Bu gun Bakıda mitinqdi

12-10-2014, 11:18   
Müxalifət liderləri və ictimaiyyət nümayəndələri xalqa çağırış etdi

Milli Şuranın “siyasi məhbuslara azadlıq” şüarı ilə keçirilən aksiyasına hazırlıq davam etməkdədir. Sosial şəbəkələrdəki müzakirələr, mətbuatın mitinqə marağı aksiyanın izdihamlı keçəcəyini deməyə əsas verir. Ölkədəki son durumla səsləşən aksiyanın şüarını cəmiyyətin sosial tələbi saymaq olar. Saat 15:00-dan 17:00-a qədər davam edəcək aksiya metronun “Inşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda olacaq. Aksiya icazəlidir, Bakı Şəhər Icra hakimiyyətiylə razılaşdırılıb.

Müxallifət liderləri ilə yanaşı ziyalılar, gənc fəallar, siyasi məhbusların yaxınları və vəkilləri - bir sözlə cəmiyyətin müxtəlif təbəqələrinin tanınmış nümayəndələri də xalqı mitinqdə iştiraka səsləyib. Həmin müraciətlərdən bir neçəsini təqdim edirik:

"Ölkəmizi alçaldan repressiyalara yox deyək!"



Milli Şuranın sədri Cəmil Həsənli:
"Bu gün Ilham Əliyevin diktatorluq rejimi tərəfindən repressiya edilən siyasi və vicdan məhbuslarının sayı 105 nəfəri ötmüşdür. Siyasi əqidəsinə, vətəndaş mövqeyinə, dini inanclarına görə Azərbaycanın ən ləyaqətli oğul və qızları hazırda zindanlara salınmışdır. Həbs yerlərində belə onlarla orta əsr qaydalarına uyğun rəftar edirlər. Məşhur hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif bəylə bağlı törədilən vəhşiliklər insanlıq adına ləkədir. 37-ci ildən sonra ilk dəfədir ki, ölkəmişzdə siyasi zəmində ailəvi həbslər həyata keçirilir. REAL lideri Ilqar Məmmədov, müsavat yetkilisi Tofiq Yaqublunun bir neçə gündür saxlama yeri bəlli deyil. Tanınmış hüquq maarifçisi Intiqam Əliyev vəkillərindən məhrum ediblər, Azərbaycan saatının aparıcısı Seymur Həziyə qarşı təxribatların ardı-arası kəsilmir. Qurban Məmmədov, Rəsul Cəfərov, Hilal Məmmədov, Yadigar Sadıqlı, Fərəc Kərimov, Əliabbas Rüstəmov ilə bağlı baş verənlər hər kəsi heyrətə salır. Anar Məmmədli, Pərviz Həşiml, Bəşir Süleymanlı, Murad Ədilov hansı günahın sahibidir? Rəşad, Rəşadət, Zaur, Ilkin, Üzeyir, Məmməd, Şahin, Ömər, Əbdül, Orxan, Rəşad Ramazanov kimi istedadlı gənclərin vətənə xidmət əvəzinə, həbs yerində mənasızcasına saxlanılmasının heç bir izahı yoxdur. Babək Ədaləti və Nemət Pənahlıya verilən işgəncələr insana orta despotizmini xatırladır. Möhsüm Səmədov, Tale Bağırzadə, Abgül Süleymanov kimi imanlı,əqidəli, iradəli ilahiyyətçilərin narkotika ittihamı ilə həbs edilməsi islamın adına və müqəddəs ənənələrinə bir ləkədir. Azərbayca curnalistkasının ən peşəkar nümayəndəsi kimi Rauf Mirqədirov, Əvəz Zeynallı, Sərdar Əlibəyli, Nicat Əliyev və digərəri saxta ittihamlarla həbsdə saxlanılır. 105-in üstündə olan siyasi məhbusların simvolik olaraq biz yalnız 37-nin adını çəkdik. Amma məramımız Leyla Yunus və Rəsul Cəfərov siyahısında yer alan hər kəsi müdafiə etmək, onalara öz dəstəyimizi verməkdir.
Sevgili dostlar, siyasi partiyalarda təmsil olunan fədakar insanlar, ölkəmizin vətənpərvər gəncləri, vətənimizin gələcək yönəticiləri olan tələbələrimiz, vətəndaş cəmiyyətinin təqiblərə məruz qalan təmsilçiləri, zülmə qarşı dirəniş göstərən etiqadlı vətəndaşlarımız, kamil iman sahibi olan mömin islam təssübkeşləri bu gün siyasi məhbusların, vicdan zindanilərinin sizin müdafiənizə ehtiyacı vardır. Oktyabrın 12-də saat 15-də “Məhsul” stadionuna gəlin, ölkəmizin ən ləyaqətli oğul və qızlarına öz dəstəyinizi ifadə edin. Siyasi məhbusları müdafə etmək özünü bu ölkənin vətəndaşı bilən hər kəsin vicdan borcudur. Gəlin Əliyev rejiminin kameralarında təhqir edilən, döyülən, əzab və işgəncələrə məruz qoyulan şərəfli vətəndaşlarımızı müdafiə edək, bütövlükdə ölkəmizi alçaldan repressiyalara yox deyək!".

"İndi söz xalqımızındır"




AXCP sədri Əli Kərimli:
"Dostlar, indi ölkədə siyasi məhbusların sayı 100 nəfəri keçib. Onların ən azı 30 nəfəri tanınmış ictimai-siyasi xadimlərdir. Onlar bu ölkədə insan hüquqlarını qoruduqları, haqqı tapdalanan insanlara vicdanla vəkillik etdikləri, hakimiyyətin korrupsiyasını, seçki saxtakarlıqlarını ifşa etdikləri, xalqı əzməyən, ona xidmət edən hökumət qurmaq istədikləri üçün həbs olunublar. Bilirəm ki, əksəriyyətiniz ölkənin bu mərd, ziyalı insanlarının həbsindən narahatsınız. Amma etiraf edək ki, narahat olmaq azdır. Xalqa yandığı üçün zinadana düşmüş bu mübariz insanlara kömək etmək lazımdır. Bazar günü 2 saat vaxtınızdan keçib, razılaşdırılmış mitinqdə iştirak etməklə vicdan məhbuslarına dəstək verə bilərsiniz.
Nəzərə alın ki, indi bizim, xalq olaraq, “Niyə beynəlxalq aləm bu ədalətsizliyə susur?” sualı ilə acığımızı başqalarına tökmək imkanımız qalmayıb. Dünya ictimaiyyəti Azərbaycanın vicdan məhbuslarına çox ciddi dəstək verir. Onları ən yüksək mükafatlara layiq görür. Hökumətdən onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edir. İndi bizim, xalq olaraq, “Bəs müxalifət niyə susur, niyə qabağa düşmür, mitinq təyin etmir?” sualları ilə də vicdanımızı rahatlatmaq imkanımız qalmayıb. Milli Şura məsuliyyəti üzərinə götürüb, mitinq təyin edib. Mitinq İcra Hakimiyyəti ilə razılaşdırılıb. Yüzminlərlə vətəndaşımıza müxtəlif üsullarla mitinqə dəvət göndərilib. İndi söz xalqımızındır. İndi bir millət kimi nə qədər qədirbilən olduğumuzu, azadlıq və ədalətə can atdığımızı, haqsızlıqla, zülmlə barışmadığımızı nümayiş etdirməyin tam zamanıdır. Hamınızı 12 oktaybr mitinqinə dəvət edirəm".

“Repressiyalara dur deməliyik”



Istiqlalçı deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli: “12 oktyabr mitinqinin məqsədi məlumdur. Burada siyasi, hətta sosial tələblər də yoxdur. Birbaşa humanizmlə bağlı, mənəvi tələblərdir. Azərbaycan hakimiyyətinin son dövrlərdə vətəndaş cəmiyyətinə qarşı apardığı repressiv siyasət sərgiləməsinə dünya göz yummur. Beynəlxalq səviyyəli ekspertləri, vətəndaş cəmiyyətinin üzvləri Leyla Yunusu, Intiqam Əliyevi, Anar Məmmədlini, Rəsul Cəfərov kimi adamların həbs edilməsi nə məntiqə sığır, nə də bunu nəyləsə müqayisə etmək olar. Əhalinin sayına nisbətdə dünyada heç yerdə Azərbaycanda olan qədər siyasi məhbus yoxdur. Ona görə də humanizm, repressiyalara son qoyulsun tələbiylə çıxış edəcəyik. Mənə elə gəlir ki, bu tələblər mənəvi məsələ olduğuna görə ölkənin bütün təbəqəsi - ziyalılarından tutmuş siravi adamlarına qədər - bu mitinqdə iştirak etməlidir. Repressiyalara dur deməli, vətəndaş hərəkatının üzvlərinə, siyasi məhbuslara azadlıq tələb edilməlidir. Bu mitinq mənəviyyat mitinqidir. Siyasi məhbusların qarşısında borcumuzu yerinə yetiririk. Azərbaycanda ədalətin bərpası üçün bu mitinqdə iştirak etməliyik”.

“Hər kəs öz etirazını bildirmək üçün meydana gəlməlidir”



Tanınmış publisist Mehriban Vəzir: “Bütün demokratik qüvvələrin təsdiq elədiyi bir siyahı var. 100 nəfərə yaxın siyasi məhbusun Azərbaycanda olması və onların hüquqlarının pozulmasıyla bir birlik çağırışı edilib. Bununla bağlı oktyabrın 12-də mitinq olacaq. Təşəbbüskar Milli Şuradı. Düşünürük ki, demokratik qüvvələr bu çağırışa qoşulacaq. Çünki məsələ ümumi, ictimai, millidir. Biz, siz demədən, tərəf bilmədən hər bir Azərbaycan vətəndaşı mitinqdə iştirak etməlidir. Çünki, soydaşlarımız həbsdədir və hər gün hüquqları pozulur. Bunu hər kəs öz etirazını bildirmək üçün meydana gəlməlidir”.

"Bu mitinq ölkədəki idarəetməyə etiraz mitinqidir"



"Tanınmış vəkil Namizəd Səfərov: “Ölkədə repressiyaların artmasından sonra cəmiyyət də siyasi partiyalardan, prinsipial müxalifətdən mitinq tələb edirdi və mitinqlərin gecikməsinə görə müxalifəti qınayırdı. Cəmiyyətdən gələn tələbləri və daxili yekdilliyi nəzərə alaraq Milli Şura bu qərarı verdi. Ancaq bu mitinq yalnız siyasi məhbularla bağlı deyil. Cəmiyyətdə baş verənlərə etiraz edən, qanunsuzluqdan əziyyət çəkən, məhkəmələrdə ədalət tapa bilməyən hər bir vətəndaş bu mitinqdə iştirak etməlidir. Çünki, bu mitinq ölkədəki idarəetməyə etiraz mitinqidir. Ona görə də insanlar bir yerdə, öz tələblərini dilə gətirməlidilər”.

“Xanımlar da bu ölkənin taleyinə görə cavabdehlik daşıyırlar”



AXCP sədrinin müavini Gözəl Bayramlı: “Azərbaycanda söz azadlığına, insan hüquqlarına hörmət edən hər kəs bu mitinqdə iştirak etməli, siyasi məhbuslara azadlıq tələb etməlidir. Xüsusi olaraq, Azərbaycanın xanımlarına müraciət edirəm. Bu mitinqə qoşulsunlar, onlar fikirləşməsinlər ki, mitinqə gəlmək xanımların işi deyil. Xanımlar da bu ölkənin taleyinə görə cavabdehlik daşıyırlar. Mitinqə gəlməklə siyasi məhbusların azadlığa buraxılmasında həlledici rol oynaya bilərlər”.

"Bu basqılara etiraz etmək vacibdir və borcdur"



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli: “Mitinq məqsəd deyil, vasitədir. Biz də Konstitusiyanın bizə verdiyi imkanlardan istifadə edərək qanunsuzluğa, ədalətsizliyə etiraz edirik. Bügün insanlar günahsız yerə həbs olunur, həbs olunanlara işgəncə verilir və bütün bunlar cəmiyyətin boynuna vəzifə qoyur. Hesab edirik demokratik düşərgəyə qarşı bu basqılara etiraz etmək vacibdir və borcdur. Bütün bu haqsızlıqları görən, özünü Azərbaycan vətəndaşı hesab edən hər bir şəxs biganə qalmamalı, bu mitinqdə iştirak etməlidir”.

"Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməlidir"



Milli Şura üzvü, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov: “İnsan bütün şüurlu həyatını zülmlə mübarizəyə həsr etməlidir. Bu ölkədə uzun illərdi repressiyalar həyata keçirilir və ziyalılar, hüquq müdafiəçiləri, jurnalistlər, ilahiyyatçılar qondarma ittihamlarla həbs olunur. Bu ölkədə vergidən yayınmayan məmur yoxdur. Ancaq həbs olunanlar ”vergidən yayınma", “vətənə xəyanət” ittihamları ilə həbs olunur. Bütün dəyərlər tapdaq edilib, ədalətsizlik ən yüksək həddə çatıb və ölkə vətəndaşları bu prosesə etirazını bildirməlidir. Mən mitinq qərarını dəstəkləyirəm, zəruri hesab edirəm. Xalqımız bu şərtlər daxilində yaşamağı qəbul etməməli, bu qanunsuzluqlardan bezdiyini bildirməlidir. Bu ölkədə heç kim sığortalanmayıb və istənilən adamı şərləyib həbs edə bilərlər. Düşünürəm ki, vətəndaşlarımız mitinqdə iştirak edəcək və susqunluğa son qoyacaq".

“Bu aksiya xalqın taleyi üçün vacibdir”



Məhşur dissident Nadir Ağayev: “Mən Respublika ictimaiyyətindən xahiş edirəm 12 oktyabr mitinqinə gəlsinlər. Bu aksiya Azərbaycan xalqının taleyi üçün vacib məsələlərdən biridir. Qanunsuz həbs olunanlarla bağlı mübarizədi. Bu hamının başına gələ bilər. Indi elə bir dövrdə yaşayırıq ki, heç kim qarantiya verə bilməz ki, həmin qanunsuz həbslər onun başına gəlməyəcək. Bu həbslər başlayıb və günü-gündən də artır. Bunun qarşısını almaq üçün xalqın birliyi, mübarizəsi lazımdır. Azərbaycan xalqından, xüsusən də gənclərdən xahiş edirəm hamı mitinqə qatılsın”.

"İnsanlara həqiqəti çatdırmaq vacibdir"



Tanınmış vəkil Fəxrəddin Mehdiyev: “Mən Milli Şuranın mitinq qərarını müsbət qiymətləndirirəm. Bildiyiniz kimi, bu adamların günahsızlığı məhkəmə proseslərində sübuta yetirilib. Sadəcə olaraq ittihamlar qondarma, hökmlər sifarişli olduğuna görə həmin şəxslər həbsdə qalıblar. Ona görə də baş verənləri ictimailəşdirmək, insanlara həqiqəti çatdırmaq vacibdir”.

"Bu mitinqi yüksək qiymətləndirirəm"



Tanımış hüquqşünas Fuad Ağayev: “Azərbaycan vətəndaşlarının azad toplaşmaq hüququ var və bu hüquqdan istifadə etmək lazımdır. Ölkədə insan hüquqları problemi var və siyasi baxışlarına görə həbs olunanların sayının artdığı bir dövrdə insanlar öz etiraz səslərini ucaltmalıdılar. Mən bu mitinqi yüksək qiymətləndirirəm və hesab edirəm ki, mitinqin keçirilməsi üçün bütün şərait yaradılmalıdır”.

"Siyasi məhbusların hüquqi müdafiədən başqa, ictimai müdafiəyə də ehtiyacı var"



Tanınmış hüquq müdafiəçisi Əsabəli Mustafayev: “Düşünürəm ki, siyasi məhbusların hüquqi müdafiədən başqa, ictimai müdafiəyə də ehtiyacı var. Ictimai müdafiəni də ictimaiyyətin müxtəlif təbəqələri həyata keçirir və bu etiraz aksiyasının bir forması da mitinqlərdir. Mən vəkil kimi bu mitinqin keçirilməsində maraqlıyam və müdafiə etdiyim şəxslərin azadlığı üçün atılan bütün addımları müsbət qiymətləndirirəm. Ümid edirəm ki, bu etiraz aksiyasının təsiri olacaq və həbs olunmuş şəxslər azadlığa çıxacaq”.

"Bu. həm də həbsdə olan insanlar üçün mənəvi dayaq deməkdir"



Vəkil Bəhruz Bayramov: “Təbii ki, bu gün siyasi məhbus adlandırılan şəxslər əsassız ittihamlarla həbs olunub. Bu insanlara azadlıq tələb etmək, onların taleyinə biganə qalmamaq müsbət haldır. Bu. həm də həbsdə olan insanlar üçün mənəvi dayaq deməkdir. Ona görə də mən bu mitinqi önəmli hesab edirəm”.

"Bu mitinqi alqışlamaq lazımdır"



Vəkil Elçin Qəmbərov da hesab edir ki, bu istiqamətdə atılan addımlar dəstəklənməlidir: “Bu gün siyasi partiya nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər həbsdədir və bu adamların ciddi müdafiəyə ehtiyacı var. Düşünürəm ki, ölkə ictmaiyyəti də baş verənlərə münasibət bildirməli və öz etirazını ifadə etməlidir. Bu həm də siyasi məhbuslar üçün psixoloji stimuldu. Onlar da görürlər ki, azadlıqda olan insanlar onları unutmayıb, onların azadlığı üçün mübarizə aparırlar. Hətta, bu mitinq möhtəşəm alınmasa belə, bunu alqışlamaq lazımdır”.

“Insanların mitinqlərə çıxmasına, etirazını bildirməsinə zəruri ehtiyac var”



Leyla Yunusun vəkili Əlayif Həsənov: “Siyasi səbəblərdən həbs edilmiş şəxslərin hüquqlarını məhkəmə səviyyəsində müdafiə etmək mümkün olmur. Hakimiyyət bu şəxslərin qanun əsasında müdafiəsinə hər hansı şərait yaratmır, məhkəmələr bir qayda olaraq sifarişli aparılır, hər hansı prosedur gözlənilmir, ibtidai araşdırma orqanı bütün siyasi səbəblərdən həbs edilmiş şəxslərdən hər hansı bir qanun-qayda gözləmirlər. Eləcə də mülkiyyət hüquqları pozulan vətəndaşların hüquqlarının müdafiəsi sahəsində hazırda qanuni addımlar atmaq müşkül məsələdir. Ona görə də insanların mitinq vasitəsilə mübarizə aparmasına, mitinqlərə çıxmasına, etiraz bildirməsinə çox zəruri ehtiyac var”.

«Aksiyaya qatılmaq vicdan məhbuslarına böyük dəstəkdir»



Hüquq müdafiəçisi Samir Kazımlı: "Hazırda Azərbaycan həbsxanalarında yüzlərlə siyasi və vicdan məhbusu var. Həmin şəxslərin ölkədə azad və ədalətli cəmiyyətin qurulması istiqamətində fəaliyyət göstərdiklərinə görə həbs ediliblər. Hər bir azərbaycanlı öz ölkəsinin azad və ədalətli olmasını arzulayır. Bu o deməkdir ki, bu gün həbsdə olan vicdan və siyasi məhbuslar hər bir azərbaycanlının gözəl arzularını həyata keçirmək üçün həbsə düşüblər. Həbsdə olan şəxs üçün azadlığa çıxmaq ən gözəl arzudur. Siyasi və vicdan məhbusları ölkə vətəndaşlarının arzularının gerçəkləşməsi üçün çalışdıqları kimi, ölkə vətəndaşları da siyasi məhbusların azadlığa çıxması üçün bacardıqlarını etmələri yaxşı olar. Bunun üçün onlar siyasi məhbusların azadlıq tələbi ilə ayın12-nə təyin edilən mitinqdə iştirak etsələr, öz vətəndaş borclarını yerinə yetirmiş, siyasi və vicdan məhbuslarına böyük dəstək nümayiş etdirmiş olarlar. Mən hər bir vətəndaşı onların hüquqlarını qoruyan, ölkəmizin azad və ədalətli olması üçün çalışan şəxslərə dəstək olmağa, onların azad edilməsi üçün təyin olunan mitinqə gəlməyə səsləyirəm”.

”Xural" oxucularını mitinqə dəvət edirik"



Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı: “Mitinqin keçirilməsini dəstəkləyirik, təşəbbüskarları və təşkilatçıları dəstəkləyirik. Bütün siyasi və vicdan məhbuslarının azad olunmasını istəyirik. Əvəz Zeynallının dəstəkləyənləri, ”Xural" oxucularını mitinqə dəvət edirik".

«Siyasi məhbusların azad edilməsini tələb edəcəyik»



«Azadlıq» qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev: «Azərbaycanda son aylarda çoxlu sayda günahsız insan həbs edilib. Bu həbslər bizim ailədən də yan keçməyib. Bu mitinqdə biz başqaları ilə birlikdə bütün siyasi məhbusların azad edilməsini tələb edəcəyik».

«Ölkənin gələcəyi üçün çalışanlara dəstək olmağa çağırıram»



Vicdan məhbusu Anar Məmmədlinin atası Asəf Məmmədov: “Öncə qeyd etmək istəyirəm ki, Anar və hazırda həbsdə olan digər siyasi məhbuslar ölkədə insan haqlarının qorunması, azad və ədalətli cəmiyyətin qurulması üçün çalışdıqlarına görə həbs ediliblər. Yəni onlar ölkə vətəndaşlarının yaxşı ölkədə yaşamalarına çalışdıqları üçün siyasi sifarışlə, ədalətsiz məhkəmə qərarları ilə həbsə atılıblar. Buna görə də mən bir vicdan məhbusunun atası kimi ölkə vətəndaşlarına müraciət edərək ayın 12-də keçirilən mitinqə gəlmələrini və həbsdə olan, Azarbaycanın gələcəyi üçün çalışan insanlara dəstək olmalarını xahiş edirəm. Onlar vicdan və siyasi məhbuslara dəstək olmaqla vicdanları qarşısında böyük bir iş görmüş olarlar”.

Tofiq Yaqublu aksiyanı dəstəkləyir



Siyasi məhbus Tofiq Yaqublunun ailəsindən bildirdilər ki, ailəvi şəkildə aksiyaya qatılmaq niyyətindədirlər. Çünki Milli Şuranın təşəbbüsü ilə keçirilən aksiya ölkədəki siyasi məhbus problemini gündəmə gətirməklə onun tez bir zamanda həllinə yönəlib. Bundan başqa siyasi məhbusun ailəsindən bizə bildirdilər ki, T.Yaqublunun oktyabrın 12-də keçirilən aksiyadan xəbəri var və o, bu addımı təqdir edir.

«Bütün cəmiyyəti düşündürən problem»



Siyasi məhbus Pərviz Həşimlinin xanımı İlahə Rüstəmova:. «Əlbətdə ki, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya siyasi məhbus probleminə diqqətdir və bu məsələnin həllinə yalnız töhvə verə bilər, Bu məsələ təkcə bizi, məhbus ailələrini deyil, bütün cəmiyyəti düşündürür», deyə İ.Rüstəmova vurğuladı.

«Aksiyaya borcumu yerinə yetirməyə gedəcəm»



Siyasi məhbus İntiqam Əliyevin oğlu Nəcmin Kamal da aksiyada ön sıralarda olacağını bildirdi. Amma o, bu aksiyaya atasının hazırda siyasi motivlərlə həbsdə olması üzündən deyil, bir vətəndaşlıq borcunu yerinə yetirmək üçün qatılacağını söylədi. Ölkədəki hazırda formalaşan siyasi situasiyada «siyasi məhbuslara azadlıq» tələbi ilə aksiyanın keçirilməsinin zamanında qəbul olunan qərar sayan N.Kamal vurğuladı ki, siyasi məhbus problemi cəmiyyəti düşündürən problemlərdən biridir : «Mən aksiyaya qatılacam. Amma aksiyaya siyasi məhbus ailəsinin üzvü kimi yox, hakimiyyətin repressiv siyasətinə etiraz edən vətəndaş kimi borcumu yerinə yetirməyə gedəcəm».

«Hər bir vətəndaş sərbəst şəkildə mövqeyini bildirə bilər»



Siyasi məhbus, ilahiyyatçı Tale Bağırzadənin yaxını, hüquq müdafiəçisi Emin Rahiloğlu bildirdi ki, T.Bağırzadənin aksiya barədə qərardan və tələblərdən xəbəri var. T.Bağırzadənin «siyasi məhbuslara azadlıq» aksiyasını dəstəklədiyini deyən E.Rahioğlu vurğuladı ki, sərbəst toplaşmaq hüququ hər kəsin haqqıdır: «Hər bir vətəndaş azad şəkildə aksiyalarda iştirak edə bilər. Bu bizim qanuni hüququmuzdur. Hər bir vətəndaş sərbəst şəkildə mövqeyini bildirə bilər. Amma təəssüf ki, bu hüququn təmini ciddi problemlərlə üz-üzədir».

“Hüququn olmadığı ölkədə heç bir vətəndaşın həyatı sığortalanmayıb”



AXCP Gənclər Komitəsinin Idarə Heyətinin üzvü Nihad Hüseyn:
“Həmişə olduğu kimi bu mitinqdə də cəbhəçi gənclər öndə olacaq. Biz bu mitinqdə iştirak etməyi vətəndaşlıq borcu hesab edirik. Bu gün həbsdə olan insanlar ədalətsizliyə qarşı mübarizə apardıqlarına görə, ölkədə demokratiyanın bərpa edilməsi üçün həbsdədilər. Ona görə də biz bu həbslərə biganə qala bilmərik və bu mitinqin təbliğatını aparırıq. Gənclərimiz mitinq hazırlıqlarını uğurla davam etdirirlər, yüksək əhval-ruhiyyə var və ümid edirik ki, ölkə vətəndaşları mitinqdə fəal iştirak edəcək. Hüququn olmadığı ölkədə heç bir vətəndaşın həyatı sığortalanmayıb. Gənclər də bu ölkənin gələcəyidir və sığortalı həyat üçün demokratik sistem bərqərar olmalıdır. Ölkə gəncliyinə demək istəyirik ki, öz gələcəyinizə biganə qalmayın və bu ölkəni ədalətsiz insanların ixtiyarına buraxmayın.

“Mitinqə qatılmaqla biz siyasi məhbuslara onların tək olmadığını nümayiş etdirə bilərik”



Gənc fəal Cəmil Hacıyev: “Milli Şuranın elan elədiyi vicdan məhbuslarına dəstək mitinqində iştirak etmək hər bir vətəndaşın borcudur. Bizi tanıyan və tanımayan hər bir vicdanlı vətəndaşa çağırışımız ondan ibarətdir ki, Azərbaycanın gələcəyi, ölkədə demokratiyanın bərqərar olması üçün həyatının gözəl anlarını məhbəsdə keçirən vicdan məhbuslarına dəstək olmalıyıq. Mitinqə qatılmaqla biz siyasi məhbuslara onların tək olmadığını nümayiş etdirə bilərik”.

“Bu ölkənin gələcəyinə biganə qalmayan gəncləri mitinqdə iştiraka çağırıram”



Gənc fəal Ülvi Həsənli: “Bu gün ölkədə ən ciddi problemlərdən biri siyasi məhbuslar məsələsidir. Istintaqlardan, məhkəmələrdən görünür ki, hökumət dayanmaq istəmir. Biz düşərgə olaraq buna reaksiya verməliyik. Bütün gəncləri, tələbələri, ümumiyyətlə, bu ölkənin gələcəyinə biganə qalmayan gəncləri mitinqdə iştiraka çağırıram. Mitinq Bakı Şəhər Icra Hakimiyyətiylə razılaşdırılıb. Mitinqə gəlməklə hökumətə müqavimətimizi, beynəlxalq təşkilatlara isə cəmiyyətin ölmədiyini göstərə bilərik.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.