“Adı agentlik olsa da, əslində, Mətbuat Nazirliyidir”
İsrailin İrandan gələn hücum təhlükəsinə görə tətildə olan hərbçilərinə Azərbaycan və Gürcüstanı tərk etməyə çağırdığı bildirilir.
Bu barədə İsrailin rəsmi dövlət agentliyi “Kan” məlumat yaysa da, Meydan TV Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bu məsələyə münasibət öyrənə bilməyib.
Ümumiyyətlə, XİN rəsmi mediaya da bu məsələ ilə bağlı hər hansı bir şərh verməyib.
Avqustun 12-də Medianın İnkişafı Agentliyi (MEDİA) bu mövzu ilə bağlı bəyanat yayıb.
MEDİA bildirib ki, yayılanlar dezinformasiyadır, ictimai rəyi çaşdırmağa yönəlib.
Qurum həmçinin bunun beynəlxalq jurnalistika standartlarına zidd olduğunu vurğulayıb və bəyan edib ki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti yoxdur:
“Hansı ölkədə fəaliyyət göstərməsindən asılı olmayaraq, media məlumatları paylaşarkən hamı tərəfindən qəbul olunmuş jurnalistikanın vahid etik prinsiplərinə əməl etməlidir. Bu tipli klassik dezinformasiya nümunəsi olan materialların sosial şəbəkə seqmentinə sirayət etdikdən sonra bəzi yerli media subyektlərimiz tərəfindən təkrar tirajlanmasını yolverilməz hesab edirik”.
Bu məsələyə şərh vermək MEDİA-nın səlahiyyətindədirmi?
“Turan” İnformasiya Agentliyi yazır ki, bu məsələ MEDİA-nın səlahiyyətində deyil, Medianın İnkişafı Agentliyi Azərbaycan Xarici İşlər Nazirliyi rolunda çıxış edib.
Amma media sahəsi üzrə mütəxəssis, hüquqçu Xalid Ağəliyev fərqli düşünür.
O deyir ki, Medianın İnkişafı Agentliyinin nizamnaməsi bu quruma olduqca geniş vəzifə və hüquqlar verir.
Agentlik cəmiyyətin doğru məlumatlandırılmasından tutmuş, peşə etikasına əməl edilməsinə qədər geniş spektrdə fəaliyyətlərin həyata keçirilməsində sərbəstdir.
“Bu qurum nizamnaməsinə görə, yalan, yanıldıcı, qanunla yayılması qadağan edilən məlumatların önlənməsi üçün də tədbirlər görmək hüququna sahibdir. Bu baxımdan agentliyin belə açıqlamaları onun nizamnaməsinə zidd deyil. Digər tərəfdən, adı agentlik olsa da, bu qurum əslində təxminən media, mətbuat nazirliyi statusundadır”.
Xalid Ağəliyev deyir ki, məzmun, onun keyfiyyətini kənara qoyaraq, faktiki belə statusda olan qurumun ölkə baxımından önəmli sayılan əlaqəli mövzularda hər hansı açıqlama verməsində qeyri-adilik yoxdur.
“XİN və Müdafiə Nazirliyi münasibət bildirməlidir”
Hüquqşünas Xalid Bağırov isə deyir ki, Medianın İnkişafı Agentliyi dövlətin media siyasətini müəyyənləşdirir, amma rəsmi qurumların və dövlətin mətbuat xidməti deyil:
“Belə çıxır ki, MEDİA dövlətin və ya bütün dövlət qurumlarının mətbuat xidmətidir. Onda bunu nizamnamələrində qeyd etsinlər. Əgər hər hansı bir dövlətin Azərbaycanda hərbi kontingentinin olub-olmamasından söhbət gedirsə, buna Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi münasibət bildirməlidir. Bu, Media Agentliyinin səlahiyyətində olan məsələ deyil”.
“Turan” həmçinin yazır ki, “11KAN” telekanalının İsrail ordusunun öz hərbiçilərinə Gürcüstanı və Azərbaycanı tərk etməyi əmr etməsi haqqında məlumatı həm İsraildə, həm də qeyd edilən ölkələrdə anlaşılmazlıq doğurub.
Bir sıra İsrail KİV-ləri İsrail ordusunun mətbuat xidmətinə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini xahiş edib, lakin dəqiq cavab ala bilməyiblər.
İsrailin “Vesti.co.il” saytının məlumatına görə, israillilərə Azərbaycanı və Gürcüstanı tərk etmək əmri haqqında məlumat yalnız telekanalın saytında yayılıb.
“Telegram” kanalında məlumat avqustun 12-nə keçən gecə yerləşdirilib, lakin nə İsrail ordusunun mətbuat xidmətində, nə İsrailin digər KİV-lərində əmrin özünə istinad var.