53 saylı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov azvision.az oxucularının suallarını cavablandırıb.
Oxuculardan biri deputata 3 sualı birdən ünvanlayıb:
1-ci sual: Yevda bəy, Siz yəhudisiniz və İsraillə sıx əlaqələriniz var. Azərbaycan vətəndaşı olaraq, İsrailin işğalçı Ermənistana və onların Amerikadakı tərəfdaşlarına qarşı sərt mövqedən çıxış etməsi, Qarabağın işğaldan azad edilməsilə bağli hansı addımları atmısınız?
2-ci sual: Rusiyada olan milyarderlərin 90%-i yəhudilərdir, Ermənistanı dəstəkləyən əsas qüvvə də Rusiyadır. Həmin milyarderlərlər Rusiyanın dövlət siyasətinə təsir göstərə bilərlərmi?
3-cü sual: Cənab prezident İlham Əliyev hər zaman Azərbaycanda yaşayan digər azsayli xalqlar kimi yəhudilərin də rifahının yaxşılaşdırılması üçün önəmli tədbirlər görür. İsrailin prezidenti orada yaşayan azərbaycanlılara, onların yaşayışına eyni diqqəti göstərirmi?
Virtualaz.org millət vəkilinin bu suallara cavablarını ardıcıllıqla təqdim edir:
1) İsrail Azərbaycana, bizim dostluq qruplarına yaxından və böyük köməklik edir. Xüsusilə Amerikada yəhudi lobbiçiliyinin güclənməsi, hər iki palatada azərbaycanlı dostların sayının artırlmasında yəhudi senator və konqresmenlərin böyük rolu var. Bu işi biz İsrail dövlətinin və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin əli ilə, həm də Ukraynada olan yəhudi dostlarımızın əli ilə görürük.
Ona görə də, son 6-7 ildə həm Konqresdə, həm də Senatda Azərbaycan dostlarının sayı 60-a qalxıb, halbuki, bunlar 9-10 nəfər idi. Burada əlbəttə ki, cənab prezidenti apardığı uğurlu siyasət, onun xanımının Amerikada gördüyü humanist işlər, həm də İsrailin, məşhur yəhudilərin orada bizə kömək etməsi rol oynayır.
Bu, zarafat deyil, təkcə mənim çağırışım ilə Amerika Yəhudi cəmiyyətinin sədri Devid Harris 3 dəfə Azərbaycana gəlib. Bu adam Amerikada çox nüfuzlu şəxslərdən biridir. Onun Azərbaycana gəlişi böyük göstəricidir.
2) Mən deyə bilmərəm ki, dünya milyarderlərinin 90%-i yəhudidir. O rəqəmlə razı deyiləm. Ancaq bəli, əsli Azərbaycandan olan dağ yəhudilərindən bu gün 20-yə qədər oliqarx Rusiyada fəaliyyət göstərir. Bunlar iqtisadi yollarla pul qazanırlar, siyasətlə yox. Bunlar biznesmendir, siyasətə qarışmırlar. Amma bütün bunlara baxmayaraq, onlar Azərbaycanda doğulan, Azərbaycanın təəssübünü çəkən insan kimi yeri düşəndə bizim Qarabağ və Xocalı həqiqətlərimizi Rusiya elitasına çatdırırlar. Yeri gələndə Azərbaycan dövlətinə, müdafiə fondumuza yardım göstərirlər. Mən yenə də deyirəm, bunlar iş adamlardırlar, diplomat deyillər. Siyasət sahəsində böyük gözləntilərimiz yoxdur, ola da bilməz.
3) Azərbaycan tolerant dövlətdir. Milli azlıqların hər biri Azərbaycan dövlətinin qəyyumluğundadır, təhlükəsizlik zəmanətindədir. İsrail də demokratik dövlətdir. Orada 1 milyon 150 minə qədər ərəb yaşayır. Bunlar da müsəlmandır. Minlərlə azərbaycanlı qarışıq nikah yolu ilə orada yaşayır, işləyirlər. Orada heç bir millət üçün sıxıntı yoxdur. Ölkədə məscidlər, qəbirstanlıqlar var. Hər bir millət azaddır.
O ki qaldı hər bir millətin ayrı- ayrılıqda maddi rifahının yaxşılaşdırlması üçün dövlətin fərman verməsinə - belə bir şey yoxdur. Amma buna baxmayaraq, Qafqazdan gələlər üçün təhsil almaqda bəzi güzəştlər var. Yaxud, yerli ərəbləri bir sıra məsələlərdən azad edirlər. Onların çoxuşaqlı olması üçün məhdudiyyət yoxdur. Əsgərliyə getməsinə qadağa qoyulmayıb.
İsrailin öz qanunlarına uyğun şəkildə millətlərə münasibəti var. Azərbaycan isə azsaylı millətlərə başqa cür siyasətlə yanaşır. Mənə elə gəlir ki, hər iki ölkədə yaşayan xalqlar ölkə başçılarının onlara olan münasibətindən narazı deyillər.