Masallı rayonun kəndlərində mal-qara arasında kütləvi tələfata səbəb olan xəstəlik yayılıb.
Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, iribuynuzlu heyvanların qənimi olan xəstəlikdən təkcə Təzəkənd kəndində 100-ə yaxın mal qaranın tələf edib.
“2 heyvanımın ayaqları tutdu və öldü. Bir neçəsi də ölüm ayağındadır”, - deyə kənd sakini Sürmənaz Əhmədova bildirib.
Kəndin baytarı Nazir Əliyev tələfata nodulyar dermativ xəstəliyinin səbəb olduğunu deyir. Onun sözlərinə görə, yay aylarında ölkənin digər bölgələrində yayılan xəstəlik indi də cənublu fermerləri hədəf seçib.
“Təxminən bu xəstəlik ay yarımdır davam edir. İndi də davam edir. Bunun içində ölənlər də var. Hardasa hər 3 evdən bir bu xəstəlik var. Yüngül formada olanlar sağalır, ağır formada olanları nə qədər müalicə edirik, effekt vermir”, - deyə Nazir Əliyev bildirib.
Yaranmış vəziyyət rayon rəsmilərini də ciddi narahat edir. Onlar tam müalicəsi və peyvəndi olmayan xəstəliyə qarşı profilaktik mübarizəni effektli hesab edirlər.
Masallı Baytarlıq İdarəsinin baytar həkimi Dədəmir Təhməzovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, buna səbəb yay vaxtında quraqlığın keçməsidir.
“Heyvanların bədən müqaviməti yoxdur. Heyvan vaxtaşırı çimizdirilmir. Göy yem yoxdur. Müalicə tədbiri də görülmür”, - deyə Dədəmir Təhməzov bildirib.
Rayon Baytarlıq İdarəsinin rəsmisi mal-qara arasında kütləvi ölümə təkcə nodulyar dermativin yox, qızdırma və digər yanaşı xəstəliklərin də səbəb olduğunu, bu istiqamətdə müalicə tədbirlərinin aparıldığını bildirib.