Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə razılıq verib. Cavab məktubu təşkilatçılara təqdim olunub. Mitinqə, əsasən, Milli Şuraya daxil olan qüvvələrin qatılacağı gözlənilir. Hətta qurumda təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası üzvlərinin mitinqdə iştirakı sual altında olsa da, Müsavat Partiyasının funksionerindən qəribə təklif səslənib.
Müsavatın keçmiş başqan müavini Gülağa Aslanlı partiyada mitinqdə iştirak etməklə bağlı qərarın müzakirə olunmadığını desə də, yeni başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli fərqli təkliflə çıxış edib. O, Facebook sosial şəbəkəsində qeyd edib ki, mitinq təşəbbüskarları Müsavata da müraciət etməlidir: “Amma müraciət olmasa belə, mən Tofiq Yaqublunun şəkli ilə mitinqdə olacağam. Ümid edirəm ki, mitinq baş tutacaq və təşkilatçılar Müsavata müraciət edəcək”.
M.Hacıbəyli əlavə edib ki, mitinqlər intellektual mübarizənin tərkib hissəsidir: “Mitinqə getmək bizim işimizdir. Puştunlar heç vaxt mitinq etməzlər, amma Avropa xalqları bunu adi normaya çevirib”. Əslində M.Hacıbəylinin “mitinqlər intellektual mübarizənin tərkib hissəsidir” fikrini Müsavatın yeni başqanı Arif Hacılının başqanlıq seçkisində rəqibi Qubad İbadoğlunun mitinqlər barədə səsləndirdiyi fikirlərə cavab kimi qiymətləndirmək olar.
Çünki Q.İbadoğlunun tərəfdarlarının intellektual kəsim olduğu deyilir və sabiq namizəd onu mitinqlərdə iştirak etməməkdə suçlayanlara demişdi: “Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mən mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Mən hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harada gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyası mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil”.
Bundan başqa Q.İbadoğlu öz tərəfdarlarına müraciət edərək söyləmişdi ki, qurultayda Məclis və digər seçkili orqanlardan kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmaq lazımdır: “Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlukəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Təəssüflər olsun ki, partiyanın intellektual potensialını arxa plana keçirdik və partiyanı güc müstəvisinə çəkdik”.
M.Hacıbəyli indiyədək AXCP və Milli Şura təmsilçilərinə qarşı sərt ifadələr işlədən Müsavat funksionerlərindən olub. Hətta Müsavat Milli Şuranı tərk edəndə AXCP-nin Müsavatla söz “savaşı”nda ən kəskin fikirlər yürüdən də M.Hacıbəyli idi. Lakin AXCP-nin başçılıq etdiyi və onun təşəbbüsü ilə keçirilən mitinqdə M.Hacıbəyli iştirak etməyi üstün tutur.
Onun qardaşının rəqibinə qarşı “soyuq müharibə”də AXCP ilə yaxınlıq belə edəcəyi istisna deyil.