"
İstifadəçilər mobil operator bazarında inhisarçı mövqe tutan şirkətdən üz çevirməyə başlayıb; Məhkəmə yolu ilə vətəndaşlara təzyiq edən MMC-nin fəaliyyətində qanun pozuntuları kifayət qədərdir
Ölkəmizin ilk mobil operatorlarından sayılan və müxtəlif tipli reklamlarla gündəmə gələn "Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) fəaliyyəti ilə bağlı son zamanlar ictimaiyyət arasında narazılıqlar durmadan artır. Belə demək mümkünsə, şikayətlər artıq kəskin həddə çatıb. Şirkət rəhbərliyi, ələlxüsus da "Azərcell”in rəhbəri Kiril Qaburiç müştərilərin iradlarından nəticə çıxarmaq əvəzinə müxtəlif şirnikləndirici reklamlara baş vuraraq vətəndaşları aldatmaqla məşğuldur. Bundan başqa, mobil operator şirkəti ölkəmizin mövcud qanunlarını pozur.
Qeyd edək ki, müvafiq qanunlara əsasən hər hansı şirkət məşğul olduğu sahədə ümumi məhsulun 35 faizindən artığına malikdirsə, o inhisarçı hesab olunur. Nəzərə alsaq ki, "Azərcell” bu sahədə 50 faizlik baryeri aşıb, deməli, monopolist quruma çevrilib. Mobil opetor şirkətləri arasında inhisarçı mövqeyə malik olan şirkət danışıq tariflərini öz istədiyi formada tənzimləyir və bu yolla müştərilərin büdcəsinə ciddi ölçüdə ziyan vurur. Apardığımız araşdırmalar göstərir ki, "Azərcell”də şəbəkədaxili zənglərin qiyməti ilə digər şəbəkəyə zənglərin qiymətləri arasındakı fərq çoxdur. Bu isə heç bir normaya uyğun gəlmir. Başqa sözlə desək, MMC rəhbərliyi istehlakçıların hüquqlarını tapdalayaraq, onların narazılığına səbəb olan işlər görür. Nəticədə istifadəçilərin "Azercell”ə olan inamı əhəmiyyətli dərəcədə azalır: "Şirkət müxtəlif üsullardan istifadə etməklə abonentlərindən külli miqdarda vəsait mənimsəyir. Bu açıq-aşkar ortadadır. Belə ki, mobil operator bəzi tarif və kampaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kampaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat və ya daha çox (kampaniyadan asılı olaraq) civarında pul çıxır. Milyonlarla istifadəçisi olan şirkət bu tip mesajları bütün abonentlərinə göndərir və onların etibarından istifadə edərək böyük miqdarda gəlir qazanır. Reklamda qeyd olunan məsələlərlə real durum üst-üstə düşmür. "Azərcell” şirkəti müştərilərin maraqlarına xidmət edən heç bir addım atmır. Mobil operatorun həyata keçirdiyi kampaniyalarda əsas məqsəd müştərilərin aldadılmasıdır. Çünki bunun başqa adı yoxdur. Məsələn, müştərilərə "Bölgələrdə xüsusi tarifdən yararlan”! Hər tərəfə 1 dəq=5 qəp! Üstəlik, şəbəkədaxili 3-cü dəqiqədən sonra 0 qəp. Bölgə yaz, 7575-ə göndər” məzmunlu mesaj gəlir. Əgər müştəri bu məzmunda məktub aldıqdan sonra "Bölgə” yazıb, "7575″-ə mesaj göndərirsə, balansından müəyyən miqdarda vəsait silinir. Şirkət milyonlarla istifadəçinin balansından vəsait çıxmaqla öz büdcəsini doldurur. "Azərcell” rəhbərliyi müştəriləri qəti fikirləşmir”. Əldə etdiyimiz məlumatlara görə, Kiril Qaburiçin rəhbəri olduğu MMC-nin imza atdığı fırıldaqlardan biri də internet istifadəçiləri üçün satılan datakartla bağlıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, "Azercell”lə əməkdaşlıq edən telefon dükanlarında və ya başqa satış yerlərində bu datakartların pulsuz olmasını iddia edirlər. Vətəndaşlar isə buna inanaraq datakartları alırlar: "Ancaq bu datakart pulsuz verilsə də, maya dəyərinin iki qatından da çoxunu şirkət həmin istifadəçidən tutur. Bu məsələdə müştərilər əməlli-başlı fırıldağa məruz qalır. Satış zamanı istifadəçiyə satış nöqtəsində heç bir müqavilə və şərtlər təqdim olunmur.
Lakin istifadəçinin şəxsiyyət vəsiqəsinin surəti satıcı tərəfindən götürülür. Bir müddət sonra datakartı işlədib-işlətməyəcəyi təqdirdə şirkətə 10 ay pul ödəməyə məcbur edilir. Birinci ay 5 AZN, növbəti 9 ay isə 10 AZN pul ödəməlidir. Bu da ümumilikdə 95 AZN təşkil edir. Beləliklə, bir datakart istifadəçiyə 95 manat məbləğə başa gəlir. İstifadəçi bu pulu ödəmədiyi təqdirdə məhkəməyə verilərək cərimə olunur. Eyni zamanda, internetdən istifadə edərkən istifadəçilərin balansına yüksək miqdarda borclar da yazılır. Şirkət həmçinin abonentlərini müxtəlif yarış və viktorinalar çərçivəsində aldadır. Belə ki, sim istifadəçiləri 8228-ə sms göndərəndə balanslarından 1.18 manat çıxılır. Halbuki, reklam çarxlarında bu barədə söhbət açmırlar”. Araşdırmalar nəticəsində aydın oldu ki, "Azercell”in əsas fırıldaqlarından biri də onun kontakt provayderi olan "Sindibad” şirkəti ilə bağlıdır. Mobil operatorun istifadəçiləri deyir ki, hər ay balanslarından məchul istiqamətlərə pul çıxırlar: "Müştəri xidmətləri ilə əlaqə saxladıqda isə deyilir ki, siz "Sindibad”a qoşulmuşuz və bu pullar ona görə çıxılır. "Azercell”in "facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı yetərincə şikayət var. Abonentlər and-aman edir ki, onlar bu xidmətə qoşulmayıblar və bu onların istəklərindən kənarda baş verir. MMC-yə milyonlar qazandıran provayder şirkətlər öz xərclədikləri pulun müqabilində "Azercell” abonentlərinin xəbəri olmadan onları hansısa internet xidmətinə abunə edir. Təəssüf ki, bu kimi məsələlərə aidiyyəti orqanlar səviyyəsində münasibət bildirilmir. Bundan arxayın düşən şirkət isə ürəyi istədiyi qanunsuzluqları törədir”. Az öncə qeyd etdik ki, Azərbaycanın mobil operator bazarında inhisarı əldə saxlayan ən güclü şirkət "Azercell”dir. Bu şirkət vətəndaşla mübahisəsində bəzən gücündən istifadə edərək hətta məhkəmələrə də təzyiq edə bilir. Məsələn, Elnarə Həşimova adlı vətəndaş bir neçə müddət öncə Koreya Respublikasında işgüzar səfərdə olub. Səfər müddətində onun 1 manatlıq internet balansı olmasına baxmayaraq, özündən xəbərsiz ona balans artırılıb və 3 mindən çox borc gəlib. Mətbuatda yazılanlara görə, bu səbəbdən onun sim nömrəsi uzun müddətdir ki, bağlanıb: "Halbuki buna "Azercell”in hüququ çatmır. Həmçinin mobil operatorun müştəri ilə bağladığı müqavilə o qədər kiçik şriftlə verilir ki, istifadəçi onu oxuya bilmir və yazılanlardan xəbərsiz imzalayır.
Bu isə istehlakçıların hüquqlarının pozulması deməkdir. Müştəri əgər mobil operatorun hər hansı kampaniyasına qoşulursa, belə məsələlər operatorla istifadəçi arasında olan müqavilə ilə tənzimlənir. Həmin müqavilələr kifayət qədər mücərrəd hazırlanır. Məsələlər dəqiqliklə öz əksini tapmır. Ona görə burda vacibdir ki, vətəndaşlar hansısa kampaniyaya qoşulanda, ümumiyyətlə, xidmətdən istifadə edəndə müqavilədə yazılanları diqqətlə oxusun, təklif onu qane etmədikdə imtina etsin. Müqavilələr mütləq anlaşıqlı dildə tərtib olunmalıdır. Abonent hər hansı kampaniyaya qoşulmazdan öncə onun şərtləri ilə diqqətlə tanış olmalıdır. O şərtlərdə operatorun reklam göndərməsi qeyd edilməyibsə, o zaman mobil operatorun abonentə reklam göndərməsi qanunsuzdur. Ümumiyyətlə, Azərbaycan məkanında mobil operatorların müqavilə məsələsinə aydınlıq gətirilməlidir, elə etmək lazımdır ki, istifadəçinin hüquqları tapdalanmasın”. "Azərcell Telekom” MMC isə heç nədən çəkinməyərək istifadəçilərin hüquqlarını pozur. Araşdırmalarımız zamanı onu da öyrəndik ki, şirkətin adı bir neçə il əvvəl korrupsiya qalmaqalına qarışıb. İsveç mənbələrinin məlumatlarına görə, buna səbəb "Azercell”in də daxil olduğu telekommunikasiya nəhəngi "TeliaSonera” barəsində bir-birinin ardınca yaşanan qalmaqallardır: "Əvvəlcə "TeliaSonera”nın keçmiş sovet respublikalarında – Belarus, Özbəkistan, Azərbaycan və Tacikistanda bəzi şəxsləri izləmək üçün bir sıra qurumlarla əməkdaşlıq etdiyi üzə çıxıb. Ardınca məlum olub ki, şirkət həmin ölkələrin bazarlarına daxil olmaq üçün kimlərəsə külli miqdarda vəsait təklif edib. Ən azından "TeliaSonera”nın Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya 250 milyon dollar rüşvət verdiyi təsdiqlənib və İsveç jurnalistlərinin apardığı araşdırma nəticəsində bu pulların hansı ofşor hesablara köçürüldüyü məlum olub. Hazırda İsveç prokurorluğu "TeliaSonera” ətrafında korrupsiya ittihamlarını araşdırır. Konsern bir-birinin ardınca qalmaqallarla üzləşdiyi üçün onun rəhbəri Lars Nyuberq istefaya gedib. "TeliaSonera” İsveç və Finlandiya şirkətidir, amma səhmlərinin çoxu İsveç hökumətindədir. O, dünyanın ən iri telekommunikasiya şirkətlərindən biridir və illik təmiz gəliri 12 milyard dollardan çoxdur”. "Azercell” şirkətinin rəsmiləri isə korrupsiya qalmaqalına aydınlıq gətirərək bildirib ki, ölkənin ən iri mobil operatorunda aparılan yoxlamalardan sonra üzə çıxan korrupsiya elementləri şirkətin dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri Samit Həmidovu işdən kənarlaşdırıblar:
"Şirkət yarandığı gündən etibarən yüksək səviyyəli etik biznes normalarına əsas fəailyyət göstərir. Bizim fəaliyyətimizdə bu həmişə əks olunub. "Azercell” in bir parçası olan "TeliaSonera” şirkətlər qrupunda Norton Fumbrayt şirkəti tərəfindən müxtəlif araşdırmalar aparılır. Lakin bütün bunlar Şirkətlər Qrupumuzun bir daha yüksək etik normalara biznes fəaliyyətinin sübut etmək üçün şirkətin yeni rəhbərliyi tərəfindən söhbət İsveçdə olan "TeliaSonera” şirkətinin baş ofisi barəsində gedir. Şirkətin rəhbəri tərəfindən, yəni bütün bunları ictimaiyyətə açıqlaması üçün yeni bir cəhdidir”. "Azərcell Telekom” MMC baş verən qalmaqallardan özünu təmiz çıxarmaq istəsə də, real vəziyyət göz qabağındadır. Sözügedən qurum həm ölkənin mövcud qanunlarını, həm də istehlakçıların hüquqlarını tapdalamaqla əvvəlki nüfuzunu itirib. Son vaxtlar minlərlə sim istifadəçisinin mobil operatorunu dəyişməsi bunun bariz göstəricisidir. Biz isə hesab edirik ki, aidiyyəti dövlət qurumlarının rəhbərləri "Azercell”də qeydə alınan neqativ hallara, qanun pozuntularına və müştərilərin aldadılmasına göz yummamalıdır. Mobil operator şirkəti bu vaxta kimi istifadəçilərin başına yetərincə problem açıb. Artıq şirkətin törətdiyi fırıldaqların qarşısını almaq vaxtıdır. Milyonlarla vəsaitin dövr etdiyi şirkətin fəaliyyəti yuxarı orqanlar tərəfindən təcili olaraq nəzarətə götürülməli və qeyri-qanuni işlərə şərait yaradan şəxslərin barəsində cinayət işi açılmalıdır. Təbii ki, bu məsələdə ən böyük məsuliyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşür. Biz inanırıq ki, nazirliyin rəhbər şəxsləri "Azercell”də baş verən xoşagəlməz halları araşdırıb lazımi ölçü götürəcəklər.
Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Сохранить