“İRAN İSRAİLİN 2 ŞƏHƏRİNƏ HÜCUMA HAZIRLAŞIR” – “Xamenei cavab zərbələrinə hazır olmağı tapşırıb”

1-08-2024, 09:33   



Xəbər verildiyi kimi, İranın Ali dini lideri Əli Xamenei HƏMAS lideri İsmail Haniyənin Tehranda öldürülməsinə cavab olaraq, İsrailə zərbə endirilməsinə dair qərar verib. Bu barədə “The New York Times” İran mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, İran Haniyənin qətlinə görə İsrailə qarşı “xüsusi əməliyyatlar” keçirmək niyyətindədir.

İranın BMT-dəki missiyasının bəyanatında deyilir: “Haniyənin qətlinə cavab olaraq xüsusi əməliyyatlar olacaq. Bunlar daha ağır olacaq və günahkarda dərin təəssüf hissi yaratmaq məqsədi daşıyacaq”.

“AzPolitika” xəbər verir ki, “The New York Times” öz mənbələrinə istinadla İranın məhz hansı şəhərlərə zərbə endirəcəyi barədə məlumat yayıb. Qəzet yazır ki, İran Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə PUA və raketlərin birgə hücumu ehtimalını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, İran mülki hədəflərə hücumlardan qaçmağa çalışacaq. Məlumata görə, Tehran həmçinin, Yəmən, Suriya və İraqdakı müttəfiq qüvvələrini də əməliyyata cəlb etmək fikrindədir.



Qəzet onu da yazır ki, İran lideri Xamenei silahlı qüvvələri İsrail və ABŞ-nin mümkün cavab zərbələrinə hazır olmağa da çağırıb: “O, Yaxın Şərqdə münaqişənin mümkün genişlənməsinə hazırlaşmağı tapşırıb”.

Xatırladaq ki, İran artıq bu ilin aprel ayında Suriyada məhv edilən generallarına görə bir dəfə “qisas əməliyyatı” keçirib. Lakin İsrailə atılan demək olar, bütün PUA-lar və raketlər məhv edilib. Nəticədə İsrail bu hücumdan heç bir ciddi xəsarət almayıb.

C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar