Naxçıvanda icbari tibbi sığorta ilə çalışan tibb işçiləri üçün nəzərdə tutulan əlavə bonus maaşlar kəsilib. Həkimlərə tapşırılıb ki, onlardan kəsilən pulu sığortalı xəstələrin özlərindən alsınlar.
Hurriyyet.az xəbər verir ki, həkimlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu göstəriş yerli Səhiyyə Nazirliyindən gəlib.
Həkimlər bildirirlər ki, növündən asılı olaraq, bir cərrahiyyə əməliyyatı üçün onların bonus payı 300-1500 manat arası dəyişir. Yeni qaydaya görə, həmin məbləği sığortalı xəstə öz cibindən ödəməli olacaq.
Naxçıvan Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən həkimi deyir ki, bu qərardan sonra başqa bölgəyə köçüb, orada işləmək qərarına gəlib:
“İki həftə öncə nazir Samiq Sadıxov yığıncaq keçirib dedi ki, bundan sonra sığorta pulları kəsilir, bacarırsınız, xəstələrin özündən alın. Onsuz da nazirlik bizə çox haqsızlıqlar edirdi, birtəhər dözürdük. İndi biz xəstələrə necə deyək ki, gətirin bizə əlavə pul verin? Deməsək də, 500-600 manat maaşla necə dolanaq. Şəxsən mənim üzüm gəlməz xəstəyə bu sözü deyim. Bizdən kəsilən bonuslar təbii ki, nazir və onun ətrafının cibinə gedəcək. Bu, 100 minlərlə manat deməkdir. Yuxarıların icazəsi olmadan, nazir də özbaşına bu qərarı verməz. Hamısının haqqı çatdırılır deyə, göz yumurlar”.
Yeni qərardan yerli sakinlər də narazıdır. Naxçıvan şəhər sakini N. Quliyev bildirir ki, tibbi sığortası olmasına baxmayaraq, əməliyyat üçün onun atasından 500 manat əlavə pul alınıb:
“Atam təcili əməliyyat olunmalı idi. Mərkəzi xəstəxanaya apardıq, sığortanı alıb, əlavə də 500 manat istədilər. Etiraz etsəm də, xeyiri olmadı. Həkim dedi ki, artıq sığortadan onlara pul verilmir və tapşırılıb ki, bu pulu xəstələrin özündən alsınlar. Əməliyyat təcili olunmalıydı deyə, borc tapıb, həkimlər deyən pulu ödədim. Daha sonra nazirliyə şikayət etdim, dedilər ki, gedin, məsələni həkimlə öz aranızda həll edin. Bunun harası sığorta oldu?”
Bundan öncə isə Naxçıvandakı dövlət xəstəxanalarında çalışan tibb işçiləri bildirirdilər ki, onların maaşlarından 80-200 manat kəsilib. Onlar iddia edirdilər ki, maaşlarının kəsməkdə məqsəd nazirlikdə aşkarlanan yeyintinin yerini doldurmaq olub.