Qubad İbadoğlu Arif Hacılıya 3 ay vaxt verdi - VİDEO
10-10-2014, 16:36
Qubad İbadoğlu Arif Hacılıya 3 ay vaxt verdi
Müsavat Partiyası başqanlığına namizəd olmuş Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində partiya rəhbərinin seçkilərində pozuntular, partiyadaxili münasibətlərdən danışıb.
Amerikanın Səsi: Müsavat başqanı seçkilərinin nəticələrini tanıyırsınızmı?
Qubad İbadoğlu: Müsavat Partiyası başqanlığına seçkilərdə ədalət prinsipi pozulub. Eyni zamanda seçkiqabağı dövrdə və seçki günündə prosedur pozuntuları var, nöqsanlar qeydə alınıb. Biz onları arayış şəklində ümumiləşdirmişik, yaxın günlərdə Müsavat Partiyasının müvafiq strukturlarına araşdırılması üçün təqdim edəcəyik. Bizim mövqeyimiz həmin araşdırmanın nəticəsindən asılı olacaq. Həqiqətən də araşdırma obyektiv aparılacaqsa, faktlara dəyərləndirilib qiymət veriləcəksə, seçki pozuntularına yol vermiş şəxslər partiya cızası ilə gördükləri işin məsuliyyətini dərk edəcəklərsə, o halda mövqeyimizi formalaşdırıb yaxın zamanda açıqlayacağıq.
Amerikanın Səsi: Təkliflər paketiniz qəbul edilməzsə partiyada fəaliyyətinizi davam etdirəcəksinizmi?
Qubad İbadoğlu: Bizim təkliflər paketimiz Müsavatda fəaliyyətimizi davam etdirmək niyyətimizdən irəli gəlir. Mən başqanlığa namizədliyimi irəli sürəndə əsas məqsədim heç də mənafe mübarizəsi aparmaq, hansısa bir vəzifə tutmaq deyildi. Əsas məqsədim müəyyən dövr üçün öz platformamı təqdim etməklə partiyanın yenilənməsinə, demokratikləşməsinə nail olmaq idi. Bu proses arxada qaldığı üçün təkliflər paketi hazırladıq və platformadan çıxan əsas prinsipləri 5 təklifdə ümumiləşdirmişik. Təklif etmişik ki, nə qədər gec deyil bu prosesə başlasınlar. Təxminən üç ay gözləyəcəyik. Ümid edirəm ki, bu üç ayda bizim təkliflər paketimizi Müsavat Partiyasında qiymətləndirənlər olacaq. Təbii ki, başqa şərait yaranarsa həmin situasiyaya uyğun olaraq vəziyyəti dəyərləndirib öz qərarımızı verəcəyik.
Amerikanın Səsi: Üç aylıq vaxt bitdikdən sonra siyasi platformanız necə olacaq?
Qubad İbadoğlu: Müsavat Partiyasının güclənməsi üçün təkliflərimizin reallaşdırılması istiqamətində səylərimizi artıracağıq. Eyni zamanda tərəfdarlarımızı daha da çoxaldacağıq. Çünki bu Müsavat Partiyasında yalnız bir nəfərə məxsus olan təkliflər deyil. Sonuncu toplantımızda 150-dən çox müsavatçı, 100-dən çox qurultay nümayəndəsi iştirak edib. Bu demək olar ki, onların Müsavat Partiyasının dəyişməsi ilə bağlı iradəsini əks etdirən bir mövqedir. Bu baxımdan təklifləri dəstəkləyənlərin sayını artırmağa çalışacağıq. Hesab edirəm ki, biz məqsədlərimizə nail olacağıq. Çünki ortaya qoyulan təkliflər realdır, konstruktivdir, partiyanın yenilənməsinə, güclənməsinə, partiyadaxili demokratiyanın, şəffaflığın artırılmasına xidmət edir.
Amerikanın Səsi: Partiyada parçalanma ehtimalını nə qədər qəbul edirsiniz? Reallıqlar varmı?
Qubad İbadoğlu: Partiyanın gələcəyi ilə bağlı fikri ayrılıqları var. Hal-hazırda partiyanı idarə etmə k istəyənlər əvvəlki status-kvonun saxlanmasını istəyirlər. Sadəcə mövcudluğu saxlamaqla partiyanın fəaliyyətini davam etdirmək istəyirlər. Biz isə hesab edirik ki, Müsavat Partiyası yeniləşməlidir, mübarizə həm də ideoloji mübarizəyə çevrilməlidir. Gənclik partiyanın aparıcı qüvvəsinə çevrilməlidir, yeni qüvvə gəlməlidir. Partiya xalq ilə bütünləşməlidir, partiya ictimai nüfuzunda da müəyyən dəyişikliyə nail olmalıdır. Qarşıdakı seçkilərədək partiyanın güclənməsi əsas hədəflərimizdən biridir.
Amerikanın Səsi: Əgər təklifləriniz qəbul olunmasa, gələcəkdə parlament seçkilərinə başqa siyasi platforma ilə, yoxsa Müsavatın siyasi platforması ilə gedəcəksiniz? Sizin tərəfdarlarınız necə olacaq?
Qubad İbadoğlu: Biz müsavatçılarla, müsavatçılıq ideologiyası ilə, müsavat irsinə əsaslanmaqla, Məmmədəmin Rəsulzadə, Elçibəy ideyalarına sadiq olmaqla fəaliyyətimizi davam etdiririk. Hesab edirik ki, Müsavat Partiyası seçkilərə qədər dövrdə güclənməlidir. Güclənən Müsavat Partiyası ilə gələcəkdə seçkilərdə iştirak niyyətindəyik. Amma nəzərə almaq lazımdır ki, seçkiqabağı mühitdə də müəyyən dəyişikliklər olmalıdır. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, proporsional seçki sisteminin tətbiqi, eyni zamanda seçki komissiyalarının paritet əsasda qurulması istiqamətində müzakirələrə vaxtında başlanılmalıdır. Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Əgər üç aylıq vaxt Müsavat Partiyasının hazırkı rəhbərliyi üçün müddət baxımından azlıq edərsə, müddəti bir az da artıra bilərik və indiki rəhbərliyə yenidən şans verək ki, soyuq başla təklifləri dəyərləndirsinlər. Son nəticədə partiyanın gələcəyinə xidmət edən qərarlar qəbul etsinlər. Yox, Müsavat Partiyası yenə əvvəlki kimi bir qrupun, bir ailənin, bir şəxsin, bir nəslin inhisarında olacaqsa, təbii ki, partiyanın dəyişməsi, hesabatlı və şəffaf idarə olunması üçün cəhdlərimizi davam etdirəcəyik.
[media=http://www.youtube.com/watch?v=T8nNDQm6t-Q]
Digər xəbərlər