Zahid Orucdan inanılmaz seçici təəssüratları: Daha məhəllənin sağından-solundan keçən yox, xalqın qabağına çıxan namizəd var...

24-08-2024, 09:24   








Azərbaycanda parlament seçkiləri işğal edilmiş 20 faiz torpaqların geri qaytarılmasından sonra ilk dəfə bütün ölkə ərazisində keçirilir. Suverenliyini bərpa etmiş Azərbaycan dövləti, "boz zona" təmizləndikdən sonra 30 ildən çox separatçı xunta rejiminin nəzarəti altında olmuş Qarabağın yuxarı hissəsində qanuni seçkilər keçirir. Buna qədər isə xunta rejiminin keçmiş Dağlıq Qarabağda oyuncaq parlamentinin seçkiləri keçirilərdi. Son olaraq isə qondarma respublikanın kukla parlamentinin binasını Şuşaya köçürmək qərarı veriləndə hadisələr fərqli məcrada inkişaf etdi. Yeri gəlmişkən, artıq o bədnam və xəbis qüvvələrin toplaşdığı o bina yoxdur, yerlə-yeksan edilib. İndisə Qarabağda legitim parlament seçkiləri keçirilir. Bu baxımdan əvvəlki seçkilər, hazırkı seçki kampaniyası, ölkədəki seçki mühiti, seçici baxışı, modernləşən Azərbaycan vətəndaşının seçkilərə münasibəti, cəmiyyətin seçki sisteminə olan inamı, insanların tələb və çağırışları, o cümlədən problemləri mövzusunda 33 saylı Xətai Birinci Seçki Dairəsinin deputatlığa bitərəf namizədi, Strateji Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucla söhbətləşmişik. 
Artıq təbliğat-təşviqat mərhələsinin sayılı günləri olduğu üçün təcrübəli Zahid Orucun təəssüratları, keçirdiyi görüşlərdə müşahidələrindən irəli gələrək bizimlə bölüşdüyü fikirləri Anaxeber.info olaraq diqqətinizə çatdırırıq. 

"Əvvəla, bu illər ərzində haqqımızda çox irihəcmli, böyük məqalələr də yazılıb, müxtəlif xarakterli rəylər, şərhlər, mövqelər, münasibətlər olub. Belə mövqelərə baxmayaraq, biz o səhnəyə, o vitrinə, o tribunaya onlarla sənət, mədəniyyət, ya idarəetmə, ya siyasət, ya üçüncü sektor, ya media təmsilçilərini çıxararaq böyük bir səhnə üzərindən cəmiyyətə xitab etmək xəttini, üslubunu seçməmişik. Bunun özünəməxsus səbəbləri var. Ən başlıcası, özünü cəmiyyətə indiki halda təqdim etmək deyil, cəmiyyətin özünü təqdim etməkdir və ən başlıcası, onun sözünü, fikrini dövlətə təqdim etməkdir. Mən istəyirəm biləsiniz ki, hansı görüşlərə daxil oluramsa, inanın, 20-25 tələb, şikayət, müraciətə çıxıram. Onları bir qədər ümumi dillə hazırlanmış press-relizlərdə göstərməyə çalışırıq. Həqiqət budur ki, bunun dediyimiz miqyasda olduğunu bilməzdim. Baxmayaraq ki, cəmiyyət həyatına diaqnoz qoyan qurumlardan biriyik. Hamısında binaların zirzəmisindəki olan antisanitar durum, şirin suyun bu tərəfdə çatışmazlığı, istər mənbədən, istər bölgüsündən və o cümlədən onu daşıyan əsas kommunikasiya xətlərinin, boru kəmərlərinin durumundan, istismar vəziyyətindən şikayət olunduğu halda, orada gördüyümüz mənzərə tamam ayrıdır. Hər yerdə axan sular, onun qorunmaması və şirin suyla bağlı acı bir vəziyyətin yaranması,  ağcaqanad, həşaratların ətrafı bürüməsi kimi problemlər qaldırılır parlament üzvü qarşısında..."

Zahid Oruc deyir ki, deputatlığa namizəddən yaxşı qanun istehsal etmək, ölkənin milli, siyasi strateji gələcəyi ilə bağlı konsepsiya hazırlamaq, böyük əsərlər yaratmaq tələb olunmur ki, onun real sosial, məişət, gündəlik həyatına müdaxilə edəsən:  
"Binaların üstü, suyun qrafiklə verilməsi, məhəllədəki sadəcə adi bir istirahət şəraiti, qocalmış ağacların  taleyi, yaxud yeni ağacların əkilməsi, əksər yerlərdə işıqlandırma vəziyyəti, bardyurların halı, balacalarımız üçün oradakı şərait, bağçalar, məktəbin durumu hər kəsi narahat edir".
Zahid Oruc konkret misal gətirir: "Deməli, Məzahir Rüstəmov 20-də görüşdəyik, sonra çıxdım digər bir əraziyə getdim. Orada şəhidimizin barelyefi qurulub, yaxşı bir guşə yaradılıb, ətrafında kiçik bir səliqə-səhman var. Amma sonraki ərazilərdə yenə problemlər başlayır. Yüzlərlə problemləri həll etmişdik, xüsusilə qaz, su məsələlərində irəliləyiş olmuşdu. Son 4 ildə birinci olaraq elə Ləmbəranskinin adına layiq elə Ləmbəran məktəbi məsələlərini qoydum. 6 məktəblə bağlı  çox savaş apardım. Ancaq Qarabağa vəsaitlər getdiyi bir vaxtda, bu məsələni tribunaya gətirmək istəmədim. Çünki belə bir durumda istəmədim ki, onu  nazirlik və bir şəxs arasındakı rəqabət, mübarizə, dava kimi işıqlansın media məkanında. 
Bu dövr ərzində onlarla yerdə yenə də artezian quyusu davaları edirdim. Pandemiyadan qabaq Nizaməddin bəylə görüşmüşdüm və 110 dənə arteziana olan ehtiyacı onun qarşısına qoymuşdum. 6-sını qəbul etmişdi, bir neçəsini sonra yenə icra edəcəyini söyləmişdilər. Nə qədər ölüb-biçdilər, müayinələr apardılar, ancaq daha o işin sonrakı taleyindən danışmaq istəmirəm. Sözümü ora gətirirəm ki, mən o məktəbin  içindəki mühiti görmək istədim. 2023-cü ildə dövlət o qədər vəsait ayırdı o köhnə binanın fasadı yeniləndi, amma içi, alt qatı, zirzəmi sistemi elə həmin o durumda, rütubətli vəziyyətdə. Binanın zirzəmisi yenilənmədi. Bina bütün rütubətdir. Bu, orada işləyənlərin işini şaxta əməyinə çevirib. Mən bunun oradakıların üzündə, çöhrəsində hiss edirəm, o uşaqların durumunda hiss elədim. Çox acınacaqlı vəziyyətdir. Sözüm ondadır ki, bizim üçün ən başlıcası bu dərdlərə dərman olmaqdır. Kiçik bir missiyanı yerinə yetirməyən, bir yazığın, yetimin, bir evin, binanın problemini çiyinlərinə götürməyən bu insanlar, quzğunlar və xarici agenturalar partiyası, özünü milli qüvvə sayanlar niyə bəs o zalları boş qoyurlar? Ancaq mitinq meydanları axtarırlar. 
Sözüm budur ki, o məktəbdən çıxıram "Azərsu"ya üz tuturam. Oradan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, ardınca Bakı Yaşıllaşdırma İdarəsi, hansısa prokurorluq, məhkəmə sistemi, daha sonra TƏBİB rəhbərliyinə müraciətlər edirəm bu problemlərə görə. Mən hər görüşümdə səhərdən günortaya qədər çırpınıram, vuruşuram ki, bu problemlər yerinə qoyulsun, həllini tapsın. Heç olmasa 1 adam, 3 adam, 5 adam, 10 adam sevinsin və növbəti görüşümə gələndə göz-gözə gəlsəm o adamdan utanmayaq. Deməsin ki, axı sən vəd etmişdin?! Sevinirəm ki, o adamların çoxu qarşımıza çıxıb dua edir". 
Zahid Oruc əlavə edir ki, təsadüfən bir epizod olub: "86 yaşlı seçicimiz xeyir-duasını verdi və əllərini göyə qaldırıb deyir ki, nəhayət, biri gəldi. Deyir, nəhayət məhəllələrin sağından, solundan gizlin keçib gedən adam yox, bizim qarşımıza çıxan biri gəldi. Yaşlı dayı bildirir ki, ilk dəfədi qarşımızda canlı-canlı millət vəkilini görürəm və o insanlarla saatlarla, özü də mühafizəsiz görüşür. Digər - Elbrus Hacıyev adlı yaşı 80-i ötmüş seçici nə qədər dualar edib bizim üçün.
Biz bunları qarşıdakı günlərdə bir lentə çevirəcəyik. Bütün bunlar bir xalq sərvətidir, itirməyək. 
Burada deyirlər ki, Zahid bu günə qədərki bütün icra başçılarından daha çox iş görüb. Mən bu mövqelərə görə şükür edirəm. 
Həmçinin o işlər ki, var və mən onların üzərində işləyirəm, 108 kəndin qaz açılışında iştirak etdik, 108 artezian quyusunun qurulmasında bilavasitə iştirak etmişəm, minlərlə insanın haqqı uğrunda, mənafeyi üçün addımlar atmışam, danışıqlar aparmışam. Yol, iş, məktəb kimi problemləri həll etmişəm... Bütün bu kimi işləri kitaba çevirəcəyik". 
Deputatlığa namizəd söhbət əsnasında qeyd edir ki, mənə bir çox insanlar zəng ediblər, soruşublar - sizi nədəsə incitdikmi? "Deyirəm, xeyr, əsla. Səhnəni urvatlı tərk edərlər. Bu ölkənin lideri bu boyda qələbəyə münasibətdə deyir ki, biz onu istismar etməməliyik. Mənim də ixtiyarım yoxdur ki, min illik qələbəyə münasibətdə Ali Baş Komandanın yüksək dərəcədə tox münasibətini görüb də hər dəfə dilə gətirim ki, 108 kəndin qaz, su, yol problemlərini aradan qaldırmışam. Cəmiyyətin tələbləri həmişə yeni situasiyanı meydana çıxarır. Mən elə hər dəfə köhnə tarixin məsələləri üzərindən mövqe göstərməli deyiləm ki. Əlbəttə, bu mənim üçün, o bölgə üçün, o insanlar üçün böyük işdir. Arıq və çəlimsiz bir insanı öz övladı kimi bağrına basıb ucaltmaları mənim üçün şərəfdir. Bərdə mənim uğurlu hekayətimin başlanğıcıdır. Məni daim dəstəkləyən o insanları heç vaxt reklam şitinə çıxartmaq istəmədim.
Görəcəksiniz, mən o məktəblərin vəziyyətini də kökündən dəyişdirəcəyəm. O məktəblərin yenidən qurulmasını təşkil edəcəyəm. O məktəblərin açılışına hansı nazir olursa-olsun, onunla gedəcək, orada oxuyanların, təhsil alanların sevincinə şərik olacağam. Bu işlərə də özüm nəzarət edəcəyəm ki, heç bir talan olmasın, yeyib dağıtmasınlar. Biz etdiyimiz hansısa işə görə özümüzlə kamera aparıb lentə almırıq ki, sonra deməsinlər, yanlarındakı on adamdan beşi özlərinindir. Mən etdiyim işlərin yanında video, şəkil çəkib paylaşmağa utanaram. Mənim fəlsəfəm ondan ibarət olub ki, millət onun ayağına gələni həmişə qaldırıb ucaldır, amma onu ayağına aparanı həmişə endirir. Bu, həyat fəlsəfəsidir..." - Zahid Oruc səmimi şəkildə və böyük entuziazmla fikirlərini tamamlayır. Lakin fikri də, ideyası da bununla tamamlanmayıb...



Anaxeber.info

Azər Talıbov

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.