"Müsavat partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa Qəmbərlə də öldü"

11-10-2014, 13:16   
"Müsavat partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa Qəmbərlə də öldü"


"Müsavat partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa Qəmbərlə də öldü"
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin növbəti bölümünü təqdim edirik:

-Milli Məclisdə cəmiyyətin arzuladığı və nəticə gözlədiyi sahələrlə bağlı demək olar ki, Sizdən başqa barmaqla sayılacaq deputatlar məsələ qaldırır. Bir müddət öncə AZAL ilə bağlı parlamentdə fikir bildirib onların qiymət siyasətini ifşa etmişdiniz. Amma heç bir nəticə olmadı. Əksinə, artıq müalicəyə İrana gedən kimi millət xaricə getmək üçün gedib Tiflisdən uçmağa məhkum edilib. Çünki AZAL-ın təklif etdiyi qiymətlər millət üçün sadəcə əlçatmazdır...
-Mən əvvəllər də söyləmişəm və indi ndə deyirəm ki, AZAL-da əsaslandırılmış qiymət sistemi yoxdur. Xatırlayırsınızsa Naxçıvana uçuşların qiyməti qaldırılanda da mən bunu söyləmişdim və müqayisə aparmışdım ki, eyni məsafəyə uçuşların qiyməti tutaq ki, Rusiyada və ya Türkiyədə hansı qiymətədir, AZAL-da hansı qiymətədir. Hətta aviayanacağı xaricdən baha qiymətə alan xarici ölkələrdə uçuşlar belə baha deyil. Halbuki Azərbaycanın özü aviayanacaq istehsal edən ölkədir. Məhz ona görə də bizim vətəndaşlar bir çox hallarda xarici aviakompaniyalardan istifadə etməyə çalışırlar. Amma bizdə sanki bunun fərqində deyillər ki, qiyməti aşağı salmaqla daha çox sərnişin cəlb etmək və daha çox gəlir götürmək olar. Dediyiniz kimi mən bu məsələni parlamentdə də, mətbuatda da dəfələrlə qaldırmışam ki, bu qiymətlərin bir əsaslandırılması yoxdur. Bizdə bilirsiniz necədir, adətən hökumətin hesabatı zamanı iqtisadi sektora aid Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi hesabat verir. Bizdə nə güc strukturları hesabat vermir, nə Xarici İşlər Nazirliyi. Dəfələrlə bu məsələni də parlamentdə səsləndirmişəm ki, niyə bu qurum rəhbərləri parlamentə dəvət olunmur və onlar hesabat vermirlər. Bu azmış kimi bizdə dövlət büdcəsindən nəhəng maliyyələr alan dövlət şirkətlərinin rəhbərləri də hesabat vermirlər. Elə AZAL-ın özü, Xəzər Dəniz Gəmiçiliyi və bir çox başqa açıq səhmdar cəmiyyətlər və şirkətlər hesabat vermirlər. Axı bu qurumlar Nazirlər Kabinetinin üzvü olmasalar da dövlət şirkətləridir. Özü də bunlar inhisarçı şirkətlərdi. Ona görə də hər zaman etdiyim çıxışlarda xüsusi olaraq vurğulamışam ki, parlament nəzarəti gücləndirilməlidir və bu qurumlar təkcə prezident deyil, həm də parlament qarşısında öz məsuliyyətlərini bilməlidirlər, üzərlərində bir nəzarətin olduğunu hiss etməlidirlər. Yəni ölkədə bu istiqamətdə doğrudan da görüləsi çoxlu işlər var.
-Bir neçə gündür ki, gələn ilki büdcə paketi bir tapmaca kimi sosial şəbəkələrdə virtual müzakirə olunur. Hamı da bir suala cavab axtarır ki, bir həftədən sonra parlamentin müzakirəsinə çıxarılacaq bu paketin içindəkilərdən nəinki cəmiyyətin və müstəqil iqtisadçıların, heç deputatların da xəbəri yoxdur.
-Bilirsiniz ki, o büdcə paketi ən sonda deputatlara verilir. Nazirlər Kabineti artıq bilirsiniz ki, müzakirə edərək onu prezidentə göndərib, yəqin ki, prezidentin köməkçiləri baxacaq və yalnız ondan sonra həmin sənəd Milli Məclisə gələcək. Özü də Milli Məclisə gələn kimi onun müzakirəsi keçirilmir, həmişə arada bir iki həftə fərq olur ki, deputatlar büdcə layihəsiylə yaxından tanış ola bilsinlər.
-Kənd təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycanın kənd təsərrüfatı təyinatlı torpaqlarının Rusiyaya icarəyə verilməsi barədə dedikləri cəmiyyətdə elə narazılıqla qarşılandı ki, nazir dediklərini bir gün sonra danmağa məcbur oldu.
-Hesab edirəm ki, o da heç cür əsaslandırılmamış və xətalı bir açıqlama idi və mən izlədim ki, iqtidarlı-müxalifətli bir çox insanlar bu açıqlamanı qınadı və mən də qətiyyətlə pisləyirəm. Azərbaycan kəndlisinə imkan yaratmaq lazımdır ki, o torpaqlardan lazım olan məhsulu götürsün. Elə kənd təsərrüfatı nazirinin borcudur ki, ölkədə şoranlaşmış torpaqları münbitləşdirsinlər və həmin torpaqlar da əkilib-becərilsin. Fikir verin, azərbaycanlı gənclər iş dalınca Rusiyaya gedir, bir çox hallarda gedib oradakı münbit torpaqları baha qiymətə icarəyə götürərək qeyri-əlverişli şərtlər altında məhsul becərərək bazara çıxarır, qazancın da çoxu heç sonda ona qalmır. Nazirsə deyir ruslar gəlib burda bizim torpaqlarda məhsul becərəcək. Onlar elə əkib-becərəndirlərsə ağzı günə qalmış milyonlarla hektar münbit torpaqlarında bunu etsinlər, kimsəyə də bu cür möhtac olmasınlar. Bu təklifin siyasi tərəfi də çox qorxuludur, görünür, Heydər Əsədov da bu təklifin siyasi tərəfini hesablamaq imkanında olmayıb. Yəni beyninə gələni dərhal da dilinə gətirib. Düşünürəm ki, o artıq çox böyük səhvə, xətaya yol verdiyinin fərqində oldu.
-Cəmiyyətdə belə bir müqayisə cəhdləri sezilir ki, AXCP-nin şinelindən 7 partiya çıxdı, görəsən Müsavatdan gedənlər neçə partiya yaradacaq?
-Bilirsiniz ki, AXC-nin və ondan sonrakı dönəmdə AXCP-nin üzvlərinin sayı çox idi, ona görə də ordan ayrılan funksionerlər tərəfindən yeni partiyaların yaradılması mümkün idi. Axı Müsavatın hər şey bir yana, heç say etibarı ilə bu potensialı yoxdur ki, bir neçə partiya yaratamaq təşəbbüsündə olanlar olsun. Partiya təsis etmək üçün ən aşağısı min nəfər adam lazımdır. Müsavatda neçə min adam var ki, hətta nəzəri olaraq bir neçə partiya yaradılsın? Yəni heç fiziki baxımdan insanların sayı buna imkan vermir. Amma mən o qurultaydan öncə də söyləmişdim ki, orda bu proseslər ağrılı keçəcək. Həm də bunu Müsavatın faciəsi kimi qiymətləndirməmişdim, vurğulamışdım ki, hələ də ölkədə ümumi siyasi mədəniyyət aşağıdır. Ona görə də nə qədər deyilsə ki, Müsavat Partiyası müsavatçılıq ideologiyası üzərində yaranıb və onlar əski Müsavatın varisləridir, amma hamı bilir ki, ortada varislik deyilən bir şey olmayıb. Yəni 70 il ərzində ortadakı o varislik dönəmi tamam qırılmışdı. Az qala bir əsrə yaxın müddətdə hansı partiya fəaliyyət göstərirdi ki, varislik iddia olunsun? Sadəcə əski Müsavatın bir neçə üzvü Türkiyədə yaşayırdı. Müsavat sadəcə İsa Qəmbərin ambisiyaları ətrafında, özü də əsaslandırılmamış, təhlükəli nəticələri hesablanmamış yaradılımış və AXC iqtidarının çökməsində az rol oynamamış bir partiyadır. Necə ola bilər ki, hakimiyyətə gələsən və ölkənin ikinci şəxsi olduğun halda iqtidardakı siyasi qüvvəni parçalayaraq yeni partiya yaradasan, Yəni mənəvi baxımdan da bu qınanılası bir addım idi ki, o vaxt İsa Qəmbər bunu atmışdı. Elə ona görə də bu 21 il ərzində onun zillətini çəkir. Mən qurultay öncəsi də söyləmişdim ki, bu partiya bir nəfərin ətrafında yaranıb və orada İsa Qəmbəri əvəz edə biləcək ikinci bir nüfuzlu partiya funksioneri də hazırlanıb ortaya çıxmayıb ki, bu proses ağrısız keçsin. Sadəcə olaraq onda da demişdim ki, Müsavat başqanlığına kim gəlir gəlsin o hökumətlə işləyəcək, əməkdaşlıq edəcək. Ona görə ki, başqa alternativin olmadığının fəqində olacaqlar. Yəni İsa Qəmbər ki, bəzən Əli Kərimli ilə radikallıq rəqabətinə girmişdi, yeni gələn adamlar həmin siyasəti davam etdirsələr partiyanın yaşamaq imkanları olmayacaq. Yəni bunları nəzərə alaraq demişdim ki, kim gəlsə, yəni həm Qubad bəy, həm Arif bəy hökumətlə işləyəcəklər. Gördüyünüz kimi də hökumət heç bir müdaxilə etmədi, çünki hər iksini özünə yaxın insanlar sayırdı.
-Qüdrət bəy, aləm qarışacaq, hər ikisi də hakimiyyət yaxın adamdır məgər?
-Birmənalı şəkildə. Özünüz də gördünüz ki, haklimiyyət o məsələrə heç bir müdaxilə etmədi, yəni bütün prosesləri öz axarına buraxmışdılar. Amma mən söyləmişdim ki, seçkinin nəticələri çox ağrılı olacaq. Bu məqamı bir daha vurğulamaq zorundayam ki, bu, ancaq Müsavatın özüylə bağlı məsələ deyil, hər bir xalqın inkişaf indeksi var. Bu göstəriciyə görə Azərbaycan heç də irəlidə getmir. Nə qədər desək ki, bir Avropa ölkəsiyik, bu belə deyil. Biz Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm müəyyən Avropa dəyərlərini mənimsəmiş, həm Şərqin bəzi neqativ sterotiplərindən hələ də xilas ola bilməmiş müsəlman ölkəsiyik. Ona görə də bizim kimi ölkələrdə bu proseslər ağrılı olur. Ona görə də mən burda rəhmətlik Əbülfəz Elçibəyi xatırlamaya bilmirəm. Təbii ki, kimlərsə idarəetmə ilə bağlı onu tənqid edə bilər, amma o böyük bir Şərq filosofu idi, deyirdi ki, elə məsələlər var, onun zamana ehtiyacı var.

-Hər iki namizəd hökumətlə işləməyə meylli adam idisə niyə Qubad bəy yox, Arif bəy seçildi?
-Çünki Arif bəy siyasi məsələlərdə Qubad bəydən daha təcrübəli idi. O uzun illər partiyanın daxili həyatında olduğundan vəziyyəti Qubad bəydən daha müfəssəl bilirdi. Özünüz də gördünüz ki, seçkilərə az qalmış Arif Hacılı özünü növbəti başqan kimi təqdim edirdi. Yəni belə bir fikir formalaşdırmağa çalışırdı ki, bunun əksi sadəcə olaraq mümkün deyil. Bir sözlə, mesaj verirdi ki, o başqan olmayacağı təqdirdə bu partiyanın parçalanması 100 faiz labüddür və bundan qaçmaq olmayacaq. Yəni partiyanın bütünlüyünü hər şeydən üstün tutan adamları, hətta İsa Qəmbərin özünü də sadəcə qorxudaraq partiyanı parçalamaq iqtidarında olduğunu ortaya qoydu.Nəticədə İsa Qəmbəri də ona loyal davranmağa sövq etdi. Amma mən hiss edirdim ki, İsa Qəmbərin daxili simpatiyası bəlkə də Arif Hacılıdan daha çox Qubad İbadoğluna idi. Unutmayaq ki, Müsavat həm də o dövrdə regional zəmində yaradıımış bir prtiya idi. O partiyada başqa regionlardan adamlar olsa da adətən partiyanın hərəkətverici qüvvəsi regionçuluq amilinə söykənirdi. Təsəvvür edin ki, İsa Qəmbərin qardaşı da açıq şəkildə Qubad bəyi dəstəkləmişdi. Bir məqam da xüsusilə diqqət çəkdi. Bəlli oldu ki, konfrans keçirilməyən rayonların əvəzinə qurultaya başqa rayondan adam gətiriblər. Seçkilərdə də pozuntularla bağlı çoxsaylı iddialar ortaya çıxdı. Təsəvvür edin, bunlar 450 nəfərin arasında normal seçki keçirə bilmədilər. Sən indi hansı haqla iqtidarı saxta seçkilər keçirməkdə ittiham edə biləcəksən? Televiziyalar da göstərdi ki, 3-4 nəfər yığışıb bir yerdə bir bülleten doldurur. Müqayisə aparın. Seçkilərdə bir məntəqədə orta hesabla 1500 adam səs verir. Ölkədə də 5 mindən artıq seçki məntəqəsi var. Bəs yaxşı, siz 5000 məntəqədə bu qədər adamın səsverməsini necə təşkil edə bilərsiniz? Yəni 20 ilən artıq eyni partiyada olan insanlar öz aralarında vicdanlı bir seçki keçirə bilmirlərsə, tutaq ki, hakimiyyəti kənara qoyuram, Arif Hacılı sabah Əli Kərimli ilə seçki yarışına girib ədaləti təmin edəcək? Yəni əgər 20 illik mübarizə yoldaşı ilə o cür ədalətsiz seçki keçirdilərsə, başqasına qarşı fərqli münasibət sərgiləyə bilərlərmi? Qətiyyən. Bilirsiniz, Müsavatın son qurultayından sonra xalqın seçkiyə inamına o qədər böyük zərbə vuruldu ki, bunun nəticələrini hələ xeyli hiss edəcəyik. Əslində insanların seçkilərdən uzaq düşməsinin də bir səbəbəi bu cür hərəkətlərdi ki, onlar düşünürlər ki, əgər illər boyunca bir yerdə olanların bir-birinə münasibəti bu cürdüsə, sabah bunlar hansı demokratik seçki keçirə bilər? Bundan başqa beynəlxalq birlik qarşısında Azərbaycanda siyasi mədəniyyətin səviyyəsini bir daha göstərmiş oldular ki, özlərini 100 illik bir partiya hesab edənlər bu cür bərbad seçki keçirdilər. Mən də uzun illər bunu deyirdim ki, maksimalist olmayaq, biz bir xalq olaraq buyuq və gəlin yavaş-yavaş xalqı seçki prosesinə hazırlayaq. İndi hətta Qubad bəy istefa verməsə belə o partiyaya partiya demək olmaz. Partiya həmfikirlərin bir araya gəldiyi bir qurumdur. O yerdə ki, artıq insanların bir-birinə patoloji nifrəti yaranıb, hansı birlikdən söhbət gedə bilər? Vaxtilə AXC-nin də tərkibində biz bunun sonradan hansı nəticələrə gətirib çıxardığını gördük. Ona görə də mən bu qənaətdəyəm ki, Müsavat partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa Qəmbərlə də öldü. Söhbət Rəsulzadə Müsavatından yox, yeni yaradılmış Müsavatdan gedir.
Ardı var...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.