haqları ilə bağlı müstəsna olaraq tənqid seli axır. Bakının demokratiya paytaxtları ilə münasibətlərinin qəliz bir dövr yaşadığının növbəti, ən isti sübutu isə ABŞ və Avropa tərəfindən bir sıra Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq ediləcəyi ilə bağlı yayılan xəbəri göstərmək olar.
Bu barədə NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, hazırda Almaniyada olan Fərrux Məmmədli bildirib. Avropanın məlumatlı mənbələri ilə yaxın münasibətdə olan ekspert açıq şəkildə bildirib ki, Azərbaycan hakimiyyətinə Qərbin verdiyi möhlət bitmək üzrədir və yekunda dəyişiklik olmasa, bunun ardınca bir sıra azərbaycanlı məmurlara sanksiya tətbiq ediləcək. Məmmədov onun əlində bu məmurların ilkin siyahısının olduğunu da söyləyir.
* * *
Göründüyü kimi, Qərblə heç də isti olmayan münasibətlər Bakını Kremlin təzyiq və şantajlarına xeyli həssas edib. Belə vəziyyətdə, Kreml Qarabağ məsələsində stavkanı, plankanı aşağı da sala bilər. Niyə də salmasın, əgər qarşımızda Azərbaycanı hər vəchlə öz siyasi-hərbi təsir zonasına salmağa çalışan imperialist və qəzəbli Rusiya dayanıbsa. Onu da yaddan çıxarma olmaz ki, Kreml Azərbaycanın şimal sərhədi boyunca, ilk növbədə də Dağıstanda xeyli miqdarda canlı hərbi qüvvə və texnika cəmləşdirib.
Musavat.com