Türkiyə ilə Azərbaycan arasında nə baş verir? - Zahid Orucdan Ərdoğanın bəyanatına maraqlı REAKSİYA

4-08-2024, 10:32   


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə yaxın keçmişdə Liviya və Qarabağda olduğu kimi İsrailə girə bilər” açıqlamasına Azərbaycandan reaksiyalar verilməkdədir. Anaxeber.info qeyd edir ki, Türkiyə liderinin bəyanatına maraqlı rəylərdən biri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdan gəlib. Siyasi analizləri ilə hər zaman fərqlənən deputat Zahid Oruc bu dəfə də maraqlı mövqe ortaya qoyub. Bu mövzuda Meydan TV-yə danışan deputat deyib ki, 44 günlük müharibə günlərində qlobal erməniçiliyin və Ermənistanın himayədarlarının ölkəmizə qarşı apardığı genişmiqyaslı hibrid savaşın birinci tezisi Azərbaycan Ordusunun qazandığı uğurları Yaxın Şərqin muzdlu hərbi birləşmələrinə bağlamaq idi. Onun sözlərinə görə, ötən 4 ildə aparıcı dövlətlərin kəşfiyyat dosyelərində, Bellingcat və digər platformalarda, məxfi xidmət orqanlarının tribunasına çevrilən Lindsey Snell və onlarla digər jurnalistin bizi hədəf seçən gündəlik dezinformasiyalarında sözügedən iddialar təsdiqini tapmadı. Z. Oruc hesab edir ki, ikinci istiqamət Türkiyə ordusunun generaliteti və instruktorları ilə bağlı tüğyan edən, hətta bir-biri ilə hazırda düşmən Amerika-Rusiya və Qərb mediasında Qarabağın döyüş meydanlarında Azərbaycan ordusu ilə yanaşı, türk hərbi qüvvələrinin iştirakına dair gündəlik rejimdə aparılan çirkli kampaniya idi. Deputat xatırlatmasına görə, ““Qafqazda fırtına” adlı əsərdə nüfuzlu beynəlxalq ekspertlər vurğulayırdılar ki, Azərbaycan nəinki hərbi və iqtisadi cəhətdən düşməndən bir neçə qat güclüdür, o cümlədən, savaşa atılmaq üçün seçdiyi vaxt və dünyada mövcud geosiyasi konyunkturanı düzgün nəzərə alması Qələbənin başlıca səbəblərindən olub. Sitat: "Silsilə iftiralardan biri də döyüş meydanlarında ermənilərin ardıcıl məğlubiyyətini, çətin coğrafi şəraitdə milli ordumuzun qəhrəmanlıqlarını inkar edib, müharibəni qlobal razılaşmaların, yaxud Türkiyə, Rusiya və Azərbaycan arasında strateji sövdələşmənin nəticəsi kimi qələmə vermək idi. Göründüyü kimi, dövlətimizin uzun illər Ermənistanı iqtisadi, mədəni, siyasi, diplomatik, informativ və güclü ordu quraraq, sonda düşməni hərbi məğlubiyyətə uğratdığını inkar edən qlobal şəbəkənin əsas məqsədi qələbəmizi əlimizdən almaq, onu 2-ci və ya 3-cü dövlətlərin xidmətinə yazıb özgəninkiləşdirmək və nəticədə, xalqımızın tarixi zəfərini mənimsəmək istəyirdilər. Ermənilərin 30 il ərzində apardığı dünyəvi kampaniya və mif quruculuğu – Qafqazın güclü ordusu və dünya millləti nəzəriyyəsini ayaqda saxlamaq, onu puç olmağa qoymamaq üçün ən müxtəlif dövlətlərin qeyri-rəsmi səfərbərliyi ortadadır”. 
Z.Orucun sözlərinə görə, “30 iyulda Rəcəb Tayyib Ərdoğanın AKP-nin Rizə toplantısında səsləndirdiyi “Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik”, bəyanatının əsas hədəfi Fələstin xalqı ilə həmrəylik və anti-İsrail mövqeyi olsa da, uzun illər, “Qələbəni Azərbaycan qazanmayıb” deyən və “1 milyonluq türk ordusu qarşısında biz nə edə bilərdik”, təbliğatçıları dirildilər: "İki qardaş ölkənin münasibətlərinə çoxdan zərbə vurmaq istəyənlər, bölgədə geosiyasi inqilabi qəbul etməyib sülh danışıqarında moderator adı ilə sərhəddə müşahidə missiyasi libasında kəşfiyyat qrupu yerləşdirən NATO dövlətləri inhisarlarında olan media quruluşları ilə son 3 gündə fəal şəkildə Türkiyə rəhbərinin açıqlamasını müharibənin nəticələrinin təftişi istiqamətində istismar edirlər: "Ona görə də “Azərbaycan qəzeti”nin təhlil yazısının əsas məqsədi 4 il əvvəl apardığımız müharibədə iki dövlətin hərbi-siyasi rolunu nəinki aydınlaşdırmaq, yaxud zəfərimizi qardaşlarımızdan qorumaq, iki liderin birincisinə – öz milli liderimiz İlham Əliyevə üstünlük qazandıraraq digərinə aşağı yer vermək və beləliklə, düşmənlərə arqument qazandırmaq deyil, tam əksinə, bütün tezisləri parlaq, 21-ci əsrdə hələ ki, tək olan Qələbəmizi haqlı olaraq, Ulu öndərin adı ilə bağlı olan kursa, Ali Baş Komandanın liderliyi ilə millətimizin hər bir sıra nəfərini və ordumuzu müqəddəs müharibəyə 17 ildə hazırlamağa, 3 əsrlik məğlubiyyət silsiləsini durdurmağa, qaçqınlıq və köçkünlük sindromuna son qoymağa, eləcə də bizə o dövrdə mənəvi-siyasi dəstək verən dövlətlərə, Türkiyə və Azərbaycan arasında son bir əsrdə tale və can birliyinə son dərəcə qədirbilən, təvazökar şəraitdə və haqqımızı başa vurmadan, obyektiv, balanslı nəzərə salmaqdan ibarət olub. Ona görə də, ermənilər belə təhlilləri “ura” ilə qarşılayıb, birliyə zərbə vurduqlarından sevinməsinlər”. 
Deputat onu da bildirib ki, 50-dən artıq dövlətin 300 milyard dollardan artıq hərbi, maliyyə, humanitar yardımı ilə Rusiya qarşısında hələ də ağır torpaq və fiziki itkilər verən qəhrəman Ukrayna xalqının acı taleyi sübut edir ki, lider amili və milli ordunun savaşını heç bir dünya hökmdarı, jandarm dövləti, müttəfiq qüvvəsi, legioner birləşməsi və hərbi ittifaqı əvəz etmir.
Deputat deyib ki, Türkiyə dövlət başçısının açıqlamasından tutarqa kimi: “Görürsünüz azərbaycanlılar bizə döyüş meydanında qalib gəlməyiblər”, – deyə nəticə çıxaran militarist ermənilər növbəti faciəyə can atırlar: “90-cı illərdə Azərbaycana əl uzatmağa risq etməyən Süleyman Dəmirəl və digər türk liderlər 2020-ci ildə sağ olsaydılar, tərəddüdsüz ölkəmizin müharibədə müdafəsinə qalxardılar. Çünki 24 milyard dollardan artıq investisiyanı qardaş ölkəyə yatıran, strateji layihələrlə Türkiyəni gücləndirən və onlarla regional-beynəlxalq gərginlik zamanı Ankaranın əsl siyasi qoruyucusu olan Azərbaycan dövləti qazandığı hərbi qələbələrlə bütün türk dünyasının beynəlxalq gücünü və siyasi çəkisini artırıb. Kim belə uğura şərik olmaqdan imtina edər? Biz zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın, Tokayevin, Caparovun, yaxud Orbanın nüfuzunu azaltmırıq, əksinə artırırıq. Lakin 30 il əvvəlki işğala heç kəs sahib olmaq istəməz. Son 20 ildə bir ölkənin prezidenti millətini toparlayıb ordusu ilə qalibiyyətə gətiribsə, qələbənin birinci, müstəsna və şəriksiz müəllifi odur. Müharibə 17 il, üstəgəl 44 gündə baş verib. Ona görə bütün tribunalardan deməliyik: Konrad Adenauerin kiçik nailiyyətlərlə əsasını qoyduğu və soyuq savaşı qazanıb birləşən Almaniyadan fərqli olaraq, Azərbaycan hərbi meydanlarda qan tökərək bütövləşib. Biz müasir silahları, təyyarələri peşəkarlıqla idarə edən, Şuşanı və Xankəndi zirvəsini döyüş əməliyyatları ilə qazanan oğullarımızın yanında Türk Dövlətləri Birliyinin əsgərlərinin, Qərb qoşunlarının, yaxud Kollektiv Müqaviləçilərin olmasına yol verməyərək, 3-cü Dünya savaşından yayına bilmişiksə, bunu yalnız alqışlamaq gərəkdir. Ona görə Prezident: “Qlobal layları tərpətmişik”, – deyir. İndi azad torpaqlara “Marşal planı” elan edib milyardlarla yardım göstərən türk-islam birliyini gerçəkdən yanımızda görmək istərdik. Bəli, məhz dinc quruculuqda. 30 ildir ki, işğala məruz qalan ərazilərə bizim kimi təkcə bir ölkə 100 milyon dollarlıq yardım göstərsəydi, beynəlxalq donor konfrasları keçirib bütün dünyadan kömək almaq olardı. Təəssüf ki, onlar yoxdur, bir məktəbə görə millətimizin üstünə kimsə haqq qoya bilməz. 1.2 trilyon dollarlıq ÜDM-ə, 152 milyonluq əhaliyə malik bir coğrafiya Belarus dövləti qədər açıq və prinsipial şəkildə qələbəmizin beynəlxalq legitimliyinə dəstək verməlidir”.
Anaxeber.info
Azər Talıbov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.