Etibar Hüseynovla Aydın Mirzəzadədən bir-birinə ittihamlar

12-10-2014, 19:34   
Etibar Hüseynovla Aydın Mirzəzadədən bir-birinə ittihamlar

Deputat Etibar Hüseynovla Aydın Mirzəzadə “facebook” üzərindən bir-birilə dalaşıblar.

Lent.az-ın xəbərinə görə, deputat E. Hüseynov özünün “facebook”dakı səhifəsində bir sürü qoyun şəkli paylaşaraq “Məhsul stadionuna getməyi unutma...” qeydini yazıb.

Aydın Mirzəzadə isə deputat həmkarının bu şərhinə yenə də social şəbəkədə etirazını bildirib: “Bu gün həmkarım Etibar Hüseynov saat 15:00-da “Məhsul” stadionunda mitinqdə iştirak edən şəxslər barədə aşağılayıcı şərh yazıb. Mən onun bu sözlərinə etirazımı bildirirəm. Kimin nə siyasi əqidədə olmasından asılı olmayaraq onun şəxsiyyətinə toxunmaq, onu aşağılamaq olmaz. Mən mitinqçilərin fikri və şüarları ilə razı deyiləm və həmişə onlarla siyasi polemikada olacağam.

Ancaq Azərbaycan hüquqi, demokratik ölkədir və hər kəsin sərbəst düşünmə və qanunla qadağan edilməyən siyasi mövqe tutmaq hüququ vardır. Dövlətimiz bu hüquqların təminatçısıdır, məhz belə aksiyada hər kəsin həm hüququ qorunur, həm də hər bir iddialı siyasi qüvvənin gücü görünür”.

E. Hüseynov isə A. Mirzəzadəyə də eyni tonda cavab verib: “Artıq neçənci dəfədir ki, jurnalistlər arasında “hərşeyşünas” kimi tanınan Aydın Mirzəzadə mənim çıxışlarımı şərh edir, ağıl verir, yol göstərir. Bu adam hələ də anlamır ki, Etibar Hüseynov YAP üzvü deyil, müstəqil deputatdır və onun da öz fikrini müstəqil şəkildə ifadə etmək hüququ var. Elə isə bu adamın hansı haqla mənə təkidlə ağıl verməyə cürət etməsini anlaya bilmirəm. İndiyə qədər bir dəfə də olsun Aydın Mirzəzadənin hansısa YAP üzvünün barəsində bir tənqidi çıxışının və ya iradının şahidi olmamişam. Baxmayaraq ki, YAP üzvləri arasında da müxalifət düşərgəsini məndən də sərt şəkildə tənqid edənlər var.


Əksinə, bu adam əksər hallarda bir çox vəzifə sahiblərinin, deputatların nəinki özlərini, hətta onların ərköyün, dəymədüşər balalarının bir çox xoşagəlməz əməllərini belə riyakar və yaltaqcasına müdafiə eləyib. Ona görə də dərinə getmək istəmirəm. Sadəcə yerinizi və həddinizi bilin Aydın Mirzəzadə”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.