İranda gecə saatlarında dövlət televiziyası vasitəsilə bir neçə saatdan sonra "bütün dünyanın görəcəyi maraqlı hadisələrin" olacağı anons olunsa da, İran ordusunun İsrailə raket zərbələri endirəcəyi gözləntiləri hələ ki, özünü doğrultmayıb.
Dövlət televiziyasının bu anonsundan sonra İranda TV kanalları yayımını dayandıraraq hərbi himni səsləndirməyə başlayıb. Ali dini lider Xamenei isə "X"-dəki səhifəsində İsraillə bağlı köhnə tvitini yenidən səhifənin yuxarı hissəsinə sancaqlayıb: "Sionist rejim bitdi".
ABŞ və İsrail kəşfiyyatı İranın İsrailə hücumunun avqustun 2-dən 3-nə keçən gecə başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.
İsrailin Ben Qurion hava limanında artıq gecə reysləri ləğv edilib və İsrail üzərində hava məkanı boşdur.
Lakin hücumun yaxın saatlarda başlayacağını göstərən moxsaylı əlamətlərə baxmayaraq, gecə sakit keçib. İstisna olunmur ki, İran informasiya əməliyyatı keçirib və həqiqi hücum başqa vaxta keçirilib.
Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra İranın Ali Dini Lideri Əli Xamneyinin İsraili vurmaqla bağlı orduya əmr verdiyi ilə bağlı xəbərlər yayılmışdı.
"AzPolitika.info"