Seçicinin ayağına gedən namizəd... Zahid Oruc ev-ev, qapı-qapı gəzir - Reportaj/Video

17-08-2024, 10:10   




33 saylı Xətai Birinci Seçki Dairəsindən deputatlığa bitərəf namizəd, Strateji Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun seçki kampaniyası olduqca səmimi görüşlər, seçicilərlə xoş ünsiyyət şəraitində keçir. Anaxeber.info-nun seçicilərlə görüşlərdən məlumat verən əməkdaşının müşahidələrinə görə, təbliğat-təşviqat kampaniyası daha çox mehriban bir mühitdə, deputatlığa namizədlə seçicilər arasında bir dostluq qurmaq müstəvisində baş tutur. Yəni Zahid Oruc seçicilərlə görüşlərdə seçki platformasını açıqlamaqla yanaşı, həm də dairə üzrə küçə-küçə, ev-ev vətəndaşlarla söhbətləşir, onların ayağına gedərək problemlərini və təkliflərini öyrənir, seçicilərlə birbaşa təmasda onları yaxından tanıyır, müsbət bir aura şəraitində rəsmilikdən kənar bir dialoq qurur. Bu da şübhəsiz ki, Xətai sakinləri ilə deputatlığa namizəd arasında indidən bir körpü qurur və Zahid Oruc seçkidə qalib gələcəyi halda, millət vəkili-seçici münasibətlərində səmimi əlaqələrin yaranmasına zəmin hazırlayır. Artıq seçici görür ki, onun deputatı olacaq siyasətçi vətəndaşın özündən biridir, sadə bir şəxsdir və öz məhəlləsinin, küçəsinin hər hansı məsələsi barədə istədiyi zaman müraciət edərək seçdiyi millət vəkilindən dəstək ala bilər.
Anaxeber.info bildirir ki, növbəti görüşlərdən birində "Ağ şəhərdən Yaşıl Xətaiyə" devizi altında seçicilərlə görüş keçirilib. Açıq hava şəraitində baş tutan görüşdə Zahid Oruc seçicilərdən xoş fikirlər eşidib, insanlar ona uğurlar arzulayıb, həmçinin, problem və təklifləri dilə gətiriblər.
Deputatlığa namizəd Lütvizadə və Məzahir Rüstəmov küçələrinin sakinləri ilə görüşlər keçirib, 


seçicilərə müraciət edərkən hazırladığı “Xüsusi Buraxılış”da Xətai ilə bağlı görüşlərini, proqram və təkliflərini sadə şəkildə görüş iştirakçılarına təqdim edib.
Görüşlərdən məlumat verən əməkdaşımızın sözlərinə görə, Zahid Oruc vədlər deyil, konkret vəzifələr üzrə parlament üzvü kimi ötən dövrdə gördüyü işlərdən, parlament üzvü kimi keçdiyi şərəfli yoldan, xalq qarşısında hər zaman verdiyi açıq hesabatlardan danışaraq, daim vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını, qanunvericilik orqanı təmsilçisinin məsuliyyət və səlahiyyət dairəsinə aid olan məsələləri sadalayıb, xüsusi ilə ərazidə əhalinin fasiləsiz içməli, həmçinin təsərrüfat məqsədli su və istiliklə təminatı, sahibkarlığın inkişafı, məktəblərin və bağçaların təmiri, gənclərin sağlam böyüməsi və zərərli vərdişlərdən uzaq olmaları, karyera quruculuğu məsələləri və yeni şəhərsalma siyasəti, infrastrkturun dəyişməsi tədbirlərinin vətəndaşların hüquqi və sosial maraqlarına cavab verməsini millət vəkili-hökumət-icra orqanları vəhdətində birgə həllinin mümkünlüyünü inamlı dəlillərlə ifadə edib.
Növbəti görüş Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Abdulla Rəhimov 3 küçəsinin sakinləri ilə olub. Zahid Oruc bildirdi ki, artıq bu müddət ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini qeyd edib. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğulayıb. 
Görüşlər çərçivəsində Vətən müharibəsində son gülləsinə qədər döyüşən, uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gələcəyin qəhrəman zabitlərini hazırlayan polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Sarayevo 14 binasının sakinləri ilə görüş də yaddaqalan olub. Demək olar ki, hər gün Xətai sakinləri ilə görüşdüyünü bildirən Zahid Oruc artıq sakinlərin qaldırdıqları məsələlərin həlli üçün müraciətlər etdiyini və bir çox müsbət nəticələrin olduğunu, yaxın günlərdə bütün məlumatların ictimailəşəcəyini vurğulayıb.
Vətən müharibəsində həyatını torpaqlarımız uğrunda verən Vüsal Rzayevin ailəsinə ziyarət zamanı növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətinə bir daha toxunuldu, o cümlədən, şəhidimizin yaşadığı Məhsəti küçəsi 3 a binasının sakinləri ilə səmimi ünsiyyət yaranıb.


Azər Talıbov 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.