Azərbaycan iqtidarına Avropadan sanksiya gələcəkmi?

8-10-2014, 14:11   
Azərbaycan iqtidarına Avropadan sanksiya gələcəkmi?“Əgər Azərbaycan öz geosiyasi seçimini Kremlin, Avrasiya İttifaqının xeyrinə etsə, eyni zamanda Qərbdən üz döndərsə, öz strateji kursunu dəyişsə, o zaman sanksiyalar tətbiq edilə bilər”


“Biz dəyişikliklərin qaçılmaz olduğu mərhələyə gəlib çıxmışıq. Hakimiyyət də bunu başa düşür. Hesab edirəm ki, proseslər demokratiya baxımından müsbətə doğru irəliləyəcək. Çünki geriyə yol yoxdur”

“Qərb demokratik islahatlara mane olduqları üçün Azərbaycanın bir sıra məmurlarına sanksiyalar tətbiq etməyə hazırlaşır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, Almaniyada yaşayan Fərrux Məmmədli deyib. F. Məmmədlinin sözlərinə görə, sanksiyalarla üzləşəcək şəxslər sırasında Prezident Administrasiyası rəsmilərinin, prokurorluq orqanları işçilərinin, bir sıra hakimlərin, Penitensiar Xidmət əməkdaşlarının adı olacağı ehtimalı yüksəkdir.

“Siyahıda PA, Penitensiar Xidmət əməkdaşlarının, hakimlərin, prokurorluq orqanları işçilərini adları ola bilər”

F.Məmmədli bildirir ki, Avropa Birliyinin və ABŞ-ın Azərbaycana demokratik islahatlara başlamaq üçün verdiyi vaxt bitsə də rəsmi Bakının addımları bu sahədəki durumu daha da pisləşdirib. Bu səbəbdən Qərb dünyası Azərbaycanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etmək üçün indiyə qədərki yumşaq davranışlarını dəyişməyə qərar verib.
Yada salaq ki, Qərb indiyə qədər Belarusa, Rusiyaya və Ukraynadakı Yanukoviç iqtidarının bir sıra məmurlarına sanksiyalar tətbiq edib. Söhbət adı sanksiya siyahısına düşən məmurların ABŞ və Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyulmasından, onların bank hesablarının dondurulmasından, Qərbdəki daşınmaz əmlaklarına həbs tətbiq edilməsindən gedir. İndiyə qədər Qərbin sanksiya cəzası ilə üzləşən dövlət rəsmiləri də var. Belarus prezidenti Aleksandr Lukaşenko insan haqları sahəsində sərt addımlarına görə bir neçə dəfə Qərbin sanksiyaları ilə üzləşib.

Bu yaxınlarda isə Rusiya və Ukraynanın daha 12 vətəndaşı Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib. Rusiya baş nazirinin müavini Dmitri Roqozin, Rusiya prezidentinin müşaviri Sergey Qlazyev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Sergey Narışkin, deputat Yelena Mizulina, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov və “Rusiya Bu Gün” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov da bu siyahıdadır.

“Qərb tələskənlik edərək öz maraqlarını zərbə altında qoymaz”

Politoloq Zəfər Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, Qərbin Azərbaycana sanksiyalar tətbiq etməsi reallaşa bilər, bu, istisna deyil. Ancaq bu sanksiyalar yalnız insan haqlarının pozulması ilə bağlı olmayacaq: “Aydındır ki, əsas səbəb kimi son dövrlərdəki həbslər göstərilir. Bundan başqa, demokratiya, söz azadlığı, insan haqlarının pozulması sahəsində Azərbaycanın geriləməsi vurğulanır. Əgər yaxın zamanlarda Qərbin sanksiya tətbiq etmək qərarı qətiləşsə, səbəblər sırasında bütün bunlar qeyd olunacaq”.
Zəfər Quliyev deyir ki, bütünlükdə götürəndə Qərbin Azərbaycana sanksiya tətbiq edib-etməməsi geosiyasi proseslərdən asılıdır: “Əgər Qərb anlasa ki, Azərbaycan öz geosiyasi seçimini Kremlin, Avrasiya İttifaqının xeyrinə edib, eyni zamanda Qərbdən üz döndərməyə çalışır, öz strateji kursunu dəyişmək istəyir, o zaman sanksiyalar tətbiq edilə bilər. Hələlik mən hesab edirəm ki, bu, o qədər də real görünmür. Çünki Azərbaycan hakimiyyəti dediyimiz geosiyasi seçimdən maksimal dərəcədə yayınmağa çalışır. Öz seçimini birmənalı formada nə Qərbin, nə Rusiyanın xeyrinə etmir. İqtidar iki güc mərkəzi arasında konyuktur balansı tapmaq, saxlamaq üçün ciddi səylər göstərir”.

Zəfər Quliyev deyir ki, belə bir durumda Qərbin sanksiyaları hətta əks nəticələr də verə bilər. Ona görə də Qərb tələskənlik edərək öz maraqlarını təhlükə altına qoymaqdan çəkinir. Bu səbəbən Zəfər Quliyev sanksiyaların tətbiqini o qədər də real saymır.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə düşünür ki, Azərbaycanla Qərb arasında bu gərgin informasiya axınının hansısa ciddi danışıqlar ərəfəsi olduğunun göstəricisidir: “Hər iki tərəf danışıqlar ərəfəsində özü üçün daha əlverişli şərtlər əldə etmək istəyir. Qərb Azərbaycandan daha çox demokratiya, Azərbaycan isə tələb olunandan daha az vermək istəyir. Ona görə də biz ortada bir gərilmə havası hiss edirik. Ancaq proseslər istənilən halda bir danışığa, uzlaşmaya aparır. İndi gündəmdə siyasi məhbuslarla bağlı məsələnin daha qabarıq olduğu görünür. Hakimiyyətin basqısı ilə onlara müraciət yazdırılması da əbəs yerə deyil. Bizdə olan informasiyaya görə Tofiq Yaqublu ilə İlqar Məmmədova da əfv ərizəsi yazmaları üçün basqı göstərilir. Azərbaycanda siyasi məhbuslarla bağlı prinsip belədir - onlar mütləq nəsə yazmalıdırlar. Fikrimcə, Azərbaycan siyasi məhbuslar məsələsində güzəştlərə getməyə məcbur ediləcək. Azərbaycan iqtidarının belə bir güzəştə gedəcəyi də hiss olunur”.

“Azərbaycan hakimiyyəti güzəştlərə məcburdur - qüvvələr nisbəti bərabər deyil”

Mehman Əliyev bildirir ki, Azərbaycan hakimiyyəti Qərbin daha qlobal məsələlərlə bağlı basqıları ilə üzləşməmək üçün insan haqları ilə bağlı problemləri qəsdən artırır: “İstər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, istər ATƏT, Avropa Şurası çərçivəsində Azərbaycanın üzərinə götürdüyü çoxsaylı öhdəliklər var. Azərbaycan iqtidarı bu məsələlərin arxa plana keçməsini istədiyi üçün basqı təhlükəsi hiss elədiyi məqamda insan haqları ilə bağlı durumu kritik həddə çatdırır. Azərbaycanın bu məsələdən süni şəkildə istifadə etdiyi gün kimi aydındır. Buna görə də Azərbaycanda real demokratiya məsələləri arxa planda qalır. Bu dəfə Qərbin nə qədər israrlı olub-olmayacağını demək isə çətindir. Azərbaycan iqtidarı bu məsələdə sadəcə vaxtı uzatmağı bacara bilər. Tələblər gec-tez yerinə yetirilməlidir. Artıq Avropa Birliyi ilə imzalanacaq Strateji Saziş layihəsi hazırdır. Yaxın zamanlarda sənədin imzalanacağı gözlənilir. Gələn il Azərbaycanda parlament seçkiləri, Avropa Oyunları keçirilməlidir.

Bütünlükdə Azərbaycan xeyli gecikir. Qərbi narahat edən məsələlərdən biri də Azərbaycanda neftin azalması, neftin qiymətinin enməsi ilə bağlı problemdir. Getdikcə ciddi problemlər yarana bilər. Bu da ölkədə sabitliyin zəifləməsinə gətirib çıxarır. Azərbaycanda gündəmdə olan qeyri-neft sektorunun qurulmasıdır. Bunu hamı başa düşür. Sağlam iqtisadiyyatın qurulması azad rəqabət, azad iqtisadiyyat, qanunun aliliyi, məhkəmələrin azadlığı, investisiyaların təminatlılığı və demokratiyanın tələb etdiyi digər məsələlərlə mümkündür. Biz dəyişikliklərin qaçılmaz olduğu mərhələyə gəlib çıxmışıq. Hakimiyyət də bunu başa düşür. Hesab edirəm ki, proseslər demokratiya baxımından müsbətə doğru irəliləyəcək. Çünki geriyə yol yoxdur. Azərbaycan tərəf olaraq güzəştə getməlidir. Mən hesab etmirəm ki, hakimiyyət ciddi şəkildə dirəniş göstərəcək, iqtidar bu dəyişikliklərə getməli olduğunu bilir”.

Mehman Əliyevin sözlərinə görə, qüvvələr nisbəti bərabər deyil. Heç bir halda kiçik Azərbaycan Qərbə, ABŞ-a güc göstərmək iqtidarında ola bilməz.(musavat)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.